Masallıda “Ailə Akademiyası” layihəsi çərçivəsində regional tədbir
30 yanvar 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin reallaşdırdığı “Ailə Akademiyası” layihəsi çərçivəsində regional tədbir keçirilmişdir.
Tədbirdə Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Lənkəran və Astara rayonlarının yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.
Toplantını giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova bildirib ki, ailə cəmiyyətin fundamental hissəsidir və Azərbaycanda ailə dəyərləri çox yüksək qiymətləndirilir.
A.Qafarova “Ailə Akademiyası” layihəsinin xüsusilə də gənc nəslin maariflənməsində xüsusi rola malik olacağını diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələr barədə məlumat verib.
“Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu qeyd edən A.Sofiyeva layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb. O, layihənin əsas hədəfinin gənclər, yeni qurulan ailələr və sosial fəaliyyəti zəif olan insanlar olduğunu bildirib.
Ölkəmizdə ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət proqramlarından, qəbul edilən qanunlardan danışan A.Sofiyeva diqqətə çatdırıb ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib, milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlayır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova “Ailə Akademiyası” layihəsi barədə təqdimatla çıxış edib.
AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə layihənin əhəmiyyətini yüksək dəyərləndirərək, gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının gələcək sağlam ailələrin formalaşmasında əhəmiyyətini vurğulayıb.
Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Çingiz Cavadov çıxışında Azərbaycanda dövlət-ailə siyasətinin uğurla həyata keçirildiyini bildirib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının təklifləri dinlənilib, suallar cavablandırılıb.
Masallının Sığdaş kəndindən Əsmər Adıgözəlovaya rayon icra hakimiyyətinin nümunəvi gənc ailə üçün hədiyyəsi təqdim olunub.
“Ailə Akademiyası” layihəsi çərçivəsində regional tədbir Masallı şəhərindəki Gənclər Mərkəzində davam etdirilib.