Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil Nazirliyi jurnalistlər üçün Masallı rayonuna mediatur təşkil edib

04 oktyabr 2018 | 16:00

04 oktyabr 2018-ci il tarixdə Masallı rayonunda mediatur təşkil olunub. Mediaturun keçirilməsində məqsəd 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində yüksək balla cari tədris ilində işə qəbul olunan müəllimlərlə görüşmək, eləcə də onların çalışdıqları məktəblərlə tanış olmaqdır.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Yeniheyet.az -a müsahibəsində bildirib ki,   son illərdə müəllim peşəsinin nüfuzu getdikcə artmaqdadır. 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd elektron ərizə ilə müraciət edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik ixtisasını seçməsi halı çoxalıb. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.
2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.
Mediatur iştirakçıları Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə yeni tədris ilində işə qəbul olunan müəllimlərlə görüşüb. Media nümayəndələrinə məlumat verilib ki, bu il müsabiqədən uğurla keçən 81 nəfər gənc müəllim rayonun ümumi təhsil müəssisələrində fəaliyyətə başlayıb. Həmin müəllimlərdən 6 nəfəri isə Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə çalışır.
Media nümayəndələri məktəbin yüksək bal toplayan müəllimlərindən – Əli Alışlının (tarix fənni üzrə, 57 bal), Rafael Əzimovun (kimya fənni üzrə, 54 bal), Araz Şahverdiyevin (riyaziyyat fənni üzrə, 54 bal), Pərvin Babayevanın (ingilis dili fənni üzrə, 48 bal) dərs prosesini izləyiblər.
Sonra mediatur iştirakçıları Ərkivan qəsəbə Zahir Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə olublar. Məktəbin ibtidai sinif müəllimi Aytac Kazımlı (50 bal) ilə görüşüb, dərsində iştirak ediblər.

Keçidlər