Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Azərbaycan kino incəsənəti” mövzusunda mühazirə

20 aprel 2018 | 16:00

20 aprel 2018-ci il tarixdə Masallı şəhər “ASAN həyat” kompleksinin nəzdindəki Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan kino incəsənəti” mövzusunda mühazirə keçirilmişdir.

Heydər Əliyev Mərkəzi, Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət Xadimi Rafiq Quliyevin mövzu ilə bağlı mühazirəsi dinlənilib.
Milli kinonun yaranmasının, onun tərəqqisinin ölkələrin inkişaf tarixi ilə sıx bağlı olduğunu vurğulayan R.Quliyev bu sənətin Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəllərində sürətli iqtisadi, sosial-mədəni yüksəliş dövründə meydana gəldiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ilk Bakı fotoqraflar dərnəyinin yaradıcısı Aleksand Mişonun 1898-ci ildə çəkdiyi və həmin ilin avqust ayının 2-də nümayiş etdirilən “Bibiheybət neft mədənlərində yanğın”, “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsində sübh çağı” və digər sənədli, eləcə də “İlişdin” adlı bədii süjetlərlə fəaliyyətə başlayan Azərbaycan kinosu qısa müddətdə milli mədəniyyətin, sosial həyatın ayrılmaz tərkib hissəsinə çevrildi.
Həmin dövrdə “Bismillah”dan “Almaz”a qədər səssiz filmlərin çəkilişi Azərbaycanın kino incəsənətində realist üslubun göstəricisi idi. 1925-1936-cı illərdə lentə alınmış “Bismillah”, “Sevil”, “Gilan qızı”, “İsmət”, “Lətif”, “Almaz” və digər səssiz filmlərin, Azərbaycanın ilk peşəkar kinorejissoru Səməd Mərdanovun kinoya gəlişi, 1939-cu ildə çəkilən “Kəndlilər” filminin uğur qazanması məhz bu amillə bağlıdır.
Mühazirədə bildirilib ki, İkinci Dünya müharibəsində çəkilən filmlərin azlığına baxmayaraq, Azərbaycan kinosunda sənədli filmlərin çəkilişinə daha çox yer verilirdi. 1940-1960-cı illərdə “Arşın mal alan”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Ögey ana”, “Əhməd hardadır?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” bədii filmləri ekranlara çıxdı. Ötən əsrin 60-70-ci illərində Azərbaycan kinosuna yeni nəslin gəlməsi ilə bu sənət sahəsinin yeni inkişaf dövrü başlandı.
Diqqətə çatdırılıb ki, keçən əsrin 90-cı illərində SSRİ dağılsa da, dövlətin himayə etdiyi kinematoqrafiya fəaliyyətini davam etdirdi. “Özgə vaxt”, “Yarasa”, “Hər şey yaxşılığa doğru”, “Nabat”, “Çölçü”, “Çövkən” və digər filmlər beynəlxalq festivallarda uğurlar qazanaraq kinomuzun müasir görkəmini dünya tamaşaçısına sərgilədi və Azərbaycanı bütün dünyaya tanıtdı.
Mühazirə dinlənildikdən sonra "Çövkən” sənədli filmi nümayiş etdirilib. “Salnamə” kinostudiyasında lentə alınmış filmin ssenari müəllifi və rejissoru Əməkdar İncəsənət Xadimi Rafiq Quliyevdir. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər