Torpaqların Elektron Kadastr Uçotu Masallıda istifadəyə verildi
25 dekabr 2018-ci il tarixdə Masallı RİH-nin akt zalında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Masallı rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda ictimai təqdimat keçirilib.
Tədbirdə Masallı RİH-nin məsul işçiləri, komitənin tabeli qurumlarının, kənd ərazi nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açmışdır. Rayon rəhbəri qeyd etmişdir ki, Masallıda torpaq islahatı zamanı ciddi yanlışlıqlara yol verilmişdir. Bu da vətəndaşlarla bələdiyyələr arasında narazılığa səbəb olmuşdur. Torpaqların elektron xəritə sisteminə keçirilməsi isə mövcud nöqsanları aradan qaldırmağa imkan verəcəkdir.
Sonra söz Kadastr Ünvan Reyestr Xidmətinin rəis müavini Ramiz Quliyevə verilmişdir.O, göstərmişdir ki, Masallı rayonunda yekunlaşan torpaqların elektron kadastr uçotunun həyata keçirilməsi ilə bələdiyyələrin mülkiyyətində olan torpaqların dəqiq sərhədləri, miqyası, istifadə təyinatı müəyyənləşir. Eyni zamanda torpaqların ümumi həcmində dövlət və özəl torpaqların xüsusi payı təyin edilir. Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə, relyef, meyillilik xəritələrinin də tərtib edilməsini mümkün edib. Eyni zamanda, torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb.
Hazırlanmış uçot işləri nəticəsində Masallı rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 51,3 min hektar torpaq sahəsinin mövcudluğu öyrənilib. Bəlli olub ki, 32 min hektar bələdiyyə, 5,7 min hektar dövlət, 24,6 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 32,5 min hektara yaxını (63,3 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 27,1 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 26,7 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların hesabına artaraq 27,1 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 32,2 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin kənd təsərrüfatına yararlı olan sahələrdə (mülkiyyət növünə görə) yerləşən tikili və qurğular barədə müfəssəl məlumatlar da əldə edilmişdir. Belə ki, həmin ərazilərdə 4552 tikili və qurğuların (bundan 250-sinin dövlət, 2105 bələdiyyə, 2197-nin xüsusi mülkiyyətində) olduğu aşkar edilmişdir.
Görülən işlərlə paralel olaraq rayonun torpaq xəritəsi, yay otlaqlarının geobotaniki xəritəsi, eləcə də eroziya xəritələri tərtib edilib. Bununla hansı ərazilərin münbit olduğunu, hansı torpaqların şorlaşmaya məruz qaldığını müəyyən etmək olur. Fermer isə torpaqda hansı növ fermer təsərrüfatı ilə məşğul olacağını planlaşdıra bilir, torpağın aqrar sahədəki yararlılıq dərəcəsi mülkiyyətçiyə bəlli olur.
Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırıldı.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Hüseynov yekunlaşdıraraq tövsiyələr vermişdir.