Şriftin ölçüsü :

Saytın rəngi :

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı ilk dəfə Masallıda

25 iyun 2018 | 16:00

25 iyun 2018-ci il tarixdə Masallı şəhərindəki Heydər Əliyev Parkında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına start verilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişi, bölgələrarası mübadilənin gücləndirilməsidir.
Festival çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunacaq.
Festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmaq imkanı yaradacaq.
Masallıda keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin hər birinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilib.
Festivalın açılış mərasimində Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərviz İsgəndərli, Milli Məclisin deputatı Elmira Axundova, Masallı Şəhər İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, mədəniyyət və incəsənət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış olublar.
Sonra hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçsı Rafil Hüseynov festival iştirakçılarını salamlayaraq tədbirə Masallıda start verilməsini rayon sakinlərinə göstərilən yüksək etimad kimi dəyərləndirib, festival iştirakçılarına yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərviz İsgəndərli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin məqsəd və vəzifələrindən danışaraq bildirib ki, Masallı rayonunun beynəlxalq festivalların keçirilməsində zəngin təcrübəsi var. İki il əvvəl Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Bölgələrdən paytaxta” layihəsinə də məhz Masallıdan start verilmişdi.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən hərarətlə, alqışlarla qarşılanıb.
Rayon sakinləri bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəməyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ötən illərdə Nazirlik tərəfindən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonların mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə, qarşılıqlı konsert və sərgilər keçirilir.
Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi şərəfinə gerçəkləşən festival ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin yaradacaq.
Qeyd edək ki, “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı iyunun 26-da Lənkəran Şəhərindəki Heydər Əliyev Xatirə Parkında davam etdiriləcək.

Keçidlər