Masallı şəhər uşaq-incəsənət məktəbində hesabat konserti olub
12 iyun 2018-ci ildə Masallı şəhər incəsənət məktəbində 2017-2018-ci tədris ili üzrə hesabat konserti keçirilib.
Burada Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və digər qonaqlar iştirak edirdi.
Tədbirdə çıxış edən məktəbin direktoru Azər Əhədzadə iştirakçıları salamlayaraq konserti açıq elan etdi. O, Masallı rayonunda ilk musiqi məktəbinin 1964-cü ildə fəaliyyət göstərdiyini, 1980-ci ildə incəsənət məktəbi adlandırılğını və 2016-cı il sentyabrın 3-də açılışında ölkə Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi iki mərtəbəli, müasir tələblərə cavab verən, geniş və yaraşıqlı 11 illik incəsənət məktəbinin tikilib istifadəyə verildiyini bildirdi.
Məktəb rəhbəri 69 müəllimin çalışdığı, 300 şagirdin təhsil aldığı bu mədəniyyət ocağında fortepiano, tar, qarmon, kamança, balaban, xanəndəlik, rəssamlıq və rəqs şöbələrinin fəaliyyət göstərdiyini söylədi. Sonra məktəb şagirdlərinin ifasında bir-birindən maraqlı və yaddaqalan çıxışlar izlənildi.
Tədbir iştirakçılarının çox böyük marağına səbəb olan mahnı ifaları və rəqs nömrələri sürəkli alqışlarla qarşılandı.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev uşaq-incəsənət məktəbinin şagirdləri qarşısında çıxış edərək onlara uğurlar arzu ediblər.
Yazıçı- publisist Ə. Niftiyev yenicə işıq üzü görmüş kitablarını fərqlənən şagirdlərə hədiyyə verərək, məktəb rəhbərini rayon ağsaqqallar şurasının Fəxri fərmanı ilə təltif etdi.