Masallıda “İnşa-yazı” müsabiqəsi
07-08 noyabr 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı rayon ümumtəhsil məktəblərinın IX-XI sinif şagirdləri arasında 09 noyabr “Dövlət Bayrağı Günü” nə həsr olunmuş “İnşa-yazı” müsabiqəsi keçirilib.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbirdə çıxış edərək Azərbaycanın dövlət bayrağının tarixindən danışıb. Bildirib ki, üçrəngli bayrağımız ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunub. Sovet hakimiyyəti illərində bayraq dəyişdirilsə də, XX əsrin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən əsas bayraq kimi bərpa olunub. Bayraq ən böyük mənəvi dəyər, müstəqilliyimizin, azərbaycançılığın rəmzidir. Bu gün ölkəmizin hər yerində bayraq meydanlarının və muzeylərinin yaradılması xalqımızın öz bayrağına tükənməz məhəbbətinin göstəricisidir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əkbər Balaşoğlu, Qəriblər kənd tam orta məktəbinin dil ədəbiyyat müəllimi Kənan Haşımov, Dəfinə-məktəb liseyinin dil ədəbiyyat müəllimi Pərvin Sadıqova Dövlət Bayrağı Günü münasibətilə keçirilən müsabiqə barədə məlumat verənrək diqqətə çatdırdılar ki, məqsəd Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə, məktəblilər arasında dövlət atributlarının təbliğinə nail olmaqdır. Bundan başqa, istedadlı şagirdlərin inşa yazısı sahəsində bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması da əsas məqsədlərdən biridir. Məktəblilərin bu mövzuya həvəs göstərməsi və yüzlərlə şagirdin müsabiqəyə qatılması Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik olan vətənpərvər gəncliyin yetişdiyini göstərir.
Gənclər Mərkəzində təşkil olunan “İnşa-yazı” müsabiqəsində ümumilikdə 46 məktəbdən 80 nəfərə yaxın şagird iştirak edib. IX, X və XI sinif şagirdləri 09 Noyabr “Dövlət Bayrağı Günü” münasibətilə keçirilən inşa yazı müsabiqəsində mövzunun dəqiqliyi, əsas fakt və hadisələri bilmək, orijinal yanaşma, fikrin əsaslandırılmış və aydın ifadə edilməsi, məntiqli nəticələrin çıxarılması, ədəbi dilin yazı qaydalarına riayət olunması kimi meyarlar əsas götürülüb.Müsabiqənin qalibləri beşballıq sistem ilə qiymətləndirilib.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:
İnşa-yazı müsabiqəsində IX sinif şagirdləri arasında R.Əzizov adına Yeddioymaq 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Quliyeva Gövhər Ramil qızı birinci yerə, X.Məmmədov adına Xırmandalı kənd tam orta məktəbin IX sinif şagirdi Həsənova Türkan Həsən qızı ikinci yerə, E.Əhədov adına Təzə Alvadı 1 nömrəli kənd tam orta məktəbinin IX sinif şagirdi Həbişzadə Səma Pərviz qızı üçüncü yerə layiq görülmüşlər.
X- XI sinif şagirdləri arasında Hüseynhacılı kənd tam orta məktəbinin XI sinif şagirdi Abdullayeva Günay Fərahim qızı birinci yerə, Dəfinə-məktəb liseyinin XI sinif şagirdi Əşrəfova Aydan Alxas qızı ikinci yerə, E.Əhədov adına Təzə Alvadı 1 nömrəli kənd tam orta məktəbinin X sinif şagirdi Abdulqəniyeva Rübabə Ehtiram qızı üçüncü yerə layiq görülmüşdür
Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar