Gədəbəy, Daşkəsən, Şəmkir və Samux məktəbliləri Masallıda
15 noyabr 2018-ci il tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Gədəbəy, Daşkəsən, Şəmkir və Samux rayonunun şagirdləri Masallıya səyahət ediblər.
Aksiya iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
İlk öncə aksiya iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.
Məktəblilər qarşısında çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqlara rayonun rəhbəri Rafil Hüseynovun salamını çatdırıb, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə, Masallıya səyahət edən məktəblilərə xoş arzularını bildirib.
Tur iştirakçıları Masallı şəhər Heydər Əliyev mərkəzində ulu öndərin həyat və fəaliyyəti ilə tanışlıqdan sonra Tarix-Diyarşünaslıq Muzeyində, Uşaq İncəsənət Məktəbinə ekskursiya ediblər.
Məktəblilər "Asan həyat" kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq" yarışmasında biliklərini sınayıblar, buradakı Kinoklub, ABAD Mərkəzi, Heydər Əliyev adına İncəsənət Məktəbi və Brend dükanla tanış olublar. Qonaqlar “Asan həyat” Kompleksində çay süfrəsinə dəvət olunublar.
Sonra Bayraq Meydanı, Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.