QIZILAVAR KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ
Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 24.10.2012-ci il tarixdə Qızılavar kəndində keçirilmişdir. Qızılavar ərazisi Qızılavar və Dəlləkoba yaşayış məntəqələrini əhatə edir. Ərazinin 3958 nəfər əhalisi və 837 ha torpaq sahəsi vardır. Həmçinin ərazidə 2 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 tibb məntəqəsi, 1 kənd klubu və 1 poçt fəaliyyət göstərir. Qızılavar ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Kənd ziyalılarından Xanəli Ağayev, Samit İslamov, ağsaqqallardan Mirzəki Kazımov, sakinlərdən Sədaqət Qurbanov, Füzuli Əhmədov və başqaları çıxış edərək ərazinin mərkəzi yollarına 1 km asfalt döşənməsinə, Ərkivan-Boradigah-Rüdəkənar yolunun Qızılavar kəndi hissəsinə 63 ədəd işıqlandırma dirəklərinin qoyulmasına, ərazidə 1.5 km su aparıcı kanalın qazılaraq təmizlənməsinə, ərazidə müasir tələblərə cavab verən aptekin tikilməsinə, yararsız və rabitə dirəklərinin dəyişdirilməsinə, Dəlləkoba və Qızılavar kəndlərində iki artezian quyularının qazılmasına görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sonra sakinlər ərazinin Qızılavar-Dəlləkoba kəndlərinin ara yollarına asfalt döşənməsinə, Kənd ara yollarının təmir olunmasına, yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsinə, su aparıcı kanalların təmizlənməsinə, kənd ara yollarına işıqlandırma dirəklərinin qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər. Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.