Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev- tarixdə iz qoymuş böyük şəxsiyyət

11 iyul 2018 | 16:00

11 iyul 2018-ci ildə Rəhim Tağıyev adına Masallı rayon Tarix Diyarşünaslıq Muzeyində Mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 49-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən YAP Masallı rayon Təşkilatının baş məsləhətçisi Eldar Kazımov ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanın inkişafı, hüquqi, dünyəvi dövlət və ordu quruculuğu, xalqımızın maddi rifah halının yüksəldilməsi sahəsində misilsiz xidmətlərindən danışıb. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına qayğı ilə yanaşıb. 1969-1982-ci illərdə həyata keçirilən layihələr öz miqyasına görə Azərbaycanın quruculuq dövrünü təşkil edir. Ölkəmizin müstəqilliyi və bugünkü möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılan potensiala əsaslanır. Həmin dövrdə respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edilib, əhalinin şəraitinin yaxşılaşdırılması üçün genişmiqyaslı mənzil tikintisi layihələri həyata keçirilib. Bir sözlə, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixidir.
Bildirilib ki, ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan edib. Ermənistanın Avropa Şurası tərəfindən təcavüzkar kimi tanınmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var.
E.Kazımov qeyd edib ki, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi, ən mötəbər tədbirlərə ev sahibliyi etməsi, beynəlxalq aləmdə nüfuz qazanması Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Biz inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunması yolunda dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, həmin ərazilərdə üçrəngli müqəddəs bayrağımız dalğalanacaq.
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, YAP Masallı rayon Təşkilatının işçisi Naibə Məmmədova, Digah 4 saylı orta məktəbin müəllimi Rafiq Abbasov və digərləri çıxış edərək Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi, ən mötəbər tədbirlərə ev sahibliyi etməsi, beynəlxalq aləmdə nüfuz qazanmasının Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olduğunu bildiriblər.

Keçidlər