Masallıda “Azərbaycan Xalq Cumhuriyyəti İli”nin elan olunması və 26 İyun “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” nün 100 illik yubileyi
25 iyun 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti İli”nin elan olunması və 26 İyun “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” nün 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq bildirdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. Natiq daha sonra bu gün ölkədə aparılan ordu quruculuğu prosesindən bəhs etmişdir: “Hazırda ordu quruculuğu prosesi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi müasir ordumuz düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2 il əvvəl aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında bu gün ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyi gün də uzaqda deyil.
Tədbirdə Masallı Dovlət Regional kollecinin metodisti tarixçi Baba həsənov məruzə ilə şıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışıb. Qeyd edib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-nın Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunduğunu qeyd edən Baba Həsənov hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda ən güclü ordu olduğunu vurğulayıb: “Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimiz son illər qüdrətini artırıb. Bu gün ordu quruculuğu dövlətimizin başçısının diqqət mərkəzindədir. Ordunun döyüş hazırlığı səviyyəsinin artırılması, onun müasir hərbi texnika və vasitələrlə gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.
B.Həsənov əlavə edib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirib. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı
Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində strateji yüksəkliklər işğaldan azad edilib. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşına həkk olunub.
Tədbirdə Qarabağ Müharibəsi Əliləri Vetiranları və Şəhid ailələri İB-nin sədri Nahid Rəhimov çıxış edərək bildirdi ki, Azərbaycanda müasir Ordu quruculuğuna bir də yalnız 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə başlanmışdır. Bu dövrdən etibarən ölkədəki silahlı birləşmələr dövlətin tam nəzarətinə keçmiş, Silahlı Qüvvələrin təşkili istiqamətində mühüm addımlar atılmışdır. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”.
Daha sonra tədbirdə SHXÇDX-nın Masallı rayon şöbəsinin əməkdaşı Vüqar Əhmədov, Rayon Təhsil şöbəsinin metodisti Əyyar burhanov, Seybətin tam orta məktəbinin hərbi müəllimi Cəmaləddin Məmmədov çıxış edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrin keçdiyi şərəfli tarixi yol və ölkədə bu gün inamla aparılan ordu quruculuğundan danışmış, diqqəti Azərbaycan əsgərinin qəhrəmanlığına, gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə yönəltmişlər.
Tədbirin sonunda bir qrub hərbi müəllimlərə tədbirlərdə fəal iştrakına və qazandığı uğurlara görə Masallı rayon Gənclər və idman İdarəsi tərəfindən fəxri fərmanlar təqdim olunub