Masallıda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyi qeyd olunub
27 aprel 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunan konfrans keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə-müəssisə rəhbərləri, tibb müəssisələrinin həkimləri, müəllimlər iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova bildirib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib.
Masallı Rayon Mərkəzi Xəstəxanasının oftalmoloq-həkimləri Gülnarə Məmmədova, Yaşar Bağırov, Orxan Güllərov, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova, qeyd ediblər ki, akademik Zərifə Əliyeva Oftalmologiya sahəsində görkəmli alim olmaqla yanaşı, həm də Azərbaycan qadınına xas olan ən ülvi, nəcib dəyərləri özündə yaşadan ziyalı, şəfalı əlləri ilə gözlərə işıq bəxş edən, mərhəmətli qəlbi və həlim xasiyyəti ilə könüllərə məlhəm olan nurlu şəxsiyyət idi.
Çıxışçılar əlavə ediblər ki, Zərifə xanım kimi alimlərin xidmətləri sayəsində böyük inkişaf yolu keçən Azərbyacan oftalmologiyası son illər daha ciddi nailiyyətlər əldə edib.