Masallının ləzzətli “Cənub” çörəyi Çaxırlı kəndindədir
Azərbaycan Kənd İnvestisiya Layihəsi (Az.KİL-2) Masallıda bir sıra kənd yollarının təmirinə, ərazilərdə həkim məntəqəsinin tikintisinə və digər infrastrukturun yaradılmasına kömək edir. Az.KİL-2-nin növbəti tədbiri Çaxırlı ərazisindəki “Cənub” Qadın İnkişaf qrupu ilə birlikdə keçirilmişdir.
Bir necə ay əvvəl kənddə yaradılan 12 nəfər qadın üzvü olan “Cənub” Qadın İnkişaf qrupu bişirdikləri təndir çörəyi, məktəb bufetləri, ətrafdakı mağazalar üçün hazırladıqları şirniyyatla yaxşı tanınmışdır. Az.KİL-2 “Cənub” Qadın İnkişaf qrupun, təndirxananın təşkili, biznes layihəsinin icrası üçün 5 min manat ayrılmışdır, hansı ki, bir aydan sonra bu vəsait qrupun hesabına köçürüləcək.
Bu münasibətlə Çaxırlıda keçirilən tədbirdə Az.KİL-2-nin rəhbərliyi, rayon icra hakimiyyəti aparatının məsulları, kənd fəalları, KİV və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə layihənin rayon üzrə əməkdaşı Fəridə Eminova açmışdır.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova Az.KİL-2-nin xəttilə rayonda görülən işləri təqdir edib “Cənub” Qadın İnkişaf qrupunun fəaliyyətinə uğurlar arzuladı.
Az.KİL-2 layihəsinin direktoru Sübhan Əsgərov, direktor müavini Gülbəniz Qənbərova “Cənub” Qadın İnkişaf qrupunun rəhbəri Səadət Ryfullayeva çıxışlarında bu layihənin onlarca insanın həyatına önəm verməsindən danışıb, bugünkü təndiri sabah fabrikə çevriləcəyi inamında olduqlarını bildirdilər.
Müqaviləni Az.KİL-2 layihəsinin direktoru Sübhan Əsgərov, “Cənub” Qadın İnkişaf qrupunun rəhbəri Səadət Ryfullayeva və Çaxırlı bələdiyyəsinin sədri Vahid Cəlilov imzalamışlar.
Söhbət “Cənub” da hazırlanmış şirniyyatdan ibarət süfrə arxasında davam etmişdir.