Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin geniş nitqindən irəli gələn müddəalar və qarşıya qoyulan vəzifələrlə əlaqədar Masallı rayon İcra hakimiyyə

18 oktyabr 2013 | 15:00

17 oktyabr 2013-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzinin iclas zalında 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin geniş nitqindən irəli gələn müddəalar və qarşıya qoyulan vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq toplantı iştirakçılarının salamlamış, 2013-cü ilin 9 ayının yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 07 oktyabr  2013-cü il tarixdə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Bu iclas çox əlamətdar bir gün ərəfəsinə təsadüf edir. Bildiyiniz kimi 9 oktyabr 2013-cü il tarixdə Azərbaycan tarixində mühüm hadisə kimi dəyərləndirilən növbəti Prezident seçkiləri keçirildi. Bu seçkilərdə ölkə üzrə ümumi seçki fəallığı 72.3 faiz təşkil edib və 84.7 faiz səs toplayan Azərbaycanın hazırki Prezidenti, Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Əliyev cənabları növbəti beş ildə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu Azərbaycan xalqının öz vahid Liderinə və dəyişməz Prezidentinə sədaqətinin, bağlılığının və sevgisinin bariz nümunəsidir. Əslində möhtərəm Prezidentin son on ildə gördüyü işlər, həyata keçirdiyi lahiyələr,  Azərbaycan xalqının Onun ətrafında sıx birləşməsini və yekdilliklə ona səs verməsini şərtləndirmişdir. 9 oktyabr seçkiləri bu qarşılıqlı sevginin və bağlılığın bütün dünyaya yenidən nümayiş olunmasından ibarət idi. Azərbaycan xalqı kimi Masallı əhalisi də bu seçkilərdə bir daha göstərdi ki, Heydər Əliyev ideyalarına həmişə sadiqdir və bu siyasətin layiqli davamçısı, Azərbaycanın gələcək inkişafının qarantı olan cənab İlham Əliyev onların yeganə namizədidir. Fürsətdən istifadə edib sizi bu gözəl bayram, əlamətdar hadisə münasibətilə təbrik edirəm və Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2013-cü ilin doqquz ayı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuşdur. Xüsusilə də ölkə başçısının Masallıya səfəri hər birimizin böyük sevincinə səbəb olmuşdur. Belə ki, 4 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonunda səfərdə olmuş və bir sıra sosial-mədəni obyektlərin açılışında iştirak etmişdir. Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzi, YAP Masallı rayon təşkilatının inzibati binası, Taekvando və Boks mərkəzləri cənab Prezidentin iştirakı ilə açılaraq istifadəyə verilmişdir. Yenidən qurulan Heydər Əliyev parkına, Heydər Əliyev meydanına və Qəhrəmanlar parkına baxış keçirilmişdir.
Ölkə başçısı Masallıda olarkən rayonda aparılan digər quruculuq işləri ilə tanış olmuş və razılığını bildirmişdir. Təsadüfi deyildir ki, rayon ictimaiyyəti ilə görüş zamanı qaldırılan bütün məsələlər ölkə başçısı tərəfindən bəyənilmiş və həlli ilə bağlı konkret tədbirlər görülmüşdür. Masallı Tarix Diyarşünaslıq Müzeyinin və Uşaq İncəsənət Məktəbinin tikintisi, rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi və uzunluğu 23.8 km olan kəndarası yolların çəkilməsi məqsədilə ümumilikdə 10.7 milyon manat vəsait ayrılmışdır. Bu cənab Prezidentin Masallıya, Masallı sakinlərinə olan diqqət və qayğısının bariz nümunəsidir. İcazə verin bütün Masallılar adından bu qayğıya görə Möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirək.
2013-cü ililn ilk doqquz ayında Masallı şəhərində geniş abadlıq və quruculuq işləri aparılmışdır. Şəhərin Füzuli, Z.Əliyeva, Azərbaycan, Qarabağ, Dadva küçələri tamamilə yenidən qurulmuş, səkilər, müasir işıqlandırma sistemi çəkilmiş və asfalt vurulmuşdur. Eyni zamanda H.Əliyev prospekti və Qarabağ küçəsində yerləşən on bir çoxmərtəbəli binanın dam örtüyü və fasadı əsaslı təmir edilmişdir. Rayonun giriş və çıxış qapılarının tikintisi başa çatdırılmış, Boradigah İdman Kompleksi tikilərək istifadəyə hazır vəziyyətə gətirilmişdir.
Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6 % artaraq 190 milyon 412 min manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz artaraq 24 milyon 490 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 4.8 faiz artaraq 75 milyon 845 min manata çatmıışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3.7 faiz artaraq 48 milyon 960 min manat olmuşdur.
Doqquz ay ərzində adambaşına düşən pul gəlirləri 1453 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 344.2  manat olmuşdur.
Hesabat dövründə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 105.3 ton tərəvəz, 92.2 ton kartof, 3.2 ton ət, 6.1 ton balqabaq, 2.1 ton süd və süd məhsulları, 62.000 ədəd yumurta göndərilmişdir.
Son on il ərzində sahibkarlığa Kömək Milli Fondu tərəfindən Masallı rayonunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə 275 lahiyə üzrə 14 milyon 388 min manat güzəştli kredit verilmişdir ki, nəticədə 1954 yeni iş yeri yaradılmışdır. 2013-cü ilin ötən dövrü ərzində rayon sahibkarlarına 42 lahiyə üzrə 2 milyon 28 min manat güzəştli kredit verilmişdir ki, bunun da əsasında 245 yeni iş yeri yaradılmışdır.
Masallı rayonunda kənd təsərrüfatının, xüsusilə də çayçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanmışdır. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Artıq bu istiqamətdə 14 km uzunluğunda yolun çəkilişinə başlanılmışdır. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar vardır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.
Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi ilə yanaşı rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi qarşıda duran vacib vəzifələrdəndir.
Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayonun Köçəkli, Həsənli, Kürdəbaz, Təklə, Sığıncaq, Səmidxan, Alışanlı, Xallıcallı, Qədirli, Sərçuvar, Xıl, Məmmədxanlı, Hacıtəpə, Təzəkənd kəndləri ərazisindəki suvarma kanallarında ümumilikdə 138000 m3 həcmində və 61 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparılmış və 18 ədəd müxtəlif növ hidrotexniki qurğular təmir edilmişdir.           
Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 50 ha sahədə meşə səpini və əkini işləri aparılmış, 10 ha sahə kollardan təmizlənmişdir.
Mövsüm ərzində 18389 ağac və gül kolları əkilmişdir.
Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən doqquz ay ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 3385.5 min manata qarşı 3004.8 min manat və ya 88.6%, qeyri-büdcə təşkilatları üzrə 944.8  min manata qarşı 834.2 min manat və ya 88.3%, fiziki şəxslər üzrə 584.4  min manata qarşı 455.7 min manat və ya 105.5%  yerinə yetirilmişdir. 
Şöbədə hazırda 26 min 740 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 830 nəfərə əmək pensiyası təyin olunmuşdur.
2013-cü ilin 9 ayı ərzində Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 3481 ailə Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 3350 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmışdır. Yardım təyinatı aparılmış ailələrə aylıq 507 min 745 manat vəsait ödənilmişdir. Həmçinin 2013-cü ilin 9 ayı ərzində 6530 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılmış və onlara 461598.11 manat vəsait ödənilmişdir.
Cənab Prezidentin tapşırığı ilə bütün regionlarda olduğu kimi Masallı rayonunda da kənd yollarının tikintisinə də böyük diqqət göstərilmişdir. Belə ki, hazırda Masallı rayon ərazisində ümumi uzunluğu 23.8 km olan Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Seybətin-Səmidxan, Musaküçə-Lürən, və Sərçuvar-Sirəbil kənd yolları artıq istifadəyə verilmişdir. Qodman-Qəriblər yolunun çəkilməsi işləri artıq yekunlaşdırılmışdır.
Hesabat dövrü ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 220 kvt-lıq və 110 kvt-lıq yarımstansiyalarda təmir bərpa işləri aparılmış, 73 ədəd dəmir beton, 103 ədəd isə ağac dayaq dəyişdirilmişdir.
Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar hazırda Eminli, Kürdəbaz, Qarğalıq və Şəhriyar  kəndləri qaz ilə təmin edilmiş,Təklə kəndində və Ərkivan qəsəbəsində mövcud olan köhnə qaz xətlərinin yenidən quraşdırılması, eyni zamanda Dəlləkli, Qədirli, Xallıcallı və Yeddioymaq kəndlərində qazlaşdırma işləri davam etdirilir. Kolatan və Bağıroba kəndlərində isə 1 (bir) pilləli sistemlə qaz xətlərinin çəkilişinə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü il “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilmişdir.
Bu proses çərçivəsində Masallı rayonunda 55 yeni EATS binasının tikintisi nəzərdə tutulur ki, bu məqsədlə ayrı-ayrı kəndlərdə müvafiq torpaq sahələri ayrılmışdır. Hesabat dövrü ərzində Qodman kəndində yeni ATS binası tikilərək istifadəyə verilmişdir.  
Masallı Poçt filialına 9 aylıq üçün 175560 manat plan proqnozlaşdırılmış faktiki olaraq 175603 manat yəni 100.% icra olunmuşdur.
Cənab Prezidentin xeyir duası ilə ötən il Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.Bununla da Masallı şəhər sakinlərini uzun illərdən bəri narahat edən bu böyük problem qısa vaxtdan sonra öz həllini tapacaqdır.Lakin layihənin icrası prosesində davamlı problemlər yaranır ki, bu da bizi narahat edir.
Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonasında yerləşən 20 kəndin və Gəyəçöl-Qızılağac istiqamətində olan 18 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və artıq  “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilişinə başlanılmış və bu xəttin 7 km-lik hissəsi tamamlanmışdır.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən  gündəlik 250000 m2 sahədə təmizlik işləri aparılır. Daşınan bərk və tikinti tullantılarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 40 %-ə qədər artmışdır. Birliyin yığım şöbəsi tərəfindən doqquz ay ərzində əhali və kommersiya sektorundan 74800 manat vəsait toplanmışdır.
Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana – yeni məktəb” devizi altında son illərdə Masallıda 33 yeni məktəb binası tikilmiş, 5 məktəb isə əsaslı təmir olunmuşdur.
15 sentyabr bilik günündə Kosakül, Kəlbəhüseynli, Xıl, Öncəqala, Allahyarlı  kəndlərində yeni məktəb binaları və Bədəlan kənd tam orta məktəbinin əsaslı təmir olunmuş bir korpusu şagirdlərin istifadəsinə verilmişdir. Hazırda isə Şatıroba, Çayqıraq, Dəlləkoba, Mahmudavar və Köhnə Zuvand kəndlərində yeni məktəb binalarının tikintisinə, Masallı şəhər 1 saylı və Kolatan kənd tam orta məktəblərinin isə əsaslı təmirinə başlanılmışdır.
Məktəblərin istilik sistemlərinin təmir edilməsi və qızdırılması işindəki mövcud çətinliklər daxili imkanlar hesabına böyük ölçüdə aradan qaldırılmış və bu sahədə iş davam etdirilir. Artıq məktəblərin qızdırılması üçün lazım olan vəsait problemi həll olunmuşdur.
2013-cü il qəbul imtahanlarında məzunların yüksək nəticə əldə etməsini və 9 nəfər məzunumuzun 600-dən yuxarı bal toplamasını sevindirici hal kimi qeyd etmək olar. Xüsusilə qeyd etmək istəyirəm ki, Şəhər 3 saylı orta məktəbin məzunu Seyfullayeva Gülay Sabir qızı 687 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülmüşdür. Bundan əlavə cənab Prezidentin Sərəncamı ilə şəhər 1 saylı tam orta məktəbin direktoru Mirqabil Hüseynov “Əməkdar müəllim” , Dəfinə məktəb-liseyinin direktoru Vidadi Nəzərov isə “Tərəqqi medalı”-na layiq görülmüşdür. Fürsətdən istifadə edib onları da təbrik edir və gələcək işlərində uğurlar arzulayıram.
Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə Mahmudavar, Alışanlı kəndlərində yeni həkim məntəqələri tikilərək istifadəyə verilmişdir. Xırmandalı kəndində tibb məntəqəsinin tikintisi davam etdirilir, Yolağac, Miyankü, Güllütəpə, Şərəfə, Əhmədli, Hacıtəpə və Məmmədoba kəndlərində isə yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır. Eyni zamanda Mərkəzi Rayon Xəstəxanasında, Boradigah Qəsəbə Sahə Xəstəxanasında, Kalinovka Kənd Sahə Xəstəxanasında əsaslı təmir işlərinə başlanılmışdır. Bu işlər yekunlaşdıqdan sonra Masallıda əhaliyə müasir tələblər səviyyəsində tibbi xidmət göstərmək mümkün olacaqdır.
Masallı Rayon Gigiena və Epidemiologiya Mərkəzi ilin doqquz ayında mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş və yolxucu xəstəliklərə qarşı peyvəndlər aparmış, rayonda istehsal olunan 19 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır. Hesabat dövrü ərzində keçirilmiş reydlər zamanı yol verilmiş nöqsanlar aşkarlanaraq 435 akt tərtib edilmiş, sanitar norma və qaydalara əməl etməyən 15 cavabdeh şəxs barəsində inzibati cərimə protokolu tərtib edilmişdir.
Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 328488.72 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 146333.1 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
Masallı rayon Mədəniyyət və Turizm şöbəsi ilin doqquz ayında əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır. Ulu Öndərin 90 illiyinə həsr olunmuş müxtəlif tədbir və Festivalların keçirilməsi, xüsusilə də 12-15 iyun tarixlərində II Beynəlxalq Folklor Festivalının təşkili rayonumuz üçün əlamətdar bir hadisə olmuşdur. Bundan əlavə rayon Mədəniyyət Mərkəzinin və Heydər Əliyev Mərkəzinin cənab Prezidentin xeyir duası ilə istifadəyə verilməsi rayonun mədəni həyatında ən vacib və yaddaqalan bir hadisədir. Heydər Əliyev Mərkəzində yaradılan yüksək şəraitdən səmərəli istifadə etməklə yeni nəslin təlim tərbiyəsində əhəmiyyətli rol oynamaq rayon Mədəniyyət və Turizm şöbəsinin qarşısında duran vacib vəzifələrdəndir.
Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 30-u müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1176 turist yeri vardır. Cari ilin 9 ayı ərzində bu turist obyektlərində 16048 nəfər turist istirahət etmişdir ki, onlardan 504 nəfəri xarici turist olmuşdur. 
2013-cü ilin doqquz ayında rayon Gənclər və İdman İdarəsi həm rayondaxili,  həm rayondankənar, o cümlədən yeniyetmə gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınma mərasimlərinin təşkili məqsədilə bir sıra mədəni-kütləvi tədbirlər keçirmişdir. Hesabat dövrü ərzində idarə gənclərlə iş sahəsi üzrə 95, idman sahəsi üzrə 60 sayda olmaqla 155 tədbir keçirilmiş, bundan başqa rayon gəncləri 6 və rayon idmançıları 28 sayda olmaqla 34 sayda rayondankənar tədbirdə iştirak etmişdir. Ümumilikdə hesabat dövrü ərzində keçirilən bu tədbirlərdə rayonumuzdan 14200 nəfər iştirak etmişdir.
Hesabat dövründə idmançılarımızın əldə etdiyi uğurlar da sevindiricidir. Belə ki, Taekvando idman növündə Türkanə Tahirli İslam ölkələri Olimpiadasında 3-cü yeri tutmuş və möhtərəm Prezident tərəfindən 20.000 manat pul mükafatı ilə mükafatlandırılmışdır. Həmçinin onun məşqçisi Ədalət Ağayevə on min manat pul mükafatı verilmişdir. Bundan əlavə Yunan Roma güləşçisi Mehtiyev Əli Məhəmməd oğlu Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə birinci yeri tutmuşdur.
Əldə edilən uğurlara baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.
Bu gün Masallı rayonunda elektrik enerjisində təminat məsələsində ciddi problem yaşanmır. Lakin xətt təsərrüfatının köhnə olması səbəbindən bəzi hallarda onlar heç zəif küləyə də davam gətirmir. Ona görə də cənab Prezidentin tapşırığına uyğun olaraq bu ilin sonuna qədər, xüsusilə də gələn il pis vəziyyətdə olan xətt təsərrüfatı yenilənməlidir.
Qazlaşdırma Azərbaycanda təqribən 90 faizə yaxınlaşır. Masallıda bu istiqamətdə xeyli iş görülsə də yaşayış məntəqələrinin cəmi 65 faizə qədərini qazlaşdırmaq mümkün olmuşdur. Ancaq hələ də qaz almayan 40-a yaxın kənd var ki, bu yaşayış məntəqələrinin də qısa vaxt ərzində qazlaşdırılması qarşımızda duran əsas məsələlərdəndir.
Masallıda kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər də daim diqqət mərkəzində olacaqdır. Əkinçilikdə ixtisaslaşdırılmanın aparılması, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının yaradılması prioritet məsələlərdəndir.
Masallı şəhərində abadlıq işlərinin və su-kanalizasiya sisteminin qurulmasının yüksək  səviyyədə davam etdirilməsi həlli vacib məsələlərdəndir. Yaxın günlərdə Həzi Aslanov küçəsində və Talışxanov prospektində geniş quruculuq işlərinə başlanılacaqdır. Eyni zamanda Viləş çayı sahilində Park-Bulvar lahiyəsinə start veriləcəkdir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası  yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi qarşımızda duran əsas vəzifələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun daha sürətli inkişafı naminə bundan sonra da səylə çalışacağıq.
Toplantıda çıxış edənlərdən Başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri Seymur Nuriyev, Dövlət Sosial Müdafiə Fondu Masallı rayon Şöbəsinin müdiri Nahid Şəmşirov, Masallı rayon İcra hakimiyyəti başçısının Kolatan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Mikayılov çıxış edərək 2013-cü ilin 9 ayında Masallıda görülmüş işlərdən danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildirmişlər.

Keçidlər