Masallı rayon İcra hakimiyyəti başçısının 2018-ci ilin I rübünün yekunlarına həsr olunmuş hesabatı
16 aprel 2018-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin iclas zalında 2018-ci ilin birinci rübündə Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir. Hesabatda 2018-ci ilin birinci rübündə Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Yığıncağı açan Masallı RİH başçısı cənab Rafil Hüseynov bildirmişdir ki, bildiyiniz kimi 11 aprel 2018-ci il tarixi Azərbaycanda Prezident seçkiləri ilə yadda qalmışdır. Prezident seçkiləri bütün ölkəmizdə olduğu kimi rayonumuzda da yüksək səviyyədə keçirilmiş və masallılar da seçkilərdə fəal iştirak edərək ən layiqli namizədə səs vermişlər.
Masallılar bundan sonra da doğma respublikamızın və rayonumuzun inkişafı naminə əzmlə çalışacaq, cənab Prezidentin apardığı uğurlu siyasətin həyata keçirilməsinə dəstək verəcək, Ümummilli liderimiz Heydər Əliyevin bizə əmanət qoyduğu müstəqil Azərbaycanımızın tərəqqisi yolunda daim İlham Əliyevlə olacaqlar.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2018-ci ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 591 p/m hissəsində işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Hazırda çay yatağının 159 p/m-lik hissəsinin beton məcraya salınması işləri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir və tikinti işləri davam etdirilir.
Şəhərin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazidə rayon İcra hakimiyyəti tərəfindən ərazinin zibilliklərdən təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilmişdir. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Eyni zamanda park bulvar kompleksinin yaradılması ilə bağlı müvafiq layihə təşkilatına layihələndirmə tapşırığı verilmiş və ərazidə parkın salınması ilə bağlı hazırlıq işlərinə başlanılmışdır.
Ümumi uzunluğu 24,7 km olan Eminli-Qarğalıq-Səmidxan-Seybətin, Şatroba-Hişkədərə-Miyankü kəndləri istiqamətində yolların asfaltlaşdırılması işləri davam etdirilir. Həmçinin Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulması işlərinə start verilmişdir. Belə ki, hər iki ərazidə piyada səkilərinin salınmasından ötrü bordur düzülməsinə başlanılmış və müasir işıqlandırma sistemlərinin qurulması üçün 200 işıq dirəyi sifariş edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Hazırda Dövlət büdcəsindən ayrılan vəsait hesabına 10 binanın fasadının təmiri, bloklara yeni seyf qapıların və pəncərələrinin quraşdırılması işləri davam etdirilir.
Heydər Əliyev prospektində bir mərtəbəli 4 mənzilli və H. Səmədov 44 ünvanında yerləşən iki mərtəbəli 6 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarının əvəzinə yeni binaların tikintisi ilə bağlı Nazirlər Kabinetinin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən layihə sənədləri hazırlanmışdır. Layihə sənədlərinə müvafiq ekspertiza rəyi verildikdən sonra tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.
2016-cı ildə inşasına başlanılan və 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulan rayon Məhkəməsinin yeni inzibati binasında hazırda tikinti işləri davam etdirilir.
Masallı rayonunda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixdə Sərəncam imzalanmışdır. Masallı şəhər ərazisində Sənaye məhəlləsinin yaradılması məqsədi ilə Ələt-Astara avtomobil yolunun 165-ci kilometrində sol tərəfdə Masallı şəhəri ərazisində yerləşən 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanılmışdır. Sənaye məhəlləsinin yaradılması ilə əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılmış və fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə yeni təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaqdır. Hazırda Sənaye məhəlləsində tikinti işləri yekunlaşma mərhələsindədir.
Rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,0 % artaraq 153,5 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 11,5 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 1,2 faiz artaraq 15,9 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,7 faiz artaraq 20,2 milyon manat olmuşdur.
Rüb ərzində adambaşına düşən pul gəlirləri 581,1 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 301,1 manat olmuşdur.
2018-ci ilin birinci rübündə Masallı rayonunun gəlirləri 16 milyon 64 manata qarşı 16 milyon 235 min 28 manat və ya 101,4 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 17 milyon 895 min 05 manata qarşı 14 milyon 723 min 17 manat və ya 82,2% icra olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2018-ci ilin birinci rübündə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 3 layihə üzrə 50 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 3 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
Masallı RİH başçısı cənab Rafil Hüseynov daha sonra qeyd etmişdir ki, rayonda əmək bazarının mövcud vəziyyətinin qiymətləndirməsi və kadr potensialına dair müvafiq proqnozların hazırlanması məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması qərara alınmışdır. Həmçinin dövlət müəssisələrində açılmış vakant iş yerlərinə rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşların ilk növbədə növbəlik siyahısı üzrə işlə təmin olunmasına nəzarət olunmuşdur.
2018-ci ilin birinci rübündə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 1002 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların 197-i qadınlardır. Qeydiyyata alınanlardan 675 nəfəri işlə təmin olunmuşdur ki, bunların da 307 nəfərini qadınlar təşkil edir.
2018-ci ilin birinci rübündə rayonun kənd meşə balıqçılıq təsərrüfatında 15891.1min manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 178.1 manat olmuşdur.
1 aprel 2018-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 72112 başa, xırda buynuzlu mal-qaranın baş sayı 86307 başa çatmışdır. Birinci rubda süd istehsalı 12231.5 tona, ət istehsalı 1551.1 tona, yumurta istehsalı 19530 min ədədə çatmışdır.
Rayonda 2018-ci ilin məhsulu üçün hazırki vaxtadək 18365 ha sahədə şum vurulmuşdur. Hazırki vaxtadək 16500 hektara yaxın əkin işləri aparılmışdır. Əkin işlərinin 18 min hektara çatdırılması nəzərdə tutulmuşdur ki, bu da rayonumuz üçün rekord göstərici deməkdir.
Əkilmiş 13201,2 hektar payızlıq əkinlərdən 7256,3 ha buğda, 2705 ha arpa, 2219,5 ha vələmir, eyni zamanda 84,6 ha kələm bitkisi təşkil edir.
Artıq 2018-ci ilin yazlıq əkinlərinə başlanılmış, 1047,7 ha kartof, 167,4 ha paxla, 256,8 ha sarımsaq, 8 ha yonca, 156,6 ha soğan, 205,2 ha göyərti, 810,5 ha noxud, 1285,7 ha sair əkinlər aparılmışdır. Yazlıq əkin işləri hazırda da davam etdirilir.
Hazırda rayonun ayrı-ayrı əraziləri üzrə 21 ha üzüm, 17 ha feyxoa və 29 ha sahədə müxtəlif növ meyvə bağları mövcuddur. 2017-ci ildə Sığdaş kəndi ərazisində 0,5 ha sahədə yeni sitrus (naringi) bağları, Köhnə Alvadı ərazisində 1,0 ha mandarin bağı və Güllütəpə ərazisində isə 3,2 ha yeni fındıq bağları salınmışdır.
Rüb ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 2,3 ton kartof, 1,7 ton soğan, 710 kiloqram noxud, 1040 litr süd, 325 banka qatıq, 2380 ədəd yumurta göndərilmişdir.
Cənab R.Hüseynov çıxışında bildirmişdir ki, rayon üzrə 24929 hektar əkinə yararlı torpaq sahəsi mövcuddur. Ondan 9000 hektarı uzun müddətdir ki, mülkiyyətçilər tərəfindən əkilmir. Hazırda əkinlərin 12 min hektarını taxıl sahələri təşkil edir. Lakin bölgənin torpaq-iqlim şəraiti az əməktutumlu olan taxılçılıq sahəsini səmərəsiz və əsasən qeyri-rentabelli edir.
Əvvəllər rayon tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşmış və 6,0 min hektara yaxın sahədə tərəvəz, 3340 hektarda çay plantasiyaları və 3,0 min hektarda üzüm bağları salınmışdı. Buradan ildə 150,0 min ton tərəvəz, 10,0 min ton çay yarpağı və 26,0 min ton üzüm məhsulu toplanırdı. Bu gün rayonda əkilən tərəvəz sahələrinin həcmi 2500 hektar, üzüm sahələri isə 21 hektar təşkil edir. Nəzərə alsaq ki, Masallıda əhalinin 90%-ə yaxını kəndlərdə yaşayır və onların yeganə gəlir mənbəyi torpaqdır. Ona görə də burada torpaqdan səmərəli istifadə olunmaqla kənd təsərrüfatının inkişafı çox böyük əhəmiyyət daşıyır. O cümlədən rayonda ənənəvi sahələrdən olan çəltikçiliyin, tütünçülüyün, baramaçılığın, sitrus və suptropik meyvəçiliyin inkişafı üçün geniş imkanlar mövcuddur.
Rayonda çayçılığın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Belə ki, rayonun Kolatan inzibat ərazisinə aid Sığaçola massivində 100 hektar sahədə “Azərsun-Holdinq” tərəfindən işlər tam başa çatdırılmışdır. Hazırda Kolatan kəndi ərazisində 1,0 ha yeni cay plantasiyası salınmış və əvvəlcədən saxlanılan 4 ha çay sahələri nəzərə alınmaqla rayon ərazisində çay plantasiyalarının ümumi sahəsi 105 ha çatdırılmışdır.
Rayonda torpaq payçılarının öz torpaqları ətrafında kooperasiya şəklində birləşməsi üçün ərazilərdə maarifləndirmə tədbirləri aparılmışdır. Artıq görülmüş tədbirlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, rayonun Sığdaş və Kolatan ərazisində torpaq payçıları kooperasiya şəkilndə birləşərək öz torpaqlarında rayonumuz üçün ənəvi əkin sahələrindən olan çay bitkisinin əkilməsi üçün razılığa gəlmişlər. Hazırda hər iki kooperasiyanın dövlət qeydiyyatına alınması üçün sənədlər toplanır.
Rayonumuz üçün ənənəvi sahələrdən olan çəltikçilik və tütünçülüyün inkişafına da əhali arasında maraq xeyli yüksəlmişdir. Belə ki, 2017-ci ildə rayon üzrə 195 ha çəltik əkinləri aparılmış, rayon üzrə çəltik sahələrindən ümumilikdə 588 ton məhsul yığlmış, orta məhsuldarlıq 30 sentner təşkil etmişdir. Cari ildə çəltik əkinlərinin 300 ha çatdırılacağı gözlənilir. Bu məqsədlə rayonda fəaliyyət göstərən sahibkarlıq subyekti tərəfindən çəltik əkinləri üçün zəruri texnikalar alınaraq rayona gətirilmişdir.
2017-ci ildə isə rayonumuzda tütün əkini sahələri genişləndirilərək 32,5 ha-a çatdırılmış və ümumilikdə 55 tona yaxın qurudulmuş tütünün 41 tonu Şəki şəhərində yerləşən “İlham-M” MMC-yə, 14 tonu isə Lerik rayonunda yerləşən “LİK” MMC–yə təhvil verilmişdir.
2018-ci ildə rayon ərazisində 35 ha sahədə tütün əkilməsi proqnozlaşdırılır. Əkilməsi nəzərdə tutulan tütünün 3 ha-ı “Virciniya”, 3 ha-ı “Berley” qalan 29 ha-ı isə “İmmenium” sortu olacaqdır.
Rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində işlərə başlanılmışdır. Belə ki, 2017-ci ildə 20 qutu barama rayonun ayrı-ayrı kəndləri üzrə 12 kümçu ailəsinə paylanılmış və ümumilikdə 469,5 kq barama, o cümlədən 9,5 kq-ı “qarapaçax” növ barama olmaqla istehsal olunmuşdur. Təhvil verilmiş yaş baramaya görə istehsalçılara “Şəki-İpək” ASC tərəfindən 1843,25 manat vəsait ödənilmiş, dövlət tərəfindən isə 2300,50 manat subsidiya verilmişdir.
Cari ildə barama yetişdirilməsi üçün bütün yaşayış məntəqələrində mövcud olan tut bağlarının (ağacların) qeydiyyatı aparılmış və 5000 ədəd məhsuldar tut tingləri Çin Xalq Respublikasından gətrilərək şəhərin Seybətin ərazisində əkilmişdir. Əlavə olaraq Qarğalıq, Kalinovka, Kolatan, Təzə Alvadı, Bədəlan və Təklə kəndləri ərazisində ümumilikdə 3000 ədəd yerli tut tingləri əkilmişdir. Həmçinin barama istehsalçılarının tut ipəkqurduna olan təlabatının müəyyən edilməsindən ötrü ərazilərdən müvafiq formalar toplanmışdır.Nəticədə 2018-ci il üzrə tələbat nəzərə alınmaqla rayon üzrə barama istehsalçılarına bölgü əsasında ümumilikdə 50 qutu barama qurdu verilməsi üçün Nazirliyə məlumat verilmişdir. Cari ilin may ayında sifariş verilmiş barama qurdları rayona gətirilərək kümçülərə paylanılacaqdır.
Rayon üzrə 24 964 ha əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 mln kub.m su tutumu olan Viləşçay su anbarı və 3,0 mln kub.m su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9 892 ha torpaq sahəsi (40 %) suvarma suyu ilə təmin edilir. Suvarılan sahələrin 4 500 ha qapalı şəbəkələr vasitəsilə (bu sistem əsasən sıradan çıxmışdır), 5392 ha isə açıq torpaq kanallar vasitəsilə suvarılır. Rayonun Xəzər dənizi ətrafında, Muğan zonası adlanan ərazidə yerləşən yaşayış məntəqələri dəniz səviyyəsindən 20 metr aşağıda yerləşdiyi üçün həmin torpaqların bir hissəsi şoranlaşmış, bataqlıqlar yaranmışdır. Ərazilərdə kollektor-drenaj şəbəkələrinin çəkilməsinə ciddi ehtiyac vardır.
Suvarma problemlərinin tam həll edilməsi üçün Viləşçay su anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi ilə faydalı həcmi 130 mln.m 3 olacaq Viləşçay su anbarının ikinci növbəsinin tikilməsi nəticəsində 20 100 ha ( o cümlədən 1 746 hektarın su təminatının yaxşılaşdırılması, 18 354 ha yeni suvarılan sahələr) əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır. Eyni zamanda layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40,0 km uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 ədəd nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaqdır. Həmin layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalana biləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulmuş və bu istiqamətdə işlərə başlanılmışdır.
Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 70000 m 3 həcmində və 39 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.
2018-ci ilin birinci rübündə 47 saylı Yol İstismar İdarəsi tərəfindən rayonun bir sıra yollarında təmir işləri aparılmışdır. Belə ki, respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun 154-179-cu km-də bitum-qırmadaş materialları ilə təmir işləri aparılmış, yolun körpülərinin məhəccərləri , piyada yolları təmizlənmişdir. Yerli əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolunun 0-17-ci kilometrliyində təmir işləri görülmüşdür. Eyni zamanda Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunda cari təmir işləri aparılmışdır. Bundan əlavə Masallı-Köhnə Alvadı, Masallı-Kosakül avtomobil yollarına çınqıl materialı verilmiş və hamarlama işləri aparılmışdır. Həmçinin şəhərin daxili asvalt örtüklü küçələrinin təmiri üçün 50 tona yaxın avsavalt materialı istifadə edilmişdir.
Rüb ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən rayonun Yeni Zuvand, Kalinovka və Təzəkənd kəndləri ərazilərində yerləşən meşə fonduna aid sahələrdə ümumilikdə 24 ha meyvə bağları salınmışdır.
Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
2018-ci ilin I rübü ərzində rayon üzrə 591 baş iri buynuzlu heyvan süni mayalandırılmış və 446 baş sağlam bala alınmışdır .
Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 3089,40 min manata qarşı 3697,30 min manat və ya 119,6 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 408,40 min manata qarşı 421,40 min manat və ya 103,1 % yerinə yetirilmişdir. Şöbədə hazırda 27 min 457 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 85 nəfərə əmək pensiyası təyin olunmuşdur.
2018-ci ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən yaşa görə 14786, əlilliyə görə 10457, ailə başçısını itirən kimi 1933 nəfərə əmək pensiyası ödənmişdir.
Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110/35/10 kv-luq yarımstansiyalarda təmir bərpa işləri aparılmış, ümumilikdə 106 ədəd dəmir və ağac dayaq yenisi ilə əvəz edilmişdir. 35/10 kv-luq yarımstansiyalarda 115, 10/0,4 kv-luq yarımstansiyalarda 74 dəmir və ağac dayaq dəyişdirilmişdir. 35 kv-luq Alvadı yarımstansiyası üzrə yenidənqurma işləri ilə əlaqədar 31,6 km 10 kv-luq və 10 km 35 kv-luq hava xətləri tamamilə yenidən qurulmuş, 103 km 0,4kv-luq hava xətləri “SİP” kabellə əvəz edilmiş, 3700 abonent üçün yeni sayğaclar quraşdırılmışdır. Bundan əlavə Alvadı kəndində 21, Təklə, Sığıncaq, Mollahəsənli, Ləngan, Xoşçobanlı kəndlərində 18 ədəd yeni transformator quraşdırılmışdır.
Köçəkli kəndində 170 abonent üçün yeni Smart tipli sayğac quraşdırılmış, Boradigah qəsəbəsində 700 ədəd metaq dayaq basdırılmış və 1250 metr “SİP” kabel çəkilmişdir. Hazırda Qədirli kəndində 120, Köçəkli kəndində 386, Boradigah qəsəbəsində 1820 abonentə xidmət edən 0,4 kv-luq naqillərin “SİP” kabellə əvəzlənmə işləri davam etdirilir.
Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar rayonun Sirəbil ,Qızılağac, Hüseynhacılı, Öncəqala, Məmmədoba, Xıl, Babaküçə, Sığdaş,Sığıncaq, Bala Təklə, Qasımlı, Yeddioyma 2, Xanalion, Tiyaqani, Şıxlar və Qodman kəndləri təbii qazla təchiz edilmişdir. Hazırda Tatyanoba və Güllütəpə kəndlərinin qazlaşdırılmasına başlanılmışdır. Rayon üzrə qaz alan abonentlərin sayı 38151 nəfərdir. Hazırda rayon əhalisinin 96 faizi qazla təmin edilmişdir.
Cari ildə daha 2 yaşayış məntəqəsinin (Güllütəpə, Tatyan) qazla təmin olunması nəzərdə tutulmuşdur. Bu da ümumilikdə rayon üzrə qaz abonentlərinin 97 faizə çatdırılması deməkdir.
2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu məqsədlə “Viləşçay” Su anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 m 3 həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilmişdir.
Magistral xəttin uzunluğu 7 km, şəbəkədaxili xətlərin ümumi uzunluğu 209 km təşkil edir. Şəhər ərazisində veriləcək su sərfi orta gündəlik norma ilə adam başına 180 litr qəbul edilmişdir. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 9149 sayğac quraşdırılmışdır. Rüb ərzində 1340 abonentlə müqavilə bağlanaraq sayğaclara surğuc vurulmuşdur. Hazırda bu işlər davam etdirilir. Eyni zamanda şəhər ərazisində kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar son tamamlama işləri aparılır .
Cənab R.Hüseynov məruzəsinə davam edərək bildirmişdir ki, Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Müəyyən maliyyə çətinliklərinin yaşanmasına baxmayaraq hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 20 km-ə yaxın magistral xətt çəkilmiş və bu il 5 kəndə su verilməsi nəzərdə tutulmuşdur.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 34 min m 2 -ə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 160-200 m 3 olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı İstahsalat Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda park, xiyaban, küçə və prospektlərin işıqlanmasından ötrü 2000 dən artıq işıq dirəklərinə, həmçinin 35 ha yaşıllıq sahəsinə xidmət göstərilmişdir.
Rüb ərzində 60 ton kağız və karton tullantıları yığılmış 34,4 ton təhvil verilmişdir. Eyni zamanda 8 ton plastik tullantı yığılmış 3,9 ton təhvil verilmişdir.
Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.
Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəblərin tikintisinə başlanılmış, hazırda işlər davam etdirilir. Yaxın günlərdə Şıxlar və Bala Təklə kəndlərində də modul tipli məktəblərin tikintisinə başlanılacaqdır.
Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir.
Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüşdür. Hazırda Lürən və Miyankü həkim məntəqələrinin tikintisi davam etdirilir.
Masallı RİH başçısı cənab Rafil Hüseynov daha sonra qeyd etmişdir: “2018-ci ilin birinci rübündə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
2018-ci ilin ilk üç ayında rayonda 517 nəfər uşaq doğulmuş, uşaq ölümü 1 promil (1 nəfər), evdə doğuş 0,4 promil (2 nəfər) olmuşdur. Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və üç ay ərzinə 562 nəfər uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.
İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə (şəkərli diabeti) olan 5813 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 12 fevral 2018-cı il tarixdən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və bu iş davam etdirilir. Hazırda 104118 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr zamanı 2896 nəfərdə xəstəlik aşkar olunmuş, onlardan 2710 nəfəri ambulator, 109 nəfəri stasionar müalicəyə cəlb edilmişdir. 77 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
Əhalinin tibbi müayinəsi ilə bərabər uşaqların icbari dispanserizasiyası da davam etdirilir. Rüb ərzində 11544 uşaq müayinə edilmişdir ki, bunlardan 1618 nəfər uşaqda müxtəlif xəstəliklər aşkarlanmış və onlar dispanser qeydiyyatına alınmışdır. 75 nəfər uşaq daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə göndərilmişdir.
Rayonda 112 nəfər xroniki böyrək çatışmamazlığı xəstəsi vardır ki, bunlardan 48 nəfəri dövlət hesabına hemodializ edilir.
Rüb ərzində nikaha girmiş 93 cütlük müayinəsi zamanı 7 nəfərdə talassemiya daşıyıcısı aşkar edilmişdir.
Masallı Rayon Gigiena və Epidemiologiya Mərkəzi birinci rüb ərzində mütəmadi olaraq yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmışdır.
Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 12084 m 2 sahədə gəmiricilərə qarşı, 8334 m 2 sahədə həşəratlara qarşı, 1996 m 2 sahədə isə mikroblara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
Masallı rayon Mədəniyyət və Turizm şöbəsi cari ilin birinci rübündə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.
Masallı rayonunda fəaliyyət göstərən 33 turizm obyekti cari ilin üç ayında 4350 nəfər turist qəbul etmişdir ki, onun 550 nəfəri xarici vətəndaş olmuşdur.
Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daim diqqət mərkəzində saxlanılmalıdır.
Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 sentyabr 2016-cı il tarixində Masallıya səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı Masallı rayonu ərazisində Turizm istirahət kompleksinin tikintisi ilə bağlı məsələ qaldırılmış və təklif cənab Prezident tərəfindən bəyənilmişdir. Bu məqsədlə müvafiq məsləhətləşmələr aparılmış və tikinti layihə sənədlərinin hazırlanmasına başlanılmışdır.
Kompleksin Qəriblər kəndinin cənub hissəsində, Masallı-Yardımlı yolunun kənarında yerləşən 10 hektar sahədə tikilməsi mütəxəssislər tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Həmin torpaq sahəsi Dövlət meşə fonduna aid torpaqlardır ki, hazırda bu ərazidə seyrək meşə və kol ağacları mövcuddur. Bu torpaq sahəsinin şimal-şərq hissəsində isə ona bitişik, Qəriblər bələdiyyəsinin balansında olan və meşə örtüyü ilə daha zəngin olan 10 hektar torpaq sahəsi yerləşir.
Dövlət Meşə Fonduna aid 10 hektar torpaq sahəsinin, həmin əraziyə yaxın və Qəriblər bələdiyyəsinə aid olan 10 hektar torpaq sahəsi ilə dəyişdirilməsi ilə əlaqədar aidiyyəti təşkilatlara müraciətlər ünvanlanmışdır.
İnanırıq ki, bu layihənin icrası nəyinki Masallıda, bütün regionda turizmin inkişafına böyük təkan verəcəkdir.
Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP,AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşlar Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 105 ilk təşkilatının 11 min 175 nəfər üzvü vardır. Digər partiyaların üzvlərinin ümumi sayı 1108 nəfərdir.
Rayon ərazisində 36 QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12 ,uşaq , gənclər və idmanla bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində 2, təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və rüb ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 59 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2018-ci ilin birinci rübündə rayon ərazisində 107 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 92,3 % olmuş və 8cinayət hadisəsi açılmamış qalmışdır.
Rüb ərzində rayon İcra hakimiyyətinə 510 müraciət daxil olmuşdur ki, onlardan 276-sı rayon İcra hakimiyyətinə, 234-ü isə yuxarı təşkilatlara ünvanlanmışdır. Daxil olmuş müraciətlərin 497-si ərizə, 89-u şikayət, 14-ü təklif olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin sayında 89 ədəd artım, şikayətlərin sayında isə 8 ədəd azalma olmuşdur. Bu dövr ərzində keçirilən qəbullar zamanı ümumilikdə 370 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 255 nəfəri rayon İcra hakimiyyətində, 77 nəfəri səyyar, 38 nəfəri virtual qəbullarda qəbul edilmişdir.Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır.
Rüb ərzində “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir”.
Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.
Rayon ərazisində qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi il sonuna qədər rayon ərazisinin 97 faizinin qazla təmin edilməsi həyata keçiriləcəkdir.
Bildiyiniz kimi elektrik xətt təsərrüfatı istifadəyə yararsız vəziyyətdədir. Xətt təsərrüfatının yenilənməsinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin başa çatdırılması və burada park-bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir. Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcəkdir.
2018-ci ildə Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Xətai Parkının yenidən qurulması nəzərdə tutulmuşdur. Eyni zamanda ümumi uzunluğu 24,7 km olan Səmidxan – Xallıcallı - Eminli - Məmmədxanlı, Şatroba - Hişkədərə - Miyankü - Kubin yollarının asfaltlaşdırılması ilə əlaqədar hazırlıq işlərinə başlanılmışdır.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması istiqamətində tədbirlər görülməsi planlaşdırılır.
Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tütünçülüyün, üzümçülüyün tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Habelə sitrus və fındıq bağlarının salınmasına, heyvandarlığın inkişaf etdirilməsinə də xüsusi diqqət yetirməliyik. Eyni zamanda Masallı şəhərində “Sənaye məhəlləsi”nin istifadəyə verilməsi, “Logistik mərkəz” və “Yaşıl market” layihələrinin sürətlə reallaşdırılması diqqət mərkəzimizdə olacaqdır.
Masallı rayonunda Viləşçay Su Anbarının ikinci növbəsinin tikilməsi və bəndin ümumi su tutumunun 120 mln m 3 -ə çatdırılması ilə bağlı təklifimiz ölkə rəhbərliyi tərəfindən bəyənilmişdir. Bu istiqamətdə hazırlıq işləri aparılır və bəndin ikinci növbəsinin tikintisi nəinki Masallının bütün regionun iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir.
Rayonda turizmin inkişafı rayon iqtisadiyyatının əsas sahələrindən birini təşkil edir. Bu səbəbdən bütün regionu əhatə edən və bir mərkəzdən idarə olunan Turizm İstirahət şəhərciyinin İsti-Su zonasında salınması ilə bağlı irəli sürdüyümüz təklif reallaşmaq ərəfəsindədir. Bu istiqamətdə səylərimiz davam edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara köməklik göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. Habelə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə təşkili istiqamətlərində ardıcıl və sərt tədbirlərin görülməsi bundan sonra da daha geniş şəkildə davam etdiriləcəkdir.
Bildiyiniz kimi 2018-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “ Azərbaycan Xalq Cümhuriyyəti İli ” elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.
Məruzə ətrafında müzakirələrdə Masallı Elektrik şəbəkəsinin rəisi Ağaverdi Həsənov, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılov, Su-kanal idarəsinin rəisi Akif Həmidov çıxış etmişlər.
İclası yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Hüseynov geniş və əhatəli nitqində kənd təsərrüfatı işlərinin geniş vüsətini diqqətə çatdırmış, bəzi ərazilərdə torpaqların əkilməməsi, əkin sahələrinin suvarılması istiqamətində aparılan tədbirlərə, rayonda yaradılacaq yeni təsərrüfat sahələri, habelə təhsil, səhiyyə, uşaq müəssisələrinin, sosial obyektlərin tikilməsi məsələlərinə toxunmuş, tikinti-abadlıq işlərinin davam etdiriləcəyini söyləmişdir.