“Aqrolizinq” ASC növbəti maarifləndirmə və sorğu layihəsini Masallıda keçirib
25 avqust 2018-ci il tarixdə Masallı Rayon Mədəniyyət Mərkəzində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və yerindəcə həll edilməsi məqsədilə “Regionlarda maarifləndirmə və sorğu” layihəsi Masallıda davam edib.
Bu cür tədbir ilk olaraq Şəmkir, Ağstafa və digər rayonlarda keçirilib.
Tədbirdə “Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçisi Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarından olan fermer və sahibkarlarla görüşüblər.
Görüşdə əsasən Masallı rayonunda fermerlərin çətinlikləri və şikayətləri dinlənilib. Qeyd olunub ki, çayçılıq, çəltikçilik, sitrusçuluqla əlaqədar fermerlərə hər cür texnika veriləcək.
Tədbirdə Boradigah qəsəbəsindən fermer Əli Muxtarov, Sığdaş ərazisindən Mirqasım Bağırov, Əhmədli kəndindən “Tərəqqi” medallı Hadı İsmayılov, Həsənli kəndindən Təbriz Rzayev, Masallı “Aqrolizinq”in sədri Adil Həsənov, Xırmandalı kəndindən Səlimə Əhmədova və başqaları çıxış edib müəyyən çətinliklərlə əlaqədar müraciət ediblər.
Görüşdə vətəndaşlar lizinq qaydaları və tətbiq edilən güzəştlər, innovativ yeniliklər barədə maarifləndirilib, elektron xidmətlər, mineral gübrələr, damazlıq heyvanlar, kənd təsərrüfatı texnikaları və suvarma aqreqatlarının verilməsində olan güzəştlər barədə ətraflı məlumat verilib.
Sonra sahibkarlar və fermerlərin qarşılaşdıqları mövcud problemlər və onların həlli yolları müzakirə edilib, təklifləri dinlənilib.
Görüşün sonunda vətəndaşlara güzəşt müqavilələri təqdim edilib.