Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şum, sabah bolluq

13 avqust 2018 | 16:00

Qarğalıq ərazisində əmək coşqunluğu var. Tarlalardan badımcan, soğan, pomidor yığılır. Bir az əvvəl zəmilərdə kombaynlar elin varını biçib başa çatdırdılar. Ötən illərdən fərqli olaraq əmək adamları noxud, sarımsaq və başqa paxlalı bitkilər də yetişdirmişlər.

Bu gün Qarğalıqlılar üçün ən önəmli aqrotexnikitədbir növbəti ilin məhsulu üçün torpaqların şumlanmasıdır.

Xallıcalıya getməyə hazırlaşan ərazi nümayəndəsi Sübhan Zalıyevlə nümayəndəliyin qarşısında görüşürük.

-Havalar isti keçdiyindən traktorçular səhər və axşamüstü işə çıxırlar, – deyə ərazi nümayəndəsi söhbətə başlayır. Hazırda Eminli, Qədirlidə də torpaqların şumlanmasına başlanıb.

Xallıcalı kəndinin güncıxanında canlanma var. Bir tərəfdən badımcan sahələri suvarılır, məhsul yığılır, digər tərəfdən sahələr şumlanır.

Ərazi nümayəndəsi deyir ki, taxıl biçini başa çatıb, noxud, sarımsaq sahələrinin də məhsulu yığılıb. Fermerlər payız yağışları düşməmiş torpaqları şumlamağı qərara alıblar. Sahədə iki traktor bir-birinin ardımca düşüb irəliləyir. Mexanizatorların təcrübəsi işin keyfiyyətindən bilinir. Günəşin zərrin şüaları altında parıldayan torpaq sanki bu günkü qayğıdan razıdır. Sübhəsiz gələn il torpaqlar əkin üçün növbələşir. Bu gün taxıl əkilmiş sahələrdə növbəti il tərəvəz məhsulları yetişdiriləcək. Bu, keçmiş təsərrüfatçıların ənənəsidir, hazırda hamı faydasını yaxşı bilir.

Ənvər Kərimov bu il payıbəlli torpağında əsasən noxud, tərəvəz və sarımsaq əkib. Torpaq adamı deyir ki, əkdiyinin, yetişdirdiyinin bəhrəsini görəndə uçmağa qanad axtarırsan. 5-6 il əvvəl çayxanalara getməkdən bezmişdik. İndi torpağa qayıtmışıq. Həm dolanışığımızdır, həm də bolluq. Bazarlar, adamlar məhsul gözləyir. Ötən il sarımsağın kiloqramı 8-10 manat idi. Bu il bolluq var. Rayonda xeyli sahədə sarımsaq əkilmişdir. Noxud da hakəza.

Ənvər Kərimov qeyd edir ki, bol məhsulun bünövrəsi bu gün qoyulur – yay şumunda. Yayda şumlanmış sahələr rahat hamarlanır, narın torpaqda əkin keçirmək də çətin olmur.

Ərazi nümayəndəsi S. Zalıyev bolluq yaradılmasında mexanizatorların əməyini qeyd edir. Ərazidəki 6-7 təkərli traktor bu tədbiri həyata keçirir. Qabil Orucov, Yalçın Hüseynov, Əlizamin İsmayılov və başqaları bol məhsul üçün yay şumunu vaxtında başa vururlar. Ərazidə isə hələ məhsulu yığılmamış tarlalar var. Çox keçməz ki, bu sahələr də məhsulu yığılan kimi şumlanacaq.

Keçidlər