Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabatı

31 yanvar 2018 | 16:00

           31 yanvar 2018-ci il tarixdə Masallı şəhər ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında məruzə ilə çıxış edən K. Mazanov qeyd etmişdir ki, 2017-ci il Azərbaycan üçün sürətli və uğurlu inkişaf ili olmuşdur. Siyasi və iqtisadi sabitlik hökm sürən ölkəmizdə istər iqtisadiyyatda, istərsə də ictimai-siyasi həyatın bütün sahələrində pozitiv dəyişikliklər baş vermişdir. Belə ki, Azərbaycanda bir sıra müxtəlif irimiqyaslı tədbirlər, o cümlədən IV İslam Həmrəyliyi Oyunları keçirildi. Daxili və xarici siyasətdə bir sıra nailiyyətlər əldə olundu. Ölkə iqtisadiyyatında mühüm islahatlar aparıldı. Azərbaycanın təşəbbüskarı olduğu "Cənub Qaz Dəhlizi"nin tərkib hissələri olan TANAP və TAP qaz boru kəmərlərinin inşası layihəsinin uğurla davam etdirilməsi, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət etmişdir.

         Son illərdə Masallı şəhərində çox geniş abadlıq, tikinti-quruculuq işləri, dövlət layihələri həyata keçirilmişdir . Qısa müddət ərzində Masallı şəhərinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, yeni təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonuna dəfələrlə səfər etmişdir. Cənab Prezident səfərləri çərçivəsində rayon ərazisində aparılan abadlıq, tikinti-quruculuq işləri ilə həmişə yaxından tanış olmuş və görülmüş işləri yüksək qiymətləndirmişdir. Şəhərimizdə görülmüş və görüləcək bütün işlərə görə Masallı sakinləri adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Masallı rayon İcra hakimyyətinin başçısı cənab Rafil Hüseynova minnətdarlığımızı bildiririk.
  Ümumi ərazisi2554 ha olan Masallı şəhərində 26008 nəfər əhali, 5010 təsərrüfat və 7252 yaşayış evi vardır.
         Nümayəndəlik ötən il ərzində işini yerli icra hakimiyyəti haqqında əsasnaməyə uyğun olaraq qurmuşdur. Masallı rayon İcra Hakimiyyətinin Başçısının bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirməyə çalışmışdır. Nümayəndəlik öz vəzifə və səlahiyyətləri çərçivəsində ərazidə fəaliyyət göstərən bələdiyyə və dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti təmin etmək üçün təsdiq edilmiş illik, rüblük iş planları hazırlamış və həmin təşkilatlarla qarşılıqlı fəaliyyət göstərmişdir.
            2017-ci ilin əvvəlində nümayəndəlikdə sənədlərin nomenklaturasına uyğun olaraq sənədlərin qeydiyyatı kitabları hazırlanmış, səhifələnmiş, surqurclanmış və təsdiq edilmişdir. Sənədlərin saxlanılması üçün iş qovluqları hazırlanmış, kargüzarlıq xidmətinə xüsusi diqqət artırılmışdır.
            Ötən il ərzində təsərrüfat üzvləri haqqında məlumatların əldə edilməsi məqsədilə sakinlərin yaşadığı ünvanlara gedilmiş, fərdi qaydada söhbətlər aparılmışdır. Ərazidə olan fərdi yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır. Əldə olunmuş məlumatlar təsərrüfatbaşına  kitablara və kompyuterə işlənilmişdir.
            Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat dövründə 15 əmr və 44 sərəncam verilmişdir. Verilmiş əmrlər tender komissiyasının yaradılması, işçilərin məzuniyyətə   buraxılması və mükafatlandırılması ilə bağlı olmuşdur. Sərəncamlar isə rayon icra hakimiyyəti başçısının əmr və sərəncamlarından irəli gələn məsələlərin yerinə yetirilməsi, tarixi gün və bayramların qeyd olunması, ərazidə abadlıq quruculuq işlərinin aparılması, qanunsuz tikililərin qarşısının alınması, təsərrüfatdan ayırmalar, vəzifə bölgüsünün aparılması, həqiqi hərbi xidmətə çağırışın yerinə yetirilməsi və s. məsələlərlə bağlı olmuşdur. Verilmiş əmr və sərəncamların icrasına tam nəzarət edilmiş, irəli gələn vəzifələrin həll edilməsinə səy göstərilmişdir.
            2017-ci ildə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə idarə, təşkilat və müəssisələrdən 72 müraciət daxil olmuşdur. İdarə, təşkilat və müəssisələrdən daxil olan müraciətlər əsasən Məhkəmə icraçılarından, Polis, Prokurorluq orqanlarından və digər təşkilatlardan olmuşdur. İdarə, təşkilat və müəssisələrdən daxil olan müraciətlərə baxılmış, vaxtında cavab məktubları göndərilmiş və yekun arayışlar hazırlanaraq işə alınmışdır. 
            Vətəndaşların müraciətinə baxılması, araşdırılması və nəticəsi barədə hesabat məruzəsinə əlavə olaraq Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Fərid Novruzov daha geniş məlumat verəcəkdir.
             Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları Respublikanın bütün bölgələrində olduğu kimi Masallı rayonunda da uğurla həyata keçirilməkdədir.
            2017-ci il ərzində şəhər inzibati ərazi dairəsində aparılan təmir tikinti, abadlıq və kommunal xidməti işləri davamlı olaraq həyata keçirilmişdir.
            2016-cı il tarixdə aparılan əsaslı abadlıq-quruculuq işlərinin davamı olaraq 2017-ci ildə də Masallı şəhərində bir çox mühüm işlər həyata keçirilmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Masallı rayonuna 03 sentyabr 2016-cı il tarixli səfərindən sonra şəhər ərazisində çoxmənzilli yaşayış binalarının dam örtüyünün və fasadının təmir olunmasından ötrü müvafiq sərəncm imzalamışdır. 2016-cı ilin sonundan başlayaraq tərtib olunmuş smeta sənədlərinə əsasən Masallı şəhəri ərazisində Heydər Əliyev prospektində 19, Qarabağ küçəsində 4, C.Cabbarlı küçəsində 2, Z.Əliyeva küçəsində 1 və Xətai küçəsində 1 çoxmənzilli yaşayış evində təmir işlərinə start verilmişdir. Təmir işləri nəzərdə tutulmuş binalardan 11 ədədi 2 mərtəbəli, 11 ədədi 4 mərtəbəli və 5 ədədi isə 5 mərtəbəlidir.
            Qeyd olunduğu kimi 2432 nəfər sakinin yaşadığı 27 coxmənzilli yaşayış binalarında təmir işlərinə 2016-cı ilin sonlarından start verilmiş və hava şəraiti ilə əlaqədar ilk növbədə dam örtüklərinin yenidən qurulmasına başlanılmış, binaların giriş bloklarında və zirzəmilərində təmir işləri görülmüşdür. Eyni zamanda şəhərin H.Əliyev prospekti ilə Qarabağ küçəsi arasında yerləşən ərazidə yaşayış binalarının yerləşdiyi həyətlərdə də abadlıq işlərinə start verilmişdir.
            Bildiririk ki, H.Əliyev prospektində yerləşən 19 binanın, Qarabag küçəsində yerləşən 4 binanın, C.Cabbarlı küçəsində yerləşən 2 binanın fasadları dekostan boyası ilə rənglənmiş, giriş blokları yenidən qurulmuş, elektrik rabitə, xətləri yenilənmiş işıqlandırma sistemi yaradılmış, divarlar rənglənmiş, pilləkənlər və meydançalara metlax döşənmişdir. Binaların bütün giriş bloklarındakı mühəccərlər yenidən qurulmuş və rənglənmiş, girişlərə dəmir qapılar quraşdırılmışdır. Podratçı təşkilat tərəfindən binaların zirzəmilərində olan qurunt suları kənarlaşdırılmış, beton örtük vurulmuş və zirzəmidə olan kanalizasiya şəbəkəsi təmir edilmişdir. Binaların bloklarında bütün pəncərələr dəyişdirilmiş, zirzəmi hissədə dəmir qapılar qoyulmuşdur. Bu binaların ərazisində binalar arası yollara asfalt örtüyü vurulmuşdur. Eyni zamanda binalar arası həyətlərə yolların kənarı ilə yeni işıqlandırma sistemi qurulmuş, 70-ə yaxın işıq dirəyi quraşdırılmışdır. İşlərin gedişində binaların hamısına içməli su xətti cəkilmiş mənzillərin giriş bloklarında su sayğaclar quraşdırılmışdır.
            Z.Əliyeva küçəsində yerləşən 4 saylı 36 mənzilli yaşayış binasının dam örtüyündə təmir işləri görülmüş giriş bloklarının divarları rənglənmiş, Xətai küçəsindəki 8 saylı yaşayış binasının isə griş bloklarının divarları və fasad hissəsi rənglənmişdir. Qarabağ küçəsi 10, 12, 13 və 31 saylı 4 mərtəbəli yaşayış binalarının dam örtüyü tam olaraq yenidən qurulmuşdur. Bundan əlavə H.Əliyev prospekti 37, 39, 41 saylı, H.Aslanov küçəsi 26 saylı, C.Cabbarlı küçəsi 24, 25, 26, 29, 30 saylı, Qurtuluş küçəsi 105, 107, 113, 162 və 164 saylı kommunal binaların dam örtüyündə əsaslı təmir işləri aparılmışdır.
            Abadlıq işləri aparılarkən 4000 kvm-ə yaxın ərazi kolluqdan təmizlənmiş, yeni yaşıllıq zonalarının yaradılmasından ötrü əraziyə 300 maşına yaxın torpaq materialı verilərək hamarlanmışdır. Ərazidə 105 ədəd özbaşına inşa edilmiş qaraj, 16 ədəd anbar tipli tikili sökülmüş, sakinlər tərəfindən quraşdırılmış 25 ədəd toyuq saxlanc yerləri təmizlənərək kənarlaşdırılmışdır. Aparılan abadlıq işlərinin gedişində ərazidə qanunsuz olaraq torpaq sahələrinin zəbt edilməsi və tikinti işlərinin aparılması faktı müəyyən edilmiş və bununla bağlı həmin tikintilərin sökülməsindən ötrü aidiyyəti olaraq Azərbaycan Respublikasının FHN-nə müraciət edilmişdir.
            Şəhərin H.Əliyev prospektində yağış sularının kənarlaşdırılması məqsədi ilə uzunluğu 750 p/m olan açıq drenaj şəbəkəsi qurulmuş, betonlanmış keçidlərə borular atılmışdır. Həmin suların ümumi açıq kanallara ötürülməsindən ötrü müvafiq işlər aparılır.
            Z.Əliyeva küçəsinin 350 metrlik hissəsi   yenidən qurulmuş, bardur, səki və hasarlar   təmir edilmiş yaşıllıq zolaqları salınmışdır. Əraziyə asfalt örtük döşənmiş, küçəyə 18 ədəd işıq dirəyi quraşdırılmışdır.
            Ümumi uzunluğu 1450 metr olan Digah küçəsində 2680 p/m bardur düzülmüş, səkilərə 4800 kvm asfalt örtük döşənmiş, küçəyə 58 ədəd yeni işıq dirəyi quraşdırılmışdır.
            Ötən il ərzində şəhərin H.Əliyev prospekti, M.Füzuli, H.Aslanov, Digah, S.Vurğun, Qurtuluş və Dadva küçələrinin ümumilikdə 30000 m 2 yaxın sahəsində asfalt örtüyünün təmiri işləri görülmüş, Kosakül və Seybətin yoluna ümumi 42 şaqman maşını ilə çınqıl verilərək qreyderlə hamarlanmışdır.
            Bildiyimiz kimi Masallı rayonunda Sənaye Məhəlləsinin yaradılması ilə bağlı respublika Prezidentinin müvafiq Sərəncamından sonra bu məqsədlə ayrılmış torpaq sahəsində tikinti işlərinə start verilmiş və hazırda bu işlər surətlə davam etdirilməkdədir.
            Bildiririk ki, Viləş çayının şəhər ərazisindən keçən hissəsində park-bulvar kompleksinin salınması məqsədi ilə tikintisinə başlanılmış beton bənd işləri də bu müddət ərzində davam etdirilmişdir. Hazırki dövr üçün ümumi uzunluğu 750 p/m olan beton bəndin 600 metrlik hissəsində beton işləri yekunlaşmış, keçid körpü salınmış və ərazidə abadlıq işləri davam etdirilir.
            Keçən il ərzində şəhərin içməli su sisteminin və eyni zamanda kanalizasiya sisteminin qurulması layihəsi çərçivəsində işlər də davam etdirilmişdir. Su sisteminin açılışından sonra şəhər ərazisində abonentlərə suyun verilməsi ilə bağlı yaranmış qusurlar aradan qaldırılmaqla, sayğacların təhvili prosesi aparılmışdır. Eyni zamanda kanalizasiya sisteminin yekunlaşması isitiqamətində də podratçı şirkət tərəfindən müvafiq işlər görülmüşdür. Qazıntı zamanı yararsız hala salınmış yollar mütəmadi olaraq şirkət tərəfindən daşlanmışdır.
            Əlavə olaraq bildiririk ki, şəhərin küçə və prospektinin işıqlandırma sisteminin saz vəziyyətdə saxlanılmasından ötrü keçən dövr ərzində müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, şəhərin Heydər Əliyev prospektində, M.Füzuli, Azərbaycan, Z.Əliyeva, Dadva, H.Aslanov və Qarabağ küçələrində 1500 metr uzunluğunda zədələnmiş və sıradan çıxmış kabel yenisi ilə əvəz olunmuş, 650 ədəd müxtəlif ölçülü lampa dəyişdirilmiş, 70 komplekt drossel lampası ilə birlikdə yenilənmişdir.
            Ötən il ərzində Masallı Mənzil Kommunal Təsərrüfatı birliyi öz fəaliyyətini xeyli genişləndirmişdir. Belə ki, birlik tərəfindən süpürülən sahə 340950 kvm,   yaşıllıq sahə isə 32280 kvm-ə çatdırılmışdır. Salınmış yaşıllıq sahə xüsusi ilə də isti dövrlərdə suvarılması, biçilməsi   eyni zamanda onlara aqrotexniki qaydada qulluq edilməsi birliyin işçiləri tərəfindən olduqca mütəşəkkil qaydada aparılır. Şəhər ərazisində olan 1168 işıq dirəyi (2320 işıq nöqtəsi) vardır ki, birlik tərəfindən mütəmadi olaraq xidmət göstərilməkdədir. Birliyin balansında olan 5 ədəd texnika vasitəsi ilə şəhər ərazisindən hər gün 15-20 ton olmaqla məişət tullantısı daşınaraq zərərsizləşdirilir.
            Azərbaycan Respublikasının Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə təmirinə başlanılmış Masallı Rayon Mərkəzi Xəstəxanası ötən ildə əsaslı təmirdən sonra əhalinin istifadəsinə verilmişdir. Xəstəxana keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunmuşdur. Bu tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verəcəkdir.
         Masallı şəhərinin Füzuli küçəsində yerləşən və XIX əsrə aid olan Cümə məscidi ötən ildən başlayaraq daxili imkanlar hesabına əsaslı təmirə dayandırılmışdır. Hal-hazırda məsciddə işlər yüksək səviyyədə davam etdirilir. 
          Ötən il ərazimizdə elektrik enerjisi və təbii qazın verilməsində ciddi problemlər yaranmamışdır. Lakin qış mövsümündə hava şəraitinin kəskin olması ilə əlaqədar elektrik enerjisində qısa fasilələr yaransada bu hal tez bir zamanda bərpa edilmişdir. Ümumilikdə əhali fasizləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin edilmişdir.
                        “Azərbaycan   Respublikasında dövlət dili haqqında” Qanunun müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə şəhər bələdiyyəsi ilə birlikdə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununu və Masallı rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamını əldə rəhbər tutaraq, ərazidə fəaliyyət göstərən bütün növ xidmət sahələrinin adlarında, reklam lövhələrində Azərbaycan dilinin işlədilməsinə ciddi nəzarət edilmişdir. Yaranan kişik çatışmamazlıqlar aradan qaldırılmışdır.
          Hesabat dövrü ərzində qanunsuz tikililərin qarşısının alınması, zəbt olunmuş torpaqların azad edilməsi istiqamətində Masallı rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin işçiləri, şəhər bələdiyyəsi ilə birlikdə müntəzəm olaraq işlər aparılmışdır. Ərazidə aparılan tikinti işlərinə nəzarət edilmiş, qanunsuz tikinti işlərinin qarşısı alınmışdır. Qanunsuz tikinti işləri aparan şəxslərə apardığı tikintinin sənədləşdirilməsi üçün rəsmi bildirişlər verilmişdir. Buna əməl etməyən şəxslərin barəsində isə müvafiq aktlar yazılmış və inzibati komissiyaya təqdim edilmişdir.
         Uşaq hüquqlarının müdafiəsi, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran önəmli məsələlərdən olmuşdur. Ötən il ərzində də nümayəndəlik tərəfindən ərazidə azyaşlı qızların erkən nigahının qarşısının alınmasından ötəri ziyalılar, ağsaqqallar, din xadimləri sakinlər arasında marifləndirmə işləri aparmışlar.
         Əhalinin iştirakını nəzərə alaraq vacib olan bir məsələni də qeyd etmək istəyirəm ki, ötən il ərzində şəhər ərazisində mal-qaraların sahibsiz olaraq buraxılması, əsasən Füzuli küçəsində ağacların budanmış hissələrinin, kolların piyada səkilərinin üzərinə yığılması halları müşahidə olunmuşdur. Gördüyünüz kimi şəhər ərazisində abadlıq, tikinti-quruculuq işləri çox geniş şəkildə hər il həyata keçirilir. Şəhərimiz abadlaşır, gözəlləşir.   Bu mal-qaraların sahibsiz buraxılması şəhərin küçə və meydanlarının   çirklənməsinə, əziyyətlə salınmış yaşıllıqların korlanmasına səbəb olur,   ağacların budanmış hissələrinin, kolların piyada səkilərinin üzərinə yığılması həm şəhərin görünüşünə xələl gətirir, həm də ən əsası piyadaların hərəkətinə maneçilik törədir.   Bunun qarşısını almağa çalışırıq və barələrində tədbir görürük, amma bu kifayət etmir. Bu məsələnin həllində ictimai qınağın rolu böyükdür. Mən xahiş edirəm burda iştirak edən ağsaqqallardan, ziyalılardan, gənclərdən, din xadimlərindən bu işdə bir az aktiv olsunlar. Yaşadığınız ərazidə, iştirak etdiyiniz məclislərdə bu barədə də söhbətlərin edilməsi daha yaxşı olardı.
            Masallı şəhər ərazisində 7 tam orta ümumtəhsil məktəbi, 1 litsey və 5 uşaq baxçası yerləşir. Təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2017-ci ildə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhər ərazisində yerləşən orta ümumtəhsil məktəblərində şagirdlərin, baxçalarda isə uşaqların davamiyyəti ilə əlaqədar   mütəmadi olaraq yoxlamalar aparılmışdır. Orta ümumtəhsil məktəblərində aparılmış araşdırma zamanı I-IX   siniflərdə dərsə davamiyyətin yaxşı olması, X-XI siniflərdə isə davamiyyətin qismən aşağı səviyyədə olması müəyyən olunmuşdur.Ötən ildə şəhər ümumtəhsil məktəbləri üzrə 289 şagird məzun olmuş, onlardan 181 nəfəri ali məktəblərə sənəd vermiş və 117 nəfər qəbul imtahanlarından müvəffəqiyyət qazanaraq tələbə adını qazanmışdır.
            2017-ci il ərzində Masallı şəhərində hərbi çağırış yüksək səviyyədə həyata keçirilmişdir. Hərbi xidmət keçmək üçün yaşı düşən hər bir gənc vaxtında hərbi həkim komissiyasından keçmiş və hərbi xidmətə yola salınmışdır. Yola salma mərasimlərində hər bir gəncin valideynləri, yaxınları, dostları iştirak etmiş və onlar yüksək sevinc hisləri ilə hərbi xidmətə yola salınmışlar.
            Masallı rayonunun kənd təsərrüfatı rayonu olmasına baxmayaraq sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait nəticəsində rayonda, o cümlədən şəhər ərazisində sahibkarlıq inkişaf etmiş, bunun nəticəsində sənaye və istehsal müəssisələrinin sayı artmışdır. Belə ki, ölkə və ölkə hüdudlarından kənarda öz istehsalı ilə məşhur olan “EMBAWOOD” mebel fabriki, “Nur-M” konserv zavodu, “Fəxrəddin-K” kərpic zavodu, “Masera” MMC istilikxanası, müxtəlif çörək və şirniyyat sexləri və digər sexlər yaradılmışdır. Adları sadalanan müəssisələrin yaradılması Masallı şəhərində işsizliyin aradan qaldırılması üçün öz müsbət təsirini göstərmişdir.
         Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərindən biri də Masallı şəhərində yaradılmışdır. Masallı şəhər sakini Rəhimov Əhmədağa Məcid oğlu “ABAD” ailəsinin üzvlərindən biridir. İllərdir ki, heyvandarlıq sahəsinə böyük maraq göstərən fermer Əhmədağa Rəhimov əsasən ətlik mal-qara saxlanılmasına diqqət ayırmışdır. “ABAD” tərəfindən ət məhsulları istehsalı avadanlığı ilə təmin olunan Rəhimovlar ailəsi artıq bu gün ən yüksək standartlara uyğun, təmiz, keyfiyyətli və dadlı kolbasa məhsulları hazırlayır. Rəhimovlar ailə təsərrüfatının təqdim etdiyi “Kəndli” kolbasalarının satışı üçün Bakı şəhərinin ən böyük supermarketi olan BRAVO marketlərində yer ayrılmışdır.
            Ötən il Masallı şəhər ərazisində taxıl əkmiş istehsalçılar iyun, iyul aylarında yüksək səviyyədə, itkisiz biçim işi aparmışlar. Ötən ilin noyabr, dekabr aylarında istehsalçılar 320 ha yaxın sahədə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə şumlama işləri aparmışlar. Əkin işi aparılması üçün şumlanmış sahələrdə əsasən taxıl əkilmiş, o cümlədən 190 ha buğda, 35 ha vələmir, 44 ha arpa, 2 ha sarımsaq, 2 ha noxud və qalan sahələrdə isə digər məhsulların əkilməsi nəzərdə tutulmuşdur.
         Masallı şəhər inzibati ərazisində uşaq və gənclərin asudə vaxtın səmərəli təşkili məqsədi ilə bir sıra obyektlər tikilmiş və istifadəyə verilmişdir. Belə ki, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Masallı Olimpiya İdman Kompleksinin, Şahmat məktəbinin, Taekvando, Boks Mərkəzlərinin maddi texniki bazasından ötən ildə idmanın, təhsilin inkişafı naminə geniş istifadə olunmuşdur. 2017-ci ildə inzibati ərazimizdə mötəbər idman tədbirləri, o cümlədən müxtəlif idman növləri üzrə rayon birinciliyi, Respublika əhəmiyyətli turnirlər keçirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə gənclərə, yeniyetmələrə daim göstərdiyi diqqət və qayğı, bu sahəyə olan xüsusi münasibəti hər bir yeniyetməni, gənci, idmançını daha böyük əzm və səylə Azərbaycana, ölkə gəncliyinə və idmana xidmət etməyə ruhlandırır.
            Hesabat dövründə Masallı rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə mütəmadi olaraq əlaqəli işlər aparılmışdır. Belə ki, ərazimizdə baş verən ailə problemləri, qonşu davası, qanunsuz tikintilər, torpaq problemləri və digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin, polis şöbəsinin əməkdaşları, ağsaqqallar, din xadimləri yaxından köməklik göstərmişdir.
            Bildiyiniz kimi bu il ölkəmizdə Azərbaycan Respublikasının Prezident seçkisi   oktyabr ayına təyin olunmuşdur . Bununla əlaqədar olaraq "Yerli icra hakimiyyəti haqqında" əsasnamənin, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatlar dəqiqləşdirilmiş və Dairə Seçki Komissiyasına təqdim edilmişdir. Seçkiqabağı seçki məntəqələrinin tam hazır vəziyyətə gətirilməsinə və seçki məntəqələrinin ərazilərində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yerlərin müəyyən edilməsinə tərəfimizdən ciddi nəzarət olunacaqdır. 
              2018-ci il üçün qarşıya qoyulan bir sıra vəzifələrin icrası durur. Belə ki, mərkəzi kanalizasiya xəttinin istifadəyə verilməsi, Bakı prospektinin və Seybətin küçəsinin abadlaşdırılması, H.Əliyev prospektində, Füzuli, Z.Əliyeva, E.Hüseynov, R.Behbudov, Qarabağ, R.Abbasov, Qurtuluş, Digah, Xətai, Sabir, Azərbaycan, Şəhriyar küçələrində asfalt yolların təmiri və Viləş çay yatağındakı meşə-parkın ərazisinə asfalt örtüyünün vurulması, Azərmətbuatyayımı ASC-nin sifarizşi ilə Masallı şəhəri, Z.Əliyeva küçəsində cəmiyyətin təli-tədris mərkəzinin tikilməsi.
            Masallılılar bütün dövrlərdə dövlətçiliyə, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna sadiq olmuşdur. Bu gündə belədir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyərək Masallılılar bundan sonra da müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsinə və daha da çiçəklənməsinə öz layiqli töhvələrini verəcəkdir.
  Sizi əmin edim ki, nümayəndəlik bundan sonra da şəhərin sosial problemlərinin həll edilməsinə nail olacaq, Sizin verdiyiniz tapşırıq və sərəncamları vaxtında yerinə yetirəcəkdir.

Keçidlər