Futbol üzrə 13 yaşadək uşaqlar arasında Respublika turniri
2017/2018-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Coca-Cola-nın sponsorluğu ilə 13 yaşadək (U-13) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının nəticələri rayonumuz üçün uğrlu olmuşdur. Rayonumuzun Ə.Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbinin komandası bu yarışlarda müvəfəqiyyətlə iştirak edərək turnirdə 3-cü yerə çıxmış və bürünc medallarla mükafatlanmışdır.
Turnirin rayon birincisi olan komandamız zona birinciliyində Lənkəran,Astara ,Lerik və Yardımıdan olan həmyaşıdlarını geridə qoyaraq yarımfinal mərhələsinə çıxmış, daha sonra Şirvan şəhərində İmişli komandasına 5:4 hesabı ilə qalib gələrək final mərhələsinə yüksəlmişdir.
Bakı şəhərində keçirilən final mərhələsində Xətayi rayon komandasını 7:5 hesabı ilə udub yarışların ½ mərhələsinə çıxmış, lakin burada daha güclü olan Binəqədi komandasına məğlub olub 3-cü yer uğrunda mübarizəyə qalmış və bu mübarizədə Mingəçevir şəhərindən olan həmyaşıdlarına 2:1 hesabı ilə qalib gəlib bürünc medala layiq görülmüşdür. Binəqədi rayonun idmançıları yarışların qalibi olmuş,Qazax rayonunun komandası isə 2-ci yeri tutmuşdur. Komandamızın qapıçısı Afər Quliyev turnirin “Ən yaxşı qapıçı” xüsusi mükafatına layiq görülmüş və orada olan mütəxəssislərin diqqətini çəkmişdir.
Komandanı yarışlara məşqçi Ramil Həsənov və məktəbin fiziki tərbiyə müəllimi N.Cəbrayılov hazırlamışdır.