Masallı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin seminar-müşavirəsi keçirilib
11 may 2018-ci il tarixdə Masallıda rayon Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə seminar-müşavirə keçirilib.
Masallı şəhər 3 saylı tam orta məktəbinin böyük iclas zalında keçirilən tədbirdə təhsil və səhiyyə işçiləri iştirak edib.
Tədbiri giriş sözü ila açan Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Muxtarov bildirib ki, seminar-müşavirənin məqsədi Nazirlər Kabinetinin “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanununa əsasən ”Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyası üzrə tədbirlərin həyata keçirilməsinə dair Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün ”Strateji Planı”nı nəzərə alaraq dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində sanitariya maarifləndirmə işlərini gücləndirməkdir.
Müşavirədə uşaq və yeniyetmələrin profilaktik tibbi müayinələrinin yaxşılaşdırılması, uşaqların dərin tibbi müayinələrinin keyfiyyətli təşkili, ümumtəhsil müəssisələrinin sanitariya vəziyyətinə və onun saxlanmasına dair tələblər, düzgün və rasional qidalanmanın, təhlükəsiz, keyfiyyətli su təminatının təşkili, yeniyetmə və gənclər arasında pis vərdişlərin zərərli nəticələri barədə rayon GEM-nin “Sanitariya-gigiyena” şöbəsinin müdiri Saleh Eminbəylinin geniş məruzəsi dinlənilib.
Maarifləndirici tədbirdə həmçinin yeniyetmə və gənclər arasında pis vərdişlərin – siqaret cəkmənin, spirtli içkilər və alkoqolizmin, narkotiklərdən istifadənin zərərli nəticələri və mübarizə yolları barədə danışılıb, mühazirə ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.