Şriftin ölçüsü :

Saytın rəngi :

Limonun, naringinin ətri...

28 yanvar 2019 | 16:00

Bədəlan kəndi ərazisindən veteran müəllim Həmdulla Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr edilən "Yeni həyat" qəzetinin redaksiyasına yazdığı məktubda göstərir ki,  Kəndimizdə sitrus bitkilərinin əkilib-becərilməsinə həmişə maraq olub. Həyətyanı sahələrdə limon, naringi yetişdirildiyindən bu meyvələrin bolluğu yarandı. Həmin vaxtlar polietilen örtüklər olmadığından ağaclar həsirlə, çox vaxt isə dala, pizə ilə bükülərdi. Bu sahəyə daha çox marağı olanlar isə hətta xüsusi qablarda bitkiləri qışın sərt şaxtasından otaqlarda qoruyardılar.

Polietilen örtüklər emal ediləndən sonra kəndlərdə istixanalar quruldu. Bu da sitrusçuluğun inkişafına təkan verdi. Ötən əsrin 70-80-ci illərində sovxoz təsərrüfatlarında bu sahəyə xüsusi diqqət yetirilirdi. Xeyli sahədə limon, mandarin, feyxoa əkildi. Qonşu Babaser kəndində Salman kişi vardı. Əsl zəhmətkeş olan bu insan həyətindəki böyük istixanada limon, naringi yetişdirib meyvəsini evinə gələnlərə paylayırdı. Bu gün isə sitrus bitkilərinə maraq azalıb. Təsərrüfatlardakı mövcud sahələr məhv edildi.
Ölkə Prezidenti cənab İlham Əliyevin bölgədə çayçılığın, sitrusçuluğun, çəltikçiliyin inkişafı ilə bağlı Lənkəranda keçirdiyi müşavirəsindən sonra bu sahə yenə gündəmdədir. Bəzi ərazilərdə sitrus bağları salınıb. Bazarlarda sitrus bitkiləri – limon, naringi, feyxoa, kinkan, kivi tingləri həvəskarlar tərəfindən yaxşı alınır. Bəzi ərazi nümayəndəliklərinin, məktəb və xəstəxanaların, idarə və təşkilatların həyətlərində sitrus bağları salınır.
Gənclik illərimdən sitrus bitkilərinə marağım olub. Yazın əvvəllərində limon ağaclarının ətirli çiçəkləri, payızda budaqlarda saralan meyvələrə baxmaqdan zövq alıram.
Ömrümün 81-ci pilləsindəyəm. Bu gün də həyətimdəki istixanalarda limon, mandarin yetişdirirəm. Sitrus bitkiləri körpə uşaq kimi zərif və incədir. Bu ağacları yayın istisindən, qışın sazağından, xəstəliklərdən qorumağı bacarmalısan. Bu zaman ağacların ən incə ehtiyacları ödənməlidir.
Sitrus bitkilərinə bir sıra xəstəliklər ziyan vurur. Yazın əvvəlində üstü açılanda pas xəstəliyinə qarşı dərmanlanmalıdır. Bu zaman istixanaların üstü tam açılmamalıdır. Bitkilərin havalandırılması üçün ətrafı açıq qoyulmalıdır ki, mühitə tədricən alışsın. Qışda isə istixanalar örtüləndən sonra ayda ən azı 2 dəfə suvarılmalıdır.
Yazda isə suvarmaların sayını artırmaq vacibdir. Sitrus bitkiləri suya tələbkar olsa da norma gözlənilməlidir. Çünki suda çox qalan köklər çürüyə bilər. Bitkilərin üstü tam açıldıqdan sonra dibinə üzvü gübrə – çürümüş peyin verilib suvarılmalıdır.
Sitrus bitkiləri – limon, naringi min bir dərdin dərmanıdır. Saralan meyvələri seyr etmək adamda xoş ovqat yaradır. Gəlin bu gözəl neməti qoruyaq və artıraq.

Keçidlər