Bu günün qayğıları
Kəndin öz yaşam tərzi var. Kəndlinin həyət-bacasında mal-qarası, toyuq-cücəsi olmalıdır. Torpaqlarda göy-göyərti, noxud, lərgə, mərcimək, bostan bitkiləri əkilib becərilməlidir. Ancaq görürəm ki, bəzi həyətlərdə bir meyvə ağacı da yoxdur.
Əvvəllər deyərdilər ki, kəndlə şəhər arasında fərq olmamalıdır. Yəni, kəndlinin yaxşı şəraitli ev-eşiyi, xoş güzaranı, təhsili, məişəti yüksək olmalıdır. Bu isə o demək deyil ki, kəndli də şəhərdəki kimi əkin- biçinsiz, mal-qarasız keçinsin. Kəndin kənd, şəhərin şəhər qanunları var. İndi əksər kəndlərimizdə qaz, işıq, su var. Kəndli tüstülü sobalardan qurtulub. Küçələrini gecə işıqları nurlandırır, yolları asfalt, məişətində hər cür elektrik avadanlıqları. Bütün bunlar kəndlinin həyat səviyyəsinin yüksəlməsi deməkdir. Şəhərlinin fabrik-zavodları, sexləri, başqa məşğulluq mənbələri var. Kəndlinin isə gün- güzaran yeri torpaqdır. Bu torpaq əkin- biçin, mal-qara bəsləmək üçün adamlara gərəkdir.
Ağlım kəsəndən görmüşəm ki, kəndli zəhmət çəkir, əkir, becərir, yetişdirdiyini əsasən şəhərə göndərir. Əldə etdiyi qazancla ailəsini dolandırır, məişətini yaxşılaşdırır.
Torpaq adamı üçün yay-qış yoxdur. Hər fəsilin öz tədbiri var. Elə ki, payız gəldi, tarlalardan məhsul yığımı başa çatır. Kəndli isə gözləmir. Torpağı şumlayıb növbəti ilin əkininə hazırlaşır. Torpağa buğda, arpa əkir. Tərəvəz üçün şitilliklər hazırlayır. Peyin, gübrə, örtük tədarük edir. Xülasə, hər fəslin işi vaxtında həyata keçirilməlidir.
Bu gün ərazilərdə sitrusçuluğa diqqət var. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bölgəmizdə çayçılığın, səltikçiliyin, sitrusçuluğun inkişafı ilə əlaqədar tövsiyə və tapşırıqları bu gün uğurla həyata keçirilir. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr edilən "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə indi rayonda 100 hektardan çox çay plantasiyasının salınması, 1010 ton çəltiyin istehsal edilməsi, limon, mandarin, feyxoa bağlarının genişləndirilməsi ölkə rəhbərinin tövsiyələrinin həyata keçirilməsinə bariz nümunədir.
Rayonda kənd təsərrüfatının yeni sahələri – kartofçuluq, çiyələkçilik, tütünçülük, baramaçılıq inkişafdadır. Baramaçılıq kimi mühüm sahənin genişləndirilməsi üçün hər il minlərlə tut tingi əkilir.
Masallının təsərrüfat tarixində 400 hektar sahədə bostan bitkiləri yetişdirilməyib. İndi Masallı bostançıları ildə əhaliyə 5704,3 ton yemiş, qarpız satırlar.
Masallı heyvandarlıq rayonu kimi də tanınır. Ərazilərdə 73 min başdan çox iribuynuzlu, 85 min başa yaxın qoyun-quzu bəslənilir.
Heyvandarlığın inkişafı isə bol yemdən, zoobaytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsindən asılıdır. Qış heyvandarlar üçün sınaq dövrüdür. Tövlələr təmir olunmalı, yem ehtiyatı yaradılmalıdır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər həyata keçirilməlidir. Xüsusilə süni mayalanma işi yaxşı təşkil edilməlidir.
Kənd öz həyatı ilə seçilməlidir. Hər həyətdə bağ-bağat, saralan meyvələr, yamyaşıl torpaq üzə gülməlidir. "Yeni həyat".