Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Azərbaycan simfonik muğamı üzrə mühazirə keçirilib

22 noyabr 2018 | 16:00

22 noyabr 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev İncəsənət Məktəbində Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə “Azərbaycan simfonik muğamı” mövzusunda mühazirə edilmişdir.

Simfonik muğam janrının banisi, Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun doğum günündə təşkil olunan tədbirdə cənub bölgəsinin gəncləri, musiqisevərlər iştirak ediblər.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnar Verdiyevanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
Şərq xalqlarının şifahi ənənəli professional musiqi janrları, muğamların yaranmasının tarixi əsasları və simfonik muğam janrının zəminlərindən danışan G.Verdiyeva bildirib ki, muğam janrı professional musiqi növü kimi bir çox Şərq xalqlarının musiqisində mövcuddur. İranda dəstgah, ərəb ölkələrində və Türkiyədə təqsim, hindlilərdə qara, uyğurlarda mukam, indoneziyalılarda patet - bunların hamısı muğam janrlarıdır.
Bir sıra xalqların musiqisinin əsasını təşkil edən muğamlar, eyni zamanda, Azərbaycan, İran, Türkiyə, ərəb ölkələrinin, eləcə də özbək, tacik və başqa xalqların musiqi irsinə məxsusdur. Muğamın bu ölkələrin hansında yarandığı haqqında dəqiq məlumatlar hələ də əldə edilməyib.
Qeyd olunub ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin ilk operası olan "Leyli və Məcnun" muğam ilə Avropa operasının üzvi vəhdətindən yaranmış yeni opera janrının - muğam operasının ilk nümunəsidir. Sonralar böyük bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşidbanu”, “Harun və Leyla”, “Əsli və Kərəm” kimi muğam operalarını bəstələyib.
Bildirilib ki, Azərbaycan professional musiqisində iki yeni janrın - muğam-poema və simfonik muğam janrlarının əsasını isə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirov qoyub. 1948-ci ildə Fikrət Əmirov “Şur” və “Kürd ovşarı” ilk simfonik muğamlarını yaradıb. Bu əsərlər eyni muğamı - “Şur” muğamını müxtəlif tərəflərdən təqdim edir. Əgər “Şur” simfonik muğamı lirik-dramatik xarakterdədirsə, “Kürd ovşarı” onun əksinə olaraq daha çox mahnı-rəqs cizgilərini özündə birləşdirir. Sonralar bu janra digər Azərbaycan bəstəkarları da müraciət ediblər.
Diqqətə çatdırılıb ki, müasir dövrdə muğam sənətinə maraq artmaqdadır. 2003-cü ildə Azərbaycanın muğam sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı müxtəlif xalqların professional musiqi nümunələri ilə yaxından tanış olmağa, onların milli dəyərlərini öyrənməyə imkan verir. Bu festivallar, eyni zamanda, dünya ictimaiyyətinin Azərbaycanın təkrarolunmaz muğam sənətini tanıması üçün şərait yaradır.
Tədbir çərçivəsində Fikrət Əmirov və Niyazinin simfonik muğamlarından parçalar səsləndirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər