MASALLIDA GƏNCLƏRİN HƏRBİ XİDMƏTƏ YOLA SALINMASI
12 aprel 2018-ci il tarixdə Masallının Bayraq Meydanında hərbi çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Tədbirdə Masallı RİH başçısı cənab R.Hüseynov və aparatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-müəsissə rəhbərləri, müəllimlər, məktəblilər, KİV nümayəndələri, ictimai təşkilatların rəhbərləri, hərbi çağırışçıların valideynləri və s. iştirak ediblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı Rayon şöbəsnin rəisi Fəxrəddin Mirzəliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə başlayıb qeyd edib ki, iki il bundan əvvəl Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, hücum etdi, yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz şəhid oldu, yaralandı, mülki şəxslər arasında da həlak olanlar oldu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Orduya yola düşən gənclərə uğurlar diləyirəm. Xoş sorağınınzı eşidək.
Sonra tədbirdə YAP MAsallı Rayon Təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, çağırışçı Rüfət Əliyev, MƏSQ rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, qızılağaclı valideyn Şamil Məmmədov və başqaları çıxış ediblər.
Bayraq Meydanında rayon incəsənət ustalarının gənclərin hərbi xidmətə yola salınmasına həsr olunmuş geniş ədəbi-bədii kompozisiyası tədbir iştirakçılarına təqdim olunub.