Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda daha bir gözəllik ünvanı yaradılır

08 yanvar 2019 | 16:00

İlbəil “Masallı – nağıl misallı!” deyimi özünü doğruldur. Viləş çayının Masallı şəhəri ərazindən keçən hissəsində inşa olunan park-bulvar kompleksinin ulu diyarın daha bir gözəllik ünvanına çevriləcəyi günə çox qalmayıb.
Prezident İlham Əliyev ötən ilin sentyabrında Masallı rayonuna səfəri zamanı park-bulvar kompleksi ilə tanış olub, tikinti-quraşdırma işlərinin tam başa çatdırılması məqsədilə müvafiq tapşırıqlarını verib.
Bura cənub bölgəsində Astaradan sonra inşa edilən 2-ci park-bulvar kompleksidir. Hazırda kompleksdə tikinti işləri sürətlə davam edir. İlkin mərhələdə bu istirahət məkanı 7 hektar ərazini əhatə edəcək və 1,5 kilometr uzunluğunda olacaq. Sonrakı mərhələdə isə ərazi 5 kilometrə çatdırılacaq. Yeni mərkəzdə uşaq əyləncə və istirahət guşələri, mini-futbol və voleybol meydançaları tikilərək sakinlərin ixtiyarına veriləcək. Parkın bir hissəsində qədim Masallının tarixini əks etdirən guşə də olacaq. Viləş çayının bir sahilindən digər sahilinə piyadaların keçidini təmin etmək üçün ərazidə 3 körpü inşa ediləcək. Suyun artırılıb-azaldılması üçün də qurğular yerləşdiriləcək. Əhali parkın ərazisində qayıqla gəzintiyə də çıxa biləcək.
Artıq layihədə nəzərdə tutulan tikinti işlərinin bir qismi başa çatdırılıb. Viləş çayı yatağının sel və daşqın sularından mühafizəsi və Masallı-Yardımlı magistral yolunun üzərində yerləşən yeganə əsas körpünün beton bünövrəsinin möhkəmləndirilməsi məqsədilə çayın 591 metr hissəsi beton məcraya salınıb. Bənd boyu hər iki tərəfdə drenaj şəbəkəsi çəkilib. Bu körpünün ümumi görünüşünün kompleksin layihəsinə uyğunlaşdırılması ilə bağlı işlər yekunlaşıb. Beton bəndin üzərində hər iki tərəfdə aqlay materialı və kərpic elementlərindən istifadə olunmaqla sütunların və sütunlararası hissələrə metal mühəccərlər quraşdırılıb.
Çay yatağının istinad divarlarının layihəyə uyğun xüsusi elementlərlə yeni formada qurulması və sahilboyu eni 7,2 metr olan gəzinti yerinin plitələrlə döşənməsi işləri görülür. Bundan başqa layihədə nəzərdə tutulmuş “Masallı evi” və “Uşaq əyləncə mərkəzi”nin layihələri naturada yerə köçürülüb və tikinti işləri davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Masallı şəhərinin baş planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazilərin təmizlənməsi və yaşıllıqların salınmasına da başlanılıb. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı yaradılıb. Ərazidən keçən yüksəkgərginlikli elektrik hava və rabitə xəttinin yerləri dəyişdirilib.
Park-bulvar kompleksinin bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər