Masallıda 90 arıçıya subsidiya veriləcək
Respublikamızın iqtisadiyyatında arıçılıq mühüm yer tutur. Bu sahə ilbəil inkişaf edir. Ölkəmizdə arı ailələrinin sayı əvvəlki illərlə müqayisədə artırılaraq 238 minə çatdırılmışdır.Bu mühüm və gəlirli sahənin daha da inkişaf etdirilməsi üçün son illər bir sıra məqsədyönlü tədbirlər həyata keirilmişdir. 2020-ci ildə respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə respublika komissiyasının növbəti iclasında hər arı ailəsinə 10 manat hesabı ilə 373 min 930 manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edilib. İclasda subsidiya veriləcək rayonlar arsında Masallı da vardır. Bütün kəndlərdə arıçılıqla məşğul olan təsərrüfatlar mövcuddur. Rayonda arıçılıqla məşğul olan 90 nəfərə 2244 arı ailəsi üçün 22440 manat məbləğində subsidiya ayrılmışdır. Rayon üzrə Hişkədərədə 4, Miyanküdə 3, Ərkivanda 18, Çaxırlıda 14, Yeddioymaqda 16, Sərçuvarda 19, Gəyəçöldə 11, Səmidxanda 5 ailəyə subsidiya verilməsi nəzərdə tutulmuşdur. Rayon ərazisində olan arı ailələrinin və arıçıların uçotunun dəqiqləşdirilməsinə başlanılmışdır. Bu məqsədlə rayonda 4 işçi qrupu yaradılmışdır.İşçi qrupları tərəfindən aparılmış monitorinqlər nəticəsində ümüumilikdə rayonda 9000-dən artıq arı ailəsinin olduğu müəyyənləşdirilmişdir. Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə görə subsidiya almaq üçün rayon komissiyasına müraciətlər daxil olmaqdadır. Komissiyaya zəruri sənədlər daxil olduqca, respublika komissiyasının iclasında arıçılara hər arı ailəsinə görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.
Qeyd edək ki, iclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edir. Rayon komissiyasından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı, Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir. Rayon üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin ( http://agro.gov.az ) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
Məlumat üçün bildirək ki, bu günədək rayon komisiyasına müvafiq sənədləri təqdim etmiş arıçıların sayı 313 nəfər, arı ailələrinin sayı isə 5815 ədədir.
Hazırda sifariş verdiyimiz 9000 ədəd plastik lövhədən 5000 ədədi rayona verilmişdir. İlkin mərhələdə 2250 ədəd plastik lövhələr işçi qrupu tərəfindən 90 arıçının 2244 arı pətəyinə vurulmuşdur. 4000 ədəd plastik lövhələrin də yaxın vaxtlarda verilməsi nəzərdə tutulur ki, bununla bağlı müvafiq hazırlıq işləri görülümş və qısa vaxt ərzində lövhələrin də arı yeşiklərinə vurulması işi başa çatdırılacaqdır.
Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi prosesi davam etdirilir.
Qeyd edək ki, komissiyanın növbəti iclas protokolu dekabrın 10-na kimi respublika komissiyasına təqdim olunacaqdır.