Masallıda gənclər arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon seçim turu
17 aprel 2018-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində gənclər arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə X Azərbaycan Çempionatının Rayon seçim turu keçirilmişdir.
Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, Rrespublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.“Xəmsə” Milli İntellektual Oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
Bilik yarışında yaşı 17-dən-29-dək olan gənclər öz bilik -bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Gərgin və maraqlı keçən bilik yarışın yekununda Qəriblər kəndinin “Anka” komandası 4700 xalla I yer, Təzə Alvadı kəndinin “Turan” komandası 4600 xalla II yerə, Masallı Dövlət Regional Kollecinin “Xəmsə” komandası 2800 xalla III yerə layıq görülmüşdür..
Beləliklə iki komanda Biləsuvar rayonunda keçirilən zona yarışına vəsiqə qazanmışdır.
Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunmuşlar.