Masallıda “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliği” layihəsinə start verilib
20 avqust 2018-ci il tarixdə Masallı “ASAN həyat” kompleksində layihənin açılış mərasimi keçirilib.
Tədbirdə iştirakçılara layihə haqqında məlumat verilib. Həmçinin “Şəhadət” filminin nümayişi və müzakirəsi keçirilib.
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliği məqsədilə tədbirlərin təşkili” layihəsinə start verilib.
Layihənin məqsədi gənc nəsillərə Azərbaycanın dövlət siyasəti olan dini dözümlülüyü, milli mənəvi dəyərləri, tolerantlıq nümunələrini düzgün şəkildə təbliğ etmək, ölkəmizdə dinlərarası nümunəvi əlaqələri, əsrlərdən bəri formalaşan köklü ənənəni, qarşılıqlı hörmət və əməkdaşlığı onlara çatdırmaq, o cümlədən radikal dini cərəyanlara qarşı mübarizəni və tolerantlığı təmin etməkdir.
Beş regionda yaşayan 16-25 yaşarası gəncləri əhatə edəcək layihə çərçivəsində dini dəyərlərin təbliği mövzusunda lentə alınmış fotolardan ibarət sərgi keçiriləcək. Həmçinin vətənpərvərlik, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə həsr olunmuş filmlər nümayiş etdiriləcək.