Milli Qəhrəman Səfərəli Məmmədovun 50 illik yubileyi qeyd edilib
Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Səfərəli Məmmədovun doğum günündə ev müzeyinin açılışı olub, 50 illik yubileyi qeyd olunub.
Azərbaycanın 11 nəfər ilk Milli Qəhramanlarından biri də Məmmədov Səfərəli Qurban oğludur. Qəhrəmanın doğum günü ilk olaraq böyüyüb boya- başa çatdığı Masallının Sərçuvar kəndində adını daşıdığı məktəbdə qeyd edilib.
Məktəbin həyətində təşkil olunan tədbirdə, əvvəlcə şəhidlərin ruhları 1 dəqiqəlik sükutla yad olunub, dualar oxunub. Daha sonra qəhrəmanın keçdiyi ömür yolundan söhbətlər açılıb. Döyüş yoldaşları Səfərəlinin Qarabağ savaşındakı şücaətindən danışıblar. Sonra məktəblilərin ifasında qəhrəmanlarımızı vəsf edən şeirlər səslənib, kompozisiyalar nümayiş olunub.
Anım günü qəhrəmanın adına salınan ev muzeyində davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov və şəhidin valideyinləri muzeyin rəmzi açılış lentini kəsib, muzeyə vurulan xatirə lövhəsinin açılışını ediblər. Daha sonra muzeylə tanışlıq olub, şəhidin istifadə etdiyi əşyalara baxılıb.
Qeyd edək ki, şəhid Səfərəli Məmmədov 1990 – cı illərdə, Ağdam rayon daxili işlər şöbəsində post patrul batalyonunda tağım komandiri olub. 1992 – ci ilin fevral ayının 16 – da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edən zaman S.Məmmədovun komandir olduğu tağım minaya düşüb. Şəhid Səfərəli Məmmədov aldığı xəsarətlərdən dünyasını dəyişib.