Hindistanın Azərbaycandakı səfirinin Masallıya səfəri
16 fevral 2018-ci il tarixdə Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana Masallı rayonuna səfər etmişdir.
Masallı Sənaye Məhəlləsində Hindistanlı diplomatla keçirilən görüşdə qonağa rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat verilmişdir.
Görüşdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Hindistanla Azərbaycanın təbiətinin oxşarlığı hər iki ölkənin əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük imkanlar açdığını bildirmişdir.
Masallıda Hindistan mədəniyyəti və incəsənətinə böyük marağın olduğunu vurğulayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan dəmir yolunun istifadəyə verilməsi ilə iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd etmiş, turizm və kənd təsərrüfatı sahəsində mütəxəssis mübadiləsinin faydalı olacağını diqqətə çatdırmışdır.
Görüş zamanı həmçinin rayon rəhbəri rəsmi qonağa Azərbaycan-Hindistan dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində Masallı ilə dost ölkə arasında iqtisadi-mədəni əlaqələrin və əməkdaşlığın qurulmasında, xüsusilə kənd təsərrüfatının - çayçılıq, çəltikçilik və sitrusçuluq bölmələrinin inkişafı ilə bağlı təcrübə mübadiləsində maraqlı olduğunu bildirmişdir.
Görüşdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı xarici investorlar üçün mövcud əlverişli şərait barədə fikir mübadiləsi aparılmışdır.
Hindistanlı diplomat Masallı şəhərində yeni tikilən Sənaye Məhəlləsi ilə ətraflı tanış olmuşdur.
Yüksək qonaqpərvərliyə görə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynova minnətdarlığını bildirən Sanjay Rana qarşılıqlı olaraq bu fikirləri dəstəklədiyini, ikitərəfli əlaqələrin qurulmasında bir səfir kimi bütün imkanlardan istifadə edəcəyini bildirmişdir.