Nazillidən (Aydın) Masallıya könül körpüsü
04 avqust 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Parkında Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə “Nazillidən Masallıya könül körpüsü” adlı möhtəşəm konsert proqramı keçirildi.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova tədbiri giriş sözü ilə açaraq hər kəsi salamladı qardaş Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və qardaşlıq əlaqələrindən bəhs etdi.
Sonra Masallı RİH-nin başçısı Rafil Hüseynov, Millət vəkili Qənirə Paşayeva və Nazilli bələdiyyəsinin sədri Haluk Alıcık çıxışlarında qonaqları salamlayaraq bu qardaşlıq konsertinin xalqımız və ictimaiyyətimiz üçün dəyərindən söz açdılar.
Qardaş ölkə Türkiyədən gəlmiş folkor qrupu ilə bərabər paytaxt Bakıdan dəvət olunan müğənnilər-İlham Əsgəroğlu, Mütəllim Dəmirov, Masallının məşhur “Halay” folklor rəqs qrupu, Masallı rayon Uşaq İncəsənət məktəbinin rəqs qrupu, Masallı Rayon Mədəniyyət Mərkəzinin solistləri Miriş Hüseynov, Atamoğlan Zahidov və başqaları öz çıxışları ilə tamaşaçılarda yüksək əhval ruhiyyə yaratdılar.
Konsertin sonunda Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Nazilli bələdiyyəsinin sədri Haluk Alıcıka Masallını simvolizə edən xatirə hədiyyələri təqdim etdi. Eyni zamanda Nazilli bələdiyyəsinin sədri Haluk Alıcık da Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynova Nazillidən gətirdiyi hədiyyələri təqdim etdi.
Konsert Mütəllim Dəmirovun ifasında Qarabağ şikəstəsi ilə yekunlaşdı.