SƏRÇUVAR ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ
Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 31.07.2013-cü il tarixdə Sərçuvar ərazisinin Sirəbil kəndində keçirilmişdir. Sərçuvar ərazisi Sərçuvar və Sirəbil yaşayış məntəqələrini əhatə edir. Ərazinin 2428 nəfər əhalisi və 1054 ha torpaq sahəsi vardır.
Həmçinin ərazidə 1 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 uşaq bağçası, 1 həkim ambulatoriyası və 1 kənd poçtu fəaliyyət göstərir.
Sərçuvar ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd ağsaqqallarından Şükür Abdullayev, Təvəkkül Əsgərov kənd ziyalılarından Xudayar Fəttayev, Hüseyn Musayev kənd sakinlərindən Əkbər Salmanov, Dadaş Fətullayev və başqaları çıxış edərək Sərçuvar kəndində 1,9 km yola asfalt döşənməsinə, Sirəbil kəndində Mirkamal Ağa ocağının tam olaraq inşa edilməsinə, əlavə köməkçi bina və talvarların tikilməsinə, Sirəbil kəndində Məscid ərazisində hüzür məclisinin keçirilməsi üçün ayrıca köməkçi bina tikilməsinə, Sirəbil kəndində Qəbirastanlıq ərazisində abadlıq işləri aparılaraq hasarlar hörülməsinə, köməkçi talvar tikilməsinə, Sərçuvar kəndində yeni ayrılmış Qəbiristanlıq ərazisində torpaqlama, hamarlama və giriş meydançasının düzəldilməsinə, Sərçuvar 4 km və Sirəbil 2 km kəndlərində ara yollarına qrabil daşınaraq təmir edilməsinə, Sirəbil – Sərçuvar kəndlərində 2 km su aparıcı kanalların qazılaraq təmizlənməsinə, Sirəbil – Sərçuvar kəndlərində 12 yararsız elektrik dirəklərinin dəyişdirilməsi və hava xəttinə toxunan ağac budaqları kəsilməsinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinləri Sirəbil-Sərçuvar kəndlərini birləşdirən yolun əsaslı təmirinə, Sərçuvar və Sirəbil kəndlərinə təbii qaz xəttinin çəkilməsinə, Sərçuvar və Sirəbil kəndlərində Su aparıcı kanalların təmizlənməsinə və Sərçuvar kəndində yeni qəbirastanlıq ərazisində tamamlanma işlərinin görülməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.