Masallıda növbəti Novruz yarmarkası
10-11 mart 2018-ci il tarixlərdə səhər saat 09:00-dan başlayaraq “Xan çinar” ticarət mərkəzinin önündəki meydanda Novruz bayramı ilə əlaqədar ərzaq və kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil edilmişdir.
Novruz yarmarkasındakı piştaxtaların üstü Masallı, eləcə də ətraf bölgələrdə yetişdirilən nemətlər düzülüb. Sərfəli qiymətlər hər kəsin yaxşı bazarlıq etməsinə, evə əli dolu qayıtmasına şərait yaradıb. Yarmarkada satılan ayrı-ayrı məhsullarda 1-3 manat arası endirim olub.
Bütün bunlar ölkə rəhbərinin aqrar sahənin inkişafı istiqamətində gördüyü tədbirlərin nəticəsidir. Yarmarkada əsas yeri də rayonda yetişdirilən məhsullar tutub. “Masallı nemətləri” MMC-nin çəltik emalı müəssisəsinin təqdim etdiyi 900 qramlıq, 3-5 kiloqramlıq torbalarda qablaşdırılan “Haşimi”, “Apolla”, “Okean” düyüləri alıcıların marağına səbəb olmuşdur.
Rayonun Mahmudavar, Xırmandalı, Həsənli, Kalinovka, Bədəlan, Şərəfə, Öncəqala kəndləri, Boradigah və Ərkivan qəsəbələrindən yarmarkaya bol kənd təsərrüfatı məhsulları, bayram çərəzləri gətirilib. Mal, qoyun, cücə əti, balıq, alma, limon, mandarin, göy-göyərti, sarımsaq, noxud, lərgə, mərci, növbənöv ədviyyatlar, qoz, fındıq ləpələri, heyvandarlıq məhsulları alıcıları daha çox maraqlandırmışdır.
Alıcılar burada bayram süfrələrini bəzəyəcək hər cür nemət tapa biliblər. Masallının Sənaye müəssisəsi olan “Nur-M” firmasının məhsulları – vermeşillər, makaronlar, peçenyelər yarmarkaya çıxarılmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparat işçiləri Novruz yarmarkasında iştirak edib, satıcı və alıcılarla söhbətləşmiş, təəssüratlarını bölüşmüşdür.