Şriftin ölçüsü :

Saytın rəngi :

Torpağa qayıdış

17 dekabr 2018 | 16:00

Son vaxtlar rayonumuzda əkin-biçinə maraq artıb. Biz də əl-ələ vermişik.   Sirəbil kənd bələdiyyəsinin sədr müavini, kənd ağsaqqallar şurasının sədri kimi mən də bu işdə əməyimi əsirgəməmişəm. Axı ağlımız kəsəndən əlimiz zəhmətdə bərkiyib. Yer belləmişik, torpaq əkmişik. Şükür ki,   indi bu işləri müasir texnika görür.

Bu il 5,4 hektar sahəyə taxıl səpmişəm, yaxşı çıxış alınıb. Lakin bu, işin bir tərəfidir. Əsas məsələ əkiləni qoruyub saxlamaq, mal-qaradan mühafizə etmək, ziyanvericilərlə mübarizə aparmaqdır ki, bu indilikdə önəmli vəzifədir.
Həmkəndlilərimdən Emil Məmmədov, Aqil Əsgərov,   Xanoğlan Hilalov arıçılıqla məşğuldurlar. Arıçılığa dövlət dəstəyi, hər arı ailəsi üçün 10 manat vəsait ayrılması bu peşə ilə məşğul olanların marağını artırıb.
Mən deyərdim ki, hər hikmət torpaqdadır, əkin-biçindədir, köhnə kişilərin təbirincə desək, “xırman tozundadır”.   Həmkəndlilərim öz həyətlərində noxud, lərgə, mərcimək yetişdirirlər ki, bu bərəkətli məhsullardan ötrü bazara müraciət etməsinlər. Telman Hilalov həyətyanı sahəsində 0,25 hektarda xiyar yetişdirir. Hər il bol məhsul əldə edir. Bu sırada onlarca həmkəndlimin dolu həyətini misal göstərmək olar.
Xanoğlan Hilalov 51 baş qoyun saxlayır.Təsərrüfat xərclərini də çıxarır, yem tədarükü üçün də müəyyən vəsaiti olur. Onun əkin-biçinə də marağı böyükdür. Gələn il çəltik əkməyi nəzərdə tutub. Təsərrüfatdakı əlbirliyimiz kəndin abadlıq görüntülərinin yaradılmasında da davam edir.
Abad kənd yollarının ətrafında 200-ə yaxın şam ağacı əkmişik. Kənddə işıq və qaz var. Abunə pullarının yığılmasında köməyimizi əsirgəmirik.
300-400 metr məhəllələrarası yola cınqıl döşənir. Xeyriyyəçi Hacı İbrahim Məmmədov 100 ədəd ağac əkib. Bu yaşıllıq kənd qəbiristanlığı ətrafında yaradılıb.
Kənddən olan sahibkarlar çalışdıqları obyektlərdə həmyerlilərimizin işlərinə müəyyən kömək göstərirlər. Ramiz və Bəxtiyar Musayev, Əlipənah Hadıyev, Əhmədağa Ağayev və başqaları belələrindəndir.
Torpağı əkib becərmək, onun qayğısına qalmaq, ilk növbədə güzaranımız, firavan həyatımız üçün stimuldur. Bu böyük neməti unutmaq olmaz.

Keçidlər