Torpaqları yandırmayın !
Son vaxtlar biçilmiş taxıl zəmilərini, otlaqları, yolların kənarındakı tikanlıqları yandırmaq dəb düşüb. Heç kim başa düşmək istəmir ki, bu yanğınların mahiyyəti nədir? M ütəxəssislərlə müsahibələrdə tam əminlik yaranır ki, sahələrin yandırılması nəinki məhsuldarlığı aşağı salır, hətta bir neçə dəfə təkrarlandıqda torpaq yararsız hala düşür. Bu yanğınlar həm torpağın münbitliyinə xələl gətirir, həm də ki, qonşuluqdakı taxıl zəmilərinə keçə bilir, bəzən də telekommunikasiya sisteminə ziyan vurur. Hələ meşələrdəki yanğınların fəsadını demirik.
Mütəxəssislər deyirlər ki, əkindən sonra sahənin yandırılması heç də bəzi təsərrüfatı, torpağı bilməyən adamların düşündüyü kimi deyil. Bu, torpağa o qədər ziyan vurur ki, sonralar münbitliyi bərpa etmək üçün illərlə vaxt lazım olur.
Bu yaxınlarda Milli Məclisdə “Torpaq haqqında məcəllə”yə dəyişiklik edilib: taxıl sahələrini biçəndən sonra yandırılması qəti surətdə qadağandır. Hətta buna qarşı cərimələr də nəzərdə tutulub: İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərə 500 manat, hüquqi şəxslərə 1000-1500 manat.
Doğrudur, bəziləri torpağı bilməyərəkdən yandırır. Çünki bilmir ki, torpaq şumlananda buradakı yabanı bitkilər, xüsusilə saman-küləş çürüyür və torpağı qidalandırır. Yandırılmış torpaqda isə qidalandırıcı canlılar tamamilə məhv olur. Belədə görünür ki, fermerlər, torpaq sahibləri maarifləndirilməli, sahələrdə təbliğat, qadağanedici lövhələri asılmalı, adamlarla şifahi söhbətlər aparılmalıdır. Bu məsələ bəzi qurumlar tərəfindən nəzarətə götürülməlidir.