Masallıda keçirilən "Yay Məktəbi"nə yekun vurulub
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”ndə qalib olmuş Peyman Nəhmətovun “11-ci sinif abituriyentlərinin peşə yönümlü Yay Məktəbi” fərdi layihəsinə yekun vurulub.
Masallı rayonunda keçirilən 2 günlük (24-25 avqust) yay məktəbində Cənub regionunun 5 rayonundan (Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı) 30 abituriyent (13 qız, 17 oğlan) iştirak edib.
Yay məktəbi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsilə başlayıb. Giriş sözü ilə çıxış edən layihə rəhbəri Peyman Nəhmətov iştirakçıları salamlayıb, donor təşkilat Azərbaycan Respublikası Təhsil Nazirliyinin layihəyə olan diqqətini qeyd edərək, maliyyə dəstəyinə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, layihənin məqsədi 11-ci sinif şagirdlərinin sərf etdiyi zaman və enerjinin müsbət nəticələnməsinə dəstək olmaq, onların peşə və ixtisas seçiminin düzgün olmasından ibarətdir.
Layihənin eksperti Nəsimi Bədəlov layihənin mövzusunun vacibliyini, ölkəmizdə ehtiyac duyulan ixtisasları və həmçinin peşələrə göstərilən diqqəti nəzərə çatdırıb.
Yay məktəbində 2 günlük təlim proqramını biznes və karyera planlaması üzrə beynəlxalq təlimçi Rafət Şirəliyev idarə edib. O, abituriyentlərə düzgün ixtisas qrupu seçmək, ixtisas və peşə, eləcə də universitet seçimi, imtahanlara psixoloji hazırlıq, motivasiya, liderlik, məqsədin müəyyən edilməsi, karyera planlaması, insanlarla uğurlu ünsiyyət və s. bu kimi mövzularda təlimlər keçib.
Təlimlərlə bərabər abituriyentlər müxtəlif qrup və fərdi işlər hazırlayaraq təqdimatlar ediblər.
Yay məktəbinin sonunda iştirakçılara sertifikatlar verilib, xatirə şəkli çəkilib.