Masallıda aztəminatlı ailələrin uşaqlarına məktəbli geyimləri verilib
Yeni dərs ilinin başlanması ilə əlaqədar Masallı şəhər Heydər Əliyev Parkında keçirilən xeyriyyə aksiyasında 50 aztəminatlı ailənin uşaqlarına məktəbli geyimləri və digər hədiyyələr verilib.
Məktəbli uşaqlar və onların valideynləri ilə görüşən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov şagirdləri qarşıdan gələn yeni dərs ili və “Bilik günü” münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Bu il ali məktəblərə qəbul imtahanları zamanı masallılı məzunların uğurlarından danışan R.Hüseynov bildirib ki, rayonun ümumtəhsil məktəblərini bitirən 34 məzun ali məktəblərə imtahan zamanı 600-dən yuxarı bal toplayıb. Onların yarısı qızlardır.
Görüşdə çıxış edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ordenli Ələşrəf Niftiyev, "Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov və valideynlər ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, humanitar aksiya çərçivəsində rayonda aztəminatlı ailələrdən olan 320 uşağa da məktəbli geyimlərinin verilməsi nəzərdə tutulub.