YAP Masallı rayon təşkilatında soyqırım qurbanları anıldı
29 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 31 mart azərbaycanlıların soyqırım gününə həsr olunmuş “Mart soyqırımı” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Seyfəddin Əliyev soyqırımın mahiyyəti haqda geniş məlumat vermiş və bildirmişdir ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalıb. Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırım aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi.
Ermənilərin əsrlərdir davam edən anti-türk siyasəti və həyata keçirdikləri terrorçuluq əməllərindən danışan Seyfəddin Əliyev qeyd edib ki, Azərbaycanlıların kütləvi şəkildə qırılmasını ötən əsrin dünya tarixinin ən faciəvi səhifələrindən biri hesab etmək olar. 1918-ci ildə həyata keçirilmiş soyqırım aktı zamanı Bakı şəhərində və Bakı quberniya¬sının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar törədiblər. Onilliklər boyu davam edən soyqırım siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunub. Azərbaycan ərazisinin Rusiya və İran arasında bölüşdürülməsi və ermənilərin kütləvi şəkildə tarixi torpaqlarlarımızda məskunlaş¬dırılması bu siyasətin tərkib hissəsi idi. 1905 və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınların ardınca 1920-ci ildə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması, 1948-1953-cü illərdə, 1988-ci ildə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi idi.
Gənc YAP üzvü Həlimə Əhmədova çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart tarixi Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu təqvim Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Bu faciələrin günahkarı “Böyük Ermənistan” yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün istənilən iyrənc vasitəyə əl atan erməni şovinizmidir.
Qadınlar Şurasının sədri Gülşən Xəlilova çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycanın müasir dövrdə öz haqq səsinin dünyaya çatdırılmasında təhsilli, elmli gənc nəslin üzərinə çox böyük bir məsuliyyət düşür. Dövlətimizin xüsusi diqqəti, Heydər Əliyev Fondunun və gənclərimizin aktiv fəaliyyəti nəticəsində azərbaycanlıların soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır.
Sonra Şamxal Əmirov, Sarxan Əhmədov, Nailə Əsədullayeva və başqaları çıxış edərək törədilən qanlı hadisələrə görə ermənilərin tarix qarşısında cavab verəcəklərinə əminliklərini bildirdilər.