Şriftin ölçüsü :

Saytın rəngi :

Kələm ən gəlirli tərəvəzdir

17 avqust 2018 | 16:00

Türkoba kəndindən  Dadaş Seyidov həftəlik "Yeni həyat" qəzetinin  redaksiyasına göndərdiyi məktubda yazır ki,  Masallının torpaqlarında bol və keyfiyyətli tərəvəz yetişdirmək çətin deyil, suyunu ver, torpağını yaxşı becər, nəticəsini görərsən. Bu sözləri 30 il əvvəl rayon aqrar sənaye birliyinin rəisi işləmiş, rəhmətlik Əfsər Bağırovun dilindən eşitmişəm. Özüm də təcrübəmdə bunu görmüşəm. Uzun illər tərəvəzçilik briqadiri işləmişəm. Torpaqlarımız münbitdir. Nə əkirsən, bol məhsul verir. Ancaq əsas budur ki, qayğını əsirgəməyəsən, bu günkü işi sabaha qoymayasan. Hər işin vaxtı, məqamı var. Torpağın vaxtında şumlanması, şitilin yetişdirilməsi, əkilməsi, becərilməsi, suvarılması, hətta məhsulun yığılması əsas şərtlərdəndir. Laqeydlik edib, tərəvəzi bir-iki gün gec suvarsan məhsula ziyan dəyər.
  Bir qocaman təsərrüfatçı kimi   təəssüflənirəm ki, rayonumuzda çaya, tərəvəzə münasibət dəyişib. Doğrudur, son illərdə kartofçuluq və çiyələkçiliyə maraq var. Ancaq yenə də ən gəlirli sahə kimi tərəvəzçilik öndə olmalıdır. Bizim ilk qayğımız kələm yetişdirməkdən başlayırdı. Yay aylarında ləkləri hazırlayıb toxum tədarük edərdik. Kələmin hər növünü ayrı-ayrı ləkdə əkərdik. Sahələrə şitil köçürəndə də bu qaydanı gözləyərdik. İlk payız yağışları başlar-başlamaz əkini qurtarardıq. Bu zaman çox tədbirləri həyata keçirərdik. Suvarma kanalları, məhsulun daşınması üçün yollar, tara tədarükü hazır olardı. Aqrotexniki qaydalar düzgün, vaxtında həyata keçirildiyindən məhsul eyni qaydada yetişərdi. Yığım da tez başa çatardı. Deməyim budur ki, kələm tez yetişən, gəlirli tərəvəzdir.
Bu yaxınlarda bazarı gəzdim, bir yerdə kələm vardı, soruşdum, dedi Biləsuvardan gətirilib. Niyə Masallı kələmi tapılmır? Niyə əkilmir? İkinci tərəvəz məhsulu pomidordur ki, hazırda bazar-dükanda bir manatadır. Bu məhsul da az əkilib becərilir. Çox vaxt deyirik ki, bolluq olsun, əlbəttə, bolluq yarananda ucuzluq olur. Necə ki, çiyələk, sarımsaq, noxud, mərcimək və s. indi bazarlarda ucuz qiymətə alınır.
  Bu gün bəzi ərazilərdə ikinci xiyar əkilir. Yaxşı məhsul verir, yaxşı da satılır. İl boyu kələm,   pomidor, badımcan, xiyar da yetişdirmək mümkündür. Kələm yetişdirmək daha vacibdir. Çünki bir çox yeməklərin hazırlanmasında istifadə olunur, sağlamlıq üçün vacibdir.
Fermerlərə tövsiyəm budur ki, torpaqda ilboyu tərəvəz məhsulları yetişdirmək bolluğa böyük köməkdir.

Keçidlər