Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin II rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı

24 iyul 2013 | 15:00

23 iyul 2013-cü il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının inzibati binasında 2013-cü ilin II rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

 

            Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq toplantı iştirakçılarının salamlamış, 2013-cü ilin II rübünün yekunları və qarşıda duran məsələlər barədə ətraflı çıxış edərək vurğulamışdır ki, Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2013-cü ilin ikinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.

 

            Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş  bir sıra sosial-mədəni obyektlərin tikintisində son tamamlama işləri görülür. Belə ki, şəhərin Z. Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində geniş abadlıq və quruculuq işləri tamamlanmaq üzrədir.

            H. Əliyev mərkəzində və H. Əliyev parkında yenidənqurma işləri artıq başa çatdırılmaq üzrədir. Eyni zamanda YAP Masallı rayon təşkilatının inzibati binasında işlər artıq yekunlaşdırılmışdır. “Qəhrəmanlar ” parkının, “Ahıllar evi”nin, H. Əliyev meydanının,  rayonun giriş və çıxış qapılarının tikintisi isə başa çatdırılmışdır. Bunlardan əlavə Qarabağ küçəsində məhəllələr abadlaşdırılmış, ümumi yaşayış evlərinin dam örtükləri müasir üslubda dəyişdirilmişdir. Həmçinin Boks və Taekvando mərkəzlərinin, Boradigah idman kompleksinin, ümumtəhsil məktəbləri, istilikxana və digər obyektlər qısa müddətdən sonra istifadəyə veriləcəkdir.

            2013-cü ilin birinci yarısında Masallı Rayon Məşğulluq Mərkəzinə 217  nəfər müraciət etmişdir. Onlardan 152  nəfəri işlə təmin olunmuşdur ki, onların da   87 nəfərini qadınlar təşkil edir.

            Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artaraq 192567.4 min manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.4 faiz artaraq 16300.4 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 7.6 faiz artaraq 47201.7 min manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4.1 faiz artaraq 31912.4 min manat olmuşdur.

            Altı ay ərzində adambaşına düşən pul gəlirləri 916 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 253.1  manat olmuşdur.

            2013-cü ilin birinci yarısında Masallı rayonunun yerli gəlirləri 14068541 manata qarşı 13286704 manat və ya 94.4 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 14068541 manata qarşı 10992543 manat və ya 78.1% icra olmuşdur.

            2013-cü ilin birinci yarısında rayonun kənd meşə balıqçılıq təsərrüfatında 47201.7 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3337.1 min manat və ya 7.6% çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 149.3 manat olmuşdur.

            2013-cü ilin 6 ayında  rayonda iri buynuzlu mal-qaranın baş sayı 73378 başa, xırda buynuzlu mal-qaranın baş sayı 81311 başa çatmışdır. Altı ay ərzində süd istehsalı 26284.2 tona, ət istehsalı 2756.7 tona, yumurta istehsalı 34.510.000 ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

            Rayonda 10034 ha taxıl, o cümlədən 7604 ha buğda, 2430 ha arpa və 1820 ha dənlik vələmir əkini aparılmışdır. Ümumilikdə 23177 ton taxıl istehsal olunmuşdur ki, 17894 tonu buğdadır. Bundan əlavə 1477 ha kartof, 586.5 ha bostan və 2805.7 ha tərəvəz əkilmişdir.

            Hesabat dövründə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 44.5 ton tərəvəz, 66.2 ton kartof, 3.2 ton ət, 6.1 ton balqabaq,  süd və qatıq məhsulları 2.1 ton, 45700 ədəd yumurta göndərilmişdir.

            210 min nəfər sakini olan Masallı rayonunda əhalinin 90%-ə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Dəfələrlə qeyd etmişdik ki, Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir. Sevindirici haldır ki, bu istiqamətdə görülən işlər artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, daha gəlirli sahələr olan kartof, çiyələk və tərəvəz istehsal sahələri genişləndirilmiş və nəticədə əhalinin pul gəlirləri nəzərəçarpacaq dərəcədə artmışdır. 2012-ci ildə kartofdan əldə olunan gəlir 3.900.000 manat təşkil etdiyi halda, 2013-cü ildə bu rəqəm 15.200.000 manat təşkil etmişdir. Həmçinin 2012-ci ildə çiyələkdən 84.000 manat, 2013-cü ildə isə 104.000 manat gəlir əldə olunmuşdur. Belə uğurlu müqayisələri digər sahələrdə də aparmaq olar.

            Eyni zamanda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanmışdır. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar vardır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.

            Lakin bu sahədə əldə olunan müsbət dəyişikliyi qeyd etməklə bərabər bildirmək istəyirəm ki, bu ilk addımdır və görüləsi işlərimiz çoxdur.  

            Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi ilə yanaşı rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi qarşıda duran vacib vəzifələrdəndir. Biz qarşıya qoyduğumuz bu vəzifələrin uğurla icrasına nail olarsaq Masallıda istehsal olunan kənd təsərrüfatı məhsullarının təkcə yerli bazarlara deyil, böyük həcmdə qonşu ölkələrin bazarlarına da çıxarılmasına imkan yarana bilər.

            Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 182000 m3 həcmində və 45 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparılmış və 14 ədəd müxtəlif növ hidrotexniki qurğular təmir edilmişdir.            

            Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 50 ha sahədə meşə səpini və əkini işləri aparılmış, 18 ha sahə kollardan təmizlənmişdir.

            Mövsüm ərzində 35000 ağac və gül kolları əkilmişdir.

            Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.

            Həmişə qeyd etdiyimiz kimi bir daha vurğulamaq istəyirəm ki, heyvandarlığın inkişafında mühüm rol oynayan süni mayalanmanın rayonda lazımi səviyyədə aparılmaması, bu sahənin gəlirli bir sahəyə çevrilməsinə mane olan əsas səbəblərdəndir. Bundan əlavə heyvanların kəsiminə nəzarətin olmaması və ya formal xarakter daşıması əhalinin sağlamlığını birbaşa təhdid edir. Bu nöqsanlar dəfələrlə qeyd olunsa da hələ lazımı nəticə çıxarılmamışdır.

            Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 2268.8 min manata qarşı 1816.9 min manat və ya 80.1%, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 595.0  min manata qarşı 547.7 min manat və ya 92.1% yerinə yetirilmişdir. Şöbədə hazırda 26 min 595 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 326 nəfərə əmək pensiyası təyin olunmuşdur.

            2013-cü ilin 6 ayı ərzində Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 4331 ailə Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 4236 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmışdır. Yardım təyinatı aparılmış ailələrə aylıq 580 min 190 manat vəsait ödənilmişdir. Həmçinin 2013-cü ilin 6 ayı ərzində 6318 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılmış və onlara 417008 manat vəsait ödənilmişdir.

            Cənab Prezidentin tapşırığı ilə bütün regionlarda olduğu kimi Masallı rayonunda da kənd yollarının tikintisinə də böyük diqqət göstərilmişdir. Belə ki, hazırda Masallı rayon ərazisində ümumi uzunluğu 23.8 km olan Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Seybətin-Səmidxan, Musaküçə-Lürən, Qodman-Qəriblər və Sərçuvar-Sirəbil yollarının əsaslı təmirinə başlanılmışdır. Həsənli-Xırmandalı və Sərçuvar-Sirəbil yolunun çəkilməsi işləri artıq yekunlaşdırılmışdır.

            Hesabat dövrü ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110 kvt-lıq yarımstansiyada təmir bərpa işləri aparılmış, 37 ədəd dəmir beton, 73 ədəd isə ağac dayaq dəyişdirilmişdir.

            220 kVt Masallı  yarımstansiyasında yenidənqurma və genişləndirmə işləri davam etdirilir.

            Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar hazırda Eminli kəndi qaz ilə təmin edilmiş, Qarğalıq, Kürdəbaz Şəhriyar kəndlərinə yeni qaz xəttinin çəkilişi yekunlaşdırılmış və sayğaclar quraşdırılmışdır. Təklə kəndində və Ərkivan qəsəbəsində mövcud olan köhnə qaz xətlərinin yenidən quraşdırılması və Yeddioymaq-I kəndində kənddaxili qaz xəttinin çəkilişi davam etdirilir.

2013-cü ilin 6 ayı ərzində rayonun ayrı-ayrı kəndlərində 1137 p/m uzunluğunda korroziyaya uğramış kənddaxili xətlər yenisi ilə əvəz edilmiş, 1830 abonentin mənzilinə “Socar” tipli sayğaclar quraşdırılmışdır.

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü il “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilmişdir.

            Bu proses çərçivəsində Masallı rayonunda 55 yeni EATS binasının tikintisi nəzərdə tutulur ki, bu məqsədlə ayrı-ayrı kəndlərdə müvafiq torpaq sahələri ayrılmışdır. Hazırda Qodman kəndində yeni ATS binasının tikintisi başa çatdırılmışdır. 

            Masallı Poçt filialına 6 aylıq üçün 114090 manat plan proqnozlaşdırılmış faktiki olaraq 114662 manat yəni 100.5% icra olunmuşdur.

            Cənab Prezidentin xeyir duası ilə ötən il Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bununla da Masallı şəhər sakinlərini uzun illərdən bəri narahat edən bu böyük problem qısa vaxtdan sonra öz həllini tapacaqdır. Lakin layihənin icrası prosesində bir çox problemlər yaransa da görülən tədbirlər nəticəsində bu işdə qismən də olsa müsbət dönüş yaranmışdır.

            Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonasında yerləşən 20 kəndin və Gəyəçöl-Qızılağac istiqamətində olan 18 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və artıq  “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilişinə başlanılmışdır.

            Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən  gündəlik 250000 m2 sahədə təmizlik işləri aparılır. Daşınan bərk və tikinti tullantılarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 40 %-ə qədər artmışdır. Birliyin yığım şöbəsi tərəfindən altı ay ərzində əhali və kommersiya sektorundan 46400 manat vəsait toplanmışdır.

            Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana – yeni məktəb” devizi altında son illərdə Masallıda 33 yeni məktəb binası tikilmiş, 5 məktəb isə əsaslı təmir olunmuşdur. Hazırda 5 məktəbin - Kosakül, Kəlbəhüseynli, Xıl, Öncəqala, Kubin və Allahyarlı  kəndlərində yeni məktəb binalarının tikintisi, Bədəlan kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə isə Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand kəndlərində yeni məktəb binalarının tikintisinə, Masallı şəhər 1 saylı və Kolatan kənd tam orta məktəblərinin isə əsaslı təmirinə başlanılacaqdır.

            Məktəblərin istilik sistemlərinin təmir edilməsi və qızdırılması işindəki mövcud çətinliklər daxili imkanlar hesabına böyük ölçüdə aradan qaldırılmış və bu sahədə iş davam etdirilir. Artıq məktəblərin qızdırılması üçün lazım olan vəsait problemi həll olunmuşdur. Yaxın günlərdə isə 6 məktəbin texniki şərtlə təmin olunması və istilik sisteminin təmir olunması işlərinə başlanılacaqdır. Habelə odunla qızdırılan məktəblərin odunla təmin olunması üçün təhsil şöbəsi bütün imkanlardan istifadə etməli və qısa müddətdə bu məsələnin həllinə nail olmalıdır.

            Bununla bərabər təhsil sahəsində hələ də bir çox problemlər qalmaqdadır. Xüsusilə də IX və XI siniflərdə keçirilən buraxılış imtahanlarının nəticələri bizi bu məsələyə daha ciddi şəkildə yanaşmağa məcbur edir. Belə ki istər IX, istərsə də XI siniflərdə müsbət qiymət alan şagirdlərin orta göstəricisi respublika göstəricisindən xeyli aşağıdır. IX siniflərdə orta göstərici 34.7%, XI siniflərdə isə 53.1% olduğu halda, respublikanın orta göstəricisi analoji olaraq 53.7% və 69.2% olmuşdur. Xüsusən də 707 məzunun iki qiymət alması vəziyyətin acınacaqlı olmasından xəbər verir. Ona görə də rayon Təhsil şöbəsi öz işinə yenidən baxmalıdır və bu sahədə ciddi dönüş yaradılması məqsədilə kompleks tədbirlər planı hazırlayıb icrasını həyata keçirməlidir.

            Masallı rayonunda 16 uşaq bağçası fəaliyyət göstərir ki, burada 931 uşaq tərbiyə alır.       Yeni təmir olunan 3 uşaq bağçası istisna olmaqla 13 uşaq bağçasının binaları acınacaqlı vəziyyətdədir. Belə ki, layihə əsasında tikilmiş 7 uşaq bağçasının əsaslı təmirə, 6 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan da 2-si qəzalı vəziyyətdədir. Məktəbəqədər yaşlı uşaqların uşaq bağçalarına cəlbi cəmi 7% təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli istiqamətində işlər davam etdirilir. Hazırda Qızılağac kənd uşaq bağçasında əsaslı təmir işləri yekunlaşdırılıb və yaxın günlərdə Masallı şəhər 2 saylı uşaq bağçası üçün yeni binanın tikintisinə başlanılacaqdır. Bundan əlavə daxili imkanlar hesabına 9 bağça yeni invertarlarla, o cümlədən çarpayı, yataq dəsti, soyuducu, paltaryuyan və digər ləvazimatla təmin edilmişdir. Ümumilikdə uşaq bağçalarına 460 dəst çarpayı-yataq dəsti, 4 paltaryuyan, 2 dondurucu, 2 soyuducu, 2 kompyuter və digər məişət ləvazimatları verilmişdir və bu proses davam etdirilir.

            2013-cü ilin birinci yarısında rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.

            2013-cü ilin ilk altı ayında rayonda 1195 nəfər uşaq doğulmuşdur. Evdə doğuş son illərdə ən aşağı səviyyədə 0.4 ‰ (5 nəfər) olmuşdur. Uşaq ölümü isə 4.2‰ (5 nəfər) olmuşdur.

            Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və altı ay ərzinə 1195 nəfər yeni doğulmuş uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.

            İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 3503 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda rayonda 464 vərəmli xəstə, 112 nəfər xroniki böyrək çatışmamazlığı, 652 nəfər onkoloji, 14 nəfər hemofiliyalı, 68 talassemiya xəstəsi dispanser qeydiyyatındadır.

            Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə Mahmudavar, Xırmandalı  kəndlərində yeni həkim məntəqələrinin tikintisi davam etdirilir, Miyankü kəndində isə yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır

            Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilin birinci yarısında mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş və yolxucu xəstəliklərə qarşı peyvəndlər aparmış, rayonda istehsal olunan 10 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır. Hesabat dövrü ərzində keçirilmiş reydlər zamanı yol verilmiş nöqsanlar aşkarlanaraq 188 akt tərtib edilmiş, sanitar norma və qaydalara əməl etməyən 2 cavabdeh şəxs barəsində inzibati cərimə protokolu tərtib edilmişdir. Onu da qeyd etmək istəyirəm ki, Masallı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdir. Ümid edirik  təyin olunacaq yeni rəhbərlik bu sahədə ciddi dönüş yaradacaqdır.

            Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 155600 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 87800 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.

            Masallı rayon Mədəniyyət və Turizm şöbəsi ilin birinci yarısında əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır. Ulu Öndərin 90 illiyinə həsr olunmuş müxtəlif tədbir və Festivalların keçirilməsi, xüsusilə də 12-15 iyun tarixlərində II Beynəlxalq Folklor Festivalının təşkili rayonumuz üçün əlamətdar bir hadisə olmuşdur. Fürsətdən istifadə edib bu Festivalın təşkilində iştirak edən hər bir kəsə bir daha minnətdarlığımı bildirirəm.

            Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 30-u müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1176 turist yeri vardır. Cari ilin 6 ayı ərzində bu turist obyektlərində 8662 nəfər turist istirahət etmişdir ki, onlardan 364 nəfəri xarici turist olmuşdur. 

            2013-cü ilin birinci yarısında rayon Gənclər və İdman İdarəsi həm rayondaxili,  həm rayondankənar, o cümlədən yeniyetmə gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınma mərasimlərinin təşkili məqsədilə bir sıra mədəni-kütləvi tədbirlər keçirmişdir. Hesabat dövrü ərzində idarə gənclərlə iş sahəsi üzrə 33, idman sahəsi üzrə 21 sayda olmaqla 54 tədbir keçirilmiş, bundan başqa rayon gəncləri 5 və rayon idmançıları 23 sayda olmaqla 28 sayda rayondankənar tədbirdə iştirak etmişdir. Ümumilikdə hesabat dövrü ərzində keçirilən bu tədbirlərdə rayonumuzdan 7329 nəfər iştirak etmişdir.

            Rayonda siyasi partiyaların 22 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP,AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşlar Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 91 ilk təşkilatının 9 min nəfərdən artıq üzvü vardır. Digər partiyaların  üzvlərinin ümumi sayı 1376 nəfərdir.

            Rayon  ərazisində 36  QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat  qeydiyyatdan  keçməsə də lakin  fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12, uşaq , gənclər və idmanla  bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində  2,   təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.

Hazırda Heydər Əliyev mərkəzində yenidənqurma və genişləndirmə işləri yekunlaşmaq üzrədir. Bu mərkəzdə muzeylə bərabər xarici dil, kompyuter kursları, rəqs qrupları, xalq sənətkarlığı, rəssamlıq, elektron kitabxana, internet kafe, 3 D kinozal və digər bölmələr fəaliyyət göstərəcəkdir. Ümid edirik ki, H. Əliyev mərkəzinin yeni rəhbərliyi bu böyük elm mədəniyyət mərkəzinin işinin yüksək səviyyədə qurulmasına öz layiqli tövhəsini verəcəkdir.

Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və altı ay  ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 720 nəfər gənc hərbi xidmətə yola salınmışdır.

Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2013-cü ilin birinci yarısında rayon ərazisində 161 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 92.9 % olmuş və 11 cinayət hadisəsi açılmamış qalmışdır.

            Ərazilərdə torpaqların zəbt olunması və qanunsuz tikililər kütləvi hal almışdır ki, bu problemlərin həlli məqsədilə dəfələrlə tapşırıqlar verilməsinə baxmayaraq bələdiyyələrin bu məsələyə münasibətində ciddi dəyişiklik hiss olunmur.  

            Habelə bələdiyyələr ərazilərdə istirahət mərkəzlərinin qurulması işində də yaxından iştirak etməli və bu məsələlər qısa müddətdə yekunlaşdırılmalıdır.

            Altı ay ərzində rayon İcra hakimiyyətinə 1113 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 590-ı vətəndaşların, 523 ərizə isə yuxarı təşkilatların payına düşür. Bu dövr ərzində İcra Hakimiyyətində keçirilən qəbullar zamanı 723 nəfər şikayətçi qəbul edilmişdir. Səyyar qəbullar zamanı 3297 nəfər iştirak etmiş, onlardan 271 nəfəri müxtəlif təklif və problemlərlə çıxış etmişdir.

            Burada fürsətdən istifadə edib bir məsələyə də xüsusilə toxunmaq istəyirəm. Belə ki,  Masallıda müəyyən qrup və dairələr uzun illərdən bəri davam etdirdikləri əməllərindən  rayonumuzun inkişafının qarşısını almaq, ictimai-siyasi sabitliyi pozmaq, süni nifaq mənbələri yaratmaq peşələrindən hələ də əl çəkmək istəmirlər. Onlar bu yolla öz çirkin niyyətlərinə nail olmağa və təsir dairələrini genişləndirməyə cəhd edirlər. Bu məqsədlə müxtəlif reket tipli kütləvi informasiya vasitələrində rayonumuza qarşı çirkin kompaniya təşkil olunur. Biz bu kompaniyaların sifarişçilərini də, icraçılarını da çox yaxşı tanıyırıq. Əminliklə bildirirəm ki, onlar öz niyyətlərinə çata bilməyəcək və artıq heç kim onlara fikir vermir və onlar bizim işimizə təsir edə bilməz. Ancaq biz bunu əlbəttə ki, qeyd etməliyik və bu kompaniyalarda iştirak edənlər qanun çərçivəsində cavab vermək məcburiyyətində qalacaqlar. Bu çərçivədə sifarişli olaraq rayonumuz haqqında qaralama kompaniyası aparan bəzi informasiya saytları barədə mətbuat şurasına və digər əlaqədar təşkilatlara bu barədə müraciət olunmuşdur.

            2013-cü il Azərbaycanda Prezident seçkiləri ilidir.  Seçkilərdə vətəndaşların azad şəkildə səsvermə hüquqlarının təmin edilməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcəkdir. Artıq seçki məntəqələrinin seçkilərə hazırlanması və digər hazırlıq işlərinə start verilmişdir.

            Əminik ki, Masallı sakinləri bu seçkilərdə də fəal iştirak edərək Azərbaycan xalqının alternativsiz namizədi  olan möhtərəm Prezidentimiz  cənab İlham Əliyevə  səs verəcəklər.

Görülən işlərə, əldə edilən uğurlara baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir. Masallı şəhərində abadlıq işlərinin və su-kanalizasiya sisteminin qurulmasının yüksək  səviyyədə həyata keçirilməsi, həmçinin rayon ərazisində qazlaşdırılmanın və elektrik xətt təsərrüfatının yenilənməsinin başa çatdırılması həllini gözləyən vacib problemlərdəndir.

Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası  yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması qarşımızda duran əsas vəzifələrdəndir.

Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının yaradılması həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələri bundan sonra da  layiqincə yerinə yetirməyə çalışacağıq.

            Toplantıda çıxış edənlərdən Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rafael Mahmudov, Masallı rayon 41 saylı Yol İstismar idarəsinin rəisi Elmar Həsənov, Aqrolizinq ASC Masallı rayon filialının direktoru Eldar Hüseynov və başqaları 2013-cü ilin II rübündə Masallıda görülmüş işlərdən danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildirmişlər.

Keçidlər