Masallıdan dünyaya yayılan Azərbaycan brendi
“Xaricdə sərgilərdə iştirak edərkən, Azərbaycan istehsalçısı olduğumuzu qürur hissi ilə deyirik”
Masallı rayonunda Heydər Əliyev prospekti 35 ünvanda yerləşən "Embawood” MMC şirkətlər qrupu "Azərbaycan brendi” kimi təkcə istehsal müəssisəsinin deyil, həmçinin ölkəmizin adını dünyaya tanıdıb. Müştəri yönümlü strategiya 1996-cı ildə qurulan şirkətin fəaliyyət göstərdiyi illər ərzində əsas prinsipi olub. Bu təmələ söykənən şirkət fəaliyyətini genişləndirərək müştəri məmnuniyyətini qazanıb. Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemini yeniləyib. Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər "Embawood” şirkətinə nəinki ölkə daxilində müştəri məmnuniyyətini təmin etməyə, həmçinin məhsullarını xarici ölkələrə də təklif etməyə imkan yaradıb.
"Kaspi”nin "Region” layihəsi ilə Masallının məşhur fabrikində olarkən istehsal prosesi ilə yaxından tanışlıq, təkcə ölkəmizdə deyil, həmçinin dünyanın bir çox nöqtələrində evlərin, ofislərin, bağ evlərinin və s. bəzəyinə çevrilən mebel dəstlərinin brendə çevrilməsinin sirrini açdı.
Qazaxıstan Gürcüstan, Ukrayna...
"Bu gün "Embawood” mağaza nöqtələri 10 ölkədə, fabrikləri isə Azərbaycan, Gürcüstan və Ukraynada fəaliyyət göstərir” - deyə fabrikin ictimaiyyətlə əlaqələr departamentinin müdir müavini Hekayət Nəzərov məlumat verir: "Şirkətlər qrupunun tərkibində 16 idarə fəaliyyət göstərir ki, onlardan 4-ü mebel istehsalı ilə məşğul olan fabriklərdir. Masallıda fəaliyyət göstərən fabrik 18 hektar ərazini əhatə edir. Sahəsinə görə, bu fabriklə rəqabət apara biləcək ikinci bir müəssisə yoxdur”.
"Embawood” MMC-nin müxtəlif şəhərlər üzrə 200-dən artıq satış mağazası fəaliyyət göstərir. Bunların təxminən 180-i ölkə ərazisini əhatə edir: "Bu mağazaların çoxu xüsusi mağazalardır, bəziləri isə MMC ilə müqavilə bağlayaraq fabrikin loqosu altında əmtəələrini satırlar”. Fabrikin əlavə olaraq, Qazaxıstan və Gürcüstanda regional nümayəndəlikləri mövcuddur. Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə "Embawood” şirkətinə məxsus satış nöqtələri vardır. Eyni zamanda, Azərbaycan bazarında "Madeyra” adlı ikinci brendlə çıxış edən şirkətin bu ad altında 70-dən çox mağazası fəaliyyət göstərir.
Şirkətin istehsal etdiyi məhsullar Avropa standartlarının (EN) ekoloji keyfiyyət normasına tam uyğundur. Yumşaq mebellərdə istifadə edilən parçalar antistatik və antibakterial olmaqla, "Oeko-Tex Standart-100”, "Klass 1” üzrə sertifikatlaşdırılıb. Həmçinin, şirkətdə tətbiq edilən idarəetmə standartları 2004-cü ildən etibarən İSO 9001:2008 "Beynəlxalq Keyfiyyətin İdarə Edilməsi Sistemi” və İSO 9001 "Dizayn, İstehsalat və Satış” üzrə sertifikatlaşdırılıb. Beynəlxalq sertifikatlarla yanaşı "Embawood” məhsulları AZS Milli Sertifikatlaşdırma Sisteminin 6 bəndi üzrə uyğunluq sertifikatına layiq görülüb. 2011-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq mebel sərgisində dizayn üzrə birinci yerə layiq görülüb.
Şirkətin dizaynerləri dünya ölkələrini gəzir, bu sahədəki trendləri izləyirlər. Onlar trendlərin yerli istehlakçılar üçün uyğunlaşdırılması haqqında düşünürlər.
İstehsalatda alman keyfiyyəti
İstehsal edilən mebellərin həqiqətən də qoyulmuş beynəlxalq və yerli standartlara uyğun olub-olmamağını yoxlamaq üçün 2009-cu ildən şirkət istifadəsində olan Keyfiyyət sınaq laboratoriyasını yeniləyib, müasir avadanlıqlarla təmin edib.
"Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında "alman keyfiyyəti”ni gətirib. Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırılıb. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi qurulub”. H.Nəzərovun bildirdiyinə görə, fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir: "Yaşadığı ölkədən asılı olmayaraq, "Embawood” mebeli almış hər bir müştərimiz sonrakı dönəmlərdə yarana biləcək istənilən problem, nasazlıq barəsində fabrikə müraciət edə bilər. Hər bir sorğu, istər zəmanət müddəti çərçivəsində, istərsə də zəmanət müddətindən sonra diqqətlə araşdırılır və müvafiq olaraq həll edilir”.
Şirkət Türkiyədəki satınalma mərkəzi ilə mal mübadiləsi həyata keçirir. "Azərbaycanda həmin əmtəəni istehsal etmək üçün xammal yoxdur. Ölkəmiz bütövlükdə xammalı xarici dövlətlərdən idxal edir. İstehsala uyğun aksesuarlar müqavilə ilə Çindən, Orta Asiyadan gələ bilər. Amma ixracımız genişdir. Həmçinin lazım olanda qarşılıqlı mal mübadiləsi edirik”. H.Nəzərov deyir ki, xaricdəki tərəfdaşların və alıcıların "Embawood” məhsulları haqqında müsbət rəyləri var. Ümumiyyətlə, şirkət üçün əsas olan müştəri məmnuniyyətidir: "Biz məhsulu müştəri üçün istehsal edirik. Onların razılığı və məmnuniyyəti bizim üçün ən böyük mükafatdır. Məhsullarımızın satışı həmçinin internet üzərindən həyata keçirilir. Bu satış sistemi dünya ölkələrində inkişaf edib. Biz də artıq bu istiqamətdə satışı təşkil edirik və düşünürük ki, bu kanalı genişləndirmək lazımdır”.
10 sahə üzrə fəaliyyət
"Embawood”un fabrikləri yumşaq mebel, panel mebeli- divar dəstləri, yataq dəstləri, ofis mebelləri, mətbəx mebelləri və s. istehsal edirlər. Ən müasir texnologiyaların istehsalata tətbiq olunduğu fabrikin sexlərində qaynar iş mühiti var. Sexlərdə Masallı, Lənkəran və Cəlilabad rayonlarından işçilər çalışırlar. Fabrik əsasən 10 sahə üzrə fəaliyyət göstərir. Yumşaq mebel sahəsinin bir neçə şöbəsi var ki, təkcə kəsim sexində 38 işçi çalışır. Kişilərin və qadınların işlədiyi sahələr fərqlənir. Belə ki, kişilər əsasən müxtəlif materialların kəsimi, qadınlar çexolların tikişi ilə məşğul olurlar. Masallıda fəaliyyət göstərən fabrikin ümumilikdə 560 işçisi var. "Embawood” MMC- nin ölkə üzrə 4 fabriki, o cümlədən Bakıda "Krasnıy oktyabr”, "İdeal dizayn”, Sumqayıtda "Panel üzləmə fabriki” fəaliyyət göstərir. H.Nəzərov deyir ki, məhsulların satış səviyyəsi də qənaətbəxşdir: "Məhsullarımızın satış problemi yoxdur. Demək olar ki, məhsullara tələbat həmişə var. Satış baxımından da məhsullarımızla rəqabətdə olan ikinci bir müəssisə yoxdur. Azərbaycanın müxtəlif regionlarında olan satış mağazalarına müştərilər məhsulun alışı ilə bağlı müraciət edirlər. Çeşidlər, keyfiyyət və qiymət onları razı salır”.
MMC- nin mebel sahəsi üzrə ümumilikdə 2000-ə yaxın işçisi var. "Embawood” ölkədə işsizliyin aradan qaldırılması istiqamətində daim addımlar atır: "Fabrikdə işçilər üçün münbit şərait yaradılıb. Onlar gündəlik yeməklə təmin olunurlar. İş saatından artıq işləyən işçilərə əlavə əmək haqqı ödənilir. Həmçinin mebel alışında işçilər üçün müəyyən güzəştlər tətbiq edilir”.
H.Nəzərovun bildirdiyinə görə, şirkət xeyriyyə tədbirlərində də iştirak edərək sosial layihələrin həyata keçirilməsinə dəstək olur. Şəhid ailələrinə yardım göstərilməsində, kəndlərdə məktəblərin təmirində və s. layihələrə öz töhfəsini verir. "Yeddioymaq kəndində tibb və poçt məntəqəsi açmışıq. şəhid ailələrinə yardım edirik. Böyük şirkət olaraq xeyriyyə tədbirlərindən geri qalmırıq”.
Şirkət məhsullarını istehsal edərkən, istehlakçıya təqdim etmək istədiyi sadəcə, mebel deyil: "Mebellə birlikdə biz onlara mükəmməllik, funksionallıq, rahatlıq, erqonomiklik və gözəllik təqdim edirik. Bu beş dəyər fəaliyyətimizin və təqdim etdiyimiz keyfiyyətin təməl prinsipidir. Xammal alışından başlayaraq mebelin müştərinin evində qurulmasına qədər hər bir mərhələ bu dəyərlər əsasında qurulub. Məhz belə yanaşma adi bir mebel dəstini müştərinin ömür boyu etibar edəcəyi məhsula çevirir”. H.Nəzərov "Azərbaycan brendi”nə çevrilən məhsulların tez-tez müxtəlif sərgilərdə iştirak etdiyini deyir: "Xaricdə sərgilərdə iştirak edərkən, Azərbaycan istehsalçısı olduğumuzu qürur hissi ilə qeyd edirik. Bu, bizim üçün fəxarətdir. Dünyanın tanınmış mebel dəstləri ilə rəqabətdə olmaq, brend adı yaratmaq gərgin və böyük əməyin bəhrəsidir. "Embawood” komandası bunu bacarıb”.
Təranə Məhərrəmova
Rufik İsmayılov
Masallı
http://kaspi.az/az/masallidan-dunyaya-yayilan-azerbaycan-brendi/