Sözdən əmələ keçməli
Rayonumuzun səfalı guşələrindən biri və təbiətcə gözəl olan Tüklə kəndi ərazi sakini Rəvvaq Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, 8 səhifədə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına ünvanladığı məktubda yazır ki, ötən əsrin sonlarında bölgəmizdə çay və sitrusçuluğun, tərəvəzçiliyin, çəltikçiliyin mahiyyətinə varmadan məhv edilməsi adamlara böyük iqtisadi ziyan vurdu. Çoxillik çay və sitrus bağlarını yenidən bərpa etmək isə böyük maliyyə vəsaiti tələb edir.
Ötən ilin sentyabrında ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, səltik və sitrus meyvələri istehsalının inkişafı ilə bağlı respublika müşavirəsində bu məsələlər çox geniş araşdırılmış, ölkə rəhbəri tövsiyə və göstərişlərini vermişdir. Prezident cənab İlham Əliyevin nitqində bu sahələrin inkişafı çox aydın əksini tapırdı.
Bölgəmizin torpaq strukturu da sitrus bitkilərinin inkişafı üçün geniş yol açır. Yəni bu torpaqlar iqtisadiyyatımızın yüksəlməsinə böyük önəm verir.
Həmin torpaqların boş saxlanması, əkilməməsi keçmiş mütəxəssis kimi məni narahat edir. Bu torpaqlar qayğıdan uzaq qalıb. Torpaq sərvətdirsə, əkilib becərilməlidir.
Müşavirədən sonra sitrus bitkilərinin əkilib becərilməsinə maraq artımışdır. Xüsusilə, Kolatan ərazisində limon, mandarin, feyxoa bağlarının salınması diqqəti cəlb edir. Sığaçolədə salınan çay sahələrinin ətrafında da xeyli feyxoa bağı yaradılmışdır. Mahmudavar ərazisindəki “Baba bulağı” istirahət evinə məxsus sahələrdə bir neçə hektarda limon, naringi və feyxoa bağı salınmışdır.
Buradakı bağlar yeni texnologiyalar əsasında – damcı üsulu ilə suvarılır.
Keçmiş çayçılıq ərazilərindəki şəxsi təsərrüfatlarda da sitrus bitkiləri əkilib becərilir. Bəziləri tinglik təsərrüfatı yaradır. Bir çox ailə təsərrüfatı bu sahədən böyük qazanc əldə edir, dolanışığını təmin edir.
Çayçılığın inkişafı isə bölgədə adamların yaxşı dolanışığına, məşğulluğun təminatına rəvac verir. Ancaq deyərdim ki çay plantasiyalarının salınması, sitrus bağlarının yaradılması çox ləng həyata keçirilir. Ərazilərdə kooperasiyaların yaradılmasına təşəbbüs göstərilmir. Halbuki çay plantasiyalarının salınması kollektiv əməklə başa gəlir.
Çay xalqımızın əvəzedilməz nümətidir. Xaricdən gətirilən çayın keyfiyyəti artıq hamıya bəllidir. Azərbaycan çayı dünyanın heç yerində istehsal edilə bilməz. Ətri, dadı gözəldir, müalicəvi əhəmiyyəti böyükdür. Bu gözəl bitki haqqında çox yazılıb. Ancaq bu plantasiyaların bərpası çox böyük iqtisadi faydası ilə xoş ovqat yaradır. Rayonda hamı çayın bərpa olunmasını istəyir, bu gün həmin vəd və istək reallığa çevrilməlidir.