Masallıda “Azərbaycan Xalq Cumhuriyyəti ili” nin elan olunması ilə əlaqədar olaraq “100 illik şanlı tarix” mövzusunda konfrans keçirilib.
09 iyul 2018-ci il tarixdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti ili” nin elan olunması ilə əlaqədar olaraq “100 illik şanlı tarix” mövzusunda konfrans keçirilib
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından sonra 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi olduqca önəmli addımdır. Cümhuriyyətin 100-cü ildönümündən düz bir il əvvəl Azərbaycan Prezidentinin yubiley haqqında Sərəncam imzalaması, 2018-ci ilin başlanğıcında, yanvarın 10-da dövlətimizin başçısı tərəfindən cari ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinin, zənginliyinin təsbit olunduğu Sərəncamda maarifçilik ideyalarından milli özünüdərkə gedən yolun səciyyəsi, tərəqqipərvər ictimai-siyasi elitanın rolu diqqətə çatdırılır. Cümhuriyyət dövründə həyata keçirilmiş ən mühüm tədbirlərin, hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmaq yönündə görülmüş işlərin qeyd olunması qısamüddətli dövrün taleyüklü məzmununu açıqlayır. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyəti sayəsində “Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsində” qalması haqqında müddəa ciddi tarixi, elmi əsasa malikdir. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu vurğulayan Prezidentin bu Sərəncamı Cümhuriyyətin əhəmiyyətini beynəlxalq aləmə çatdırmaq məzmunu daşıyan qərardır. “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan olunması həm də Azərbaycan cəmiyyətinin müstəqil dövlətçiliyinə sahib çıxmaq iradəsidir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şaban Əliyev çıxış edərək bildirdi ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 100 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. AXC-nin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir
Daha sonra tədbirdə fəal gənclərdən Əhmədov Tural və başqaları çıxış edərək bildirdilər ki, Bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Müasir Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunmuş, dünya birliyinə sürətli inteqrasiya yolunu uğurla keçmişdir.