Masallıda “5 Oktyabr - Müəllimlər günü” qeyd edildi
05 oktyabr 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində veteran müəllim Xanhüseyn Musayevi misal gətirərək gənclərə nümunə olduğunu bildirib, müəllim adının ucalığından danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüş Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət İsaq oğlu Zeynalovu təbrik edib, valideyn-məktəb əlaqəsini qeyd edib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov masallılı müəllimləri əlamətdar gün münasibətilə ürəkdən təbrik edib.
Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən, müəllimlərin qazandığı uğurlardan danışıblar.
Qeyd olunub ki, masallılı müəllimlər rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.
Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbininə yüksək balla qəbul olunmuş gənc müəllim Şəhla Abgözəlova, Kolatan kəndindən veteran müəllim Xanhüseyn Musayev, Masallı Dövlət Regional Kollecinin müəllimi Dilarə Hüseynova, Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov həmkarlarına ən xoş arzularını çatdırıb, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda qabaqcıl və işgüzar müəllimlərin bir qrupuna Masallı Rayon İcra Hakimiyyəti Başçısının, Masallı Rayon Təhsil Şöbəsinin, Masallı Rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının və "Masallı ziyalıları" İctimai Birliyinin Fəxri fərmanları və qiymətli hədiyyələri verilib.