Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Masallıda

14 fevral 2019 | 16:00

14 fevral 2019-cu il tarixdə Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley və başçılıq etdiyi nümayəndə heyəti – səfirliyin ikinci katibi Maykl Fennin, səfirliyin əməkdaşı Sənan Süleymanov Masallıda rəsmi səfərdə olub. 
Səfər çərçivəsində Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşüb.
Masallı Rayon İcra Hakimiyyətində RİH başçısı cənab Rafil Hüseynov nümayəndə heyətinə Azərbaycanın ən çox əhalisi sıx (226 min nəfər, sıxlığı 1 kvadrat kilometrə görə 115 nəfər, şəhər üzrə isə 315 nəfər) və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, həmçinin mədəniyyəti, turizm, yeni yaradılan Masallı Sənaye Məhəlləsi, Masallı Dövlət Regional Kolleci, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, 2018-cı ilin sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonuna səfəri çərçivəsində bir sıra açılışlar edib.
Masallı RİH başçısı cənab Rafil Hüseynov bildirib ki, Masallıda qadınların fəaliyyət imkanları genişlənir. Məhz ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən və Azərbaycan Hökuməti ilə tərəfdaşlıq çərçivəsində BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən idarə olunan bu qurumlar və bizim köməyimizlə Masallı rayonunda artıq 51-dən çox qadın öz biznesini qurub və onların ailələrinə dəstək göstərilir. Olduğunuz Çaxırlı ərazisində də bu yönümdə nəticələr uğurlu alınır. Bütün bunların ərsəyə gəlməsində bizimlə yanaşı AzKİL və yerli icmanın dəstəyi də qeyd edilməlidir.  Hişkədərə kəndində bu istiqamətdə məqsədyönlü işlər davam edir. Maraqlıyıq ki, hər kənddə, hər ərazidə bu cür layihələrə imza ataq. Hər yaşayış məntəqəsində biznesyönümlü kooperasiyalar yaradaq.
Artıq çox qadın öz  xırda biznesini böyütməklə yanaşı bu işi başqa qadınlara öyrədirlər. Azərbaycanda ilk ABAD (Ailə Biznesinə Asan Dəstək) layihəsi Masallıda gerçəkləşib. Bu xəttlə yeni istehsal sexləri yaradılır. Bu gün bizim  "ABAD"ın məhsullarına hava limanında, “Bravo Supermarket” lər şəbəkəsində  da rast gəlinir. Hələ bu başlanğıc mərhələdir. Qadınlar maraq göstərir. İri layihələr reallaşdırmaq əzmindədirlər. Möntərəm Prezidentimiz cənab İlham Əliyev Masallı rayonuna səfəri zamanı açılışını etdiyi Sənaye Məhəlləsində qadınlar üçün Xalçaçılıq mərkəzi yaradılır. 150 nəfərin çalışacağı Xalçaçılıq fabriki bu il istifadəyə veriləcək. Burada təlim kursları fəaliyyət göstərir. Sənaye Məhəlləsində mebel istehsalı ilə məşğul olan qadın sahibkarlarımız da var.
Turizm imkanlarımız da böyükdür. Səfalı yerlərimiz var. Masallıda turizm şəhərciyi salınacaq. Bu istiqamətdə peşəyönümlü hazırlıqlara başlanılıb. Regional Turizm Kollecinin fəaliyyəti ixtisaslı kadrların formalaşmasında əhəmiyyət kəsb edir. Bu sahədə qadınlara üstünlük verilir.
Cənab Filip, təşəkkür edirik ki, vaxt ayırıb Masallı ilə qismən də olsa tanış ola bildiniz. Diqqətinizə çatdırıram ki, kəndlərimizdə qazlaşma bu il 100 faizə çatacaq. Artıq 97 faizi tamamlanıb. Qadınların məişət probleminin aradan qalxmasında bu məsələ xüsusilə önəmlidir. Kəndarası yollar 85 faiz asfaltlanıb. Elektrik təsərrüfatı çox sürətlə yenilənir. Rayon ərazisi 20 faiz SİP kabelləşib, abonentlər yeni SMART kartlarla təchiz edilib. 52 məktəb, 20 səhiyyə müəssisəsi, o cümlədən 240 yerlik Rayon Mərkəzi xəstəxanası, 2 ərazi xəstəxanası, Vərəm dispanseri və s. ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir olunaraq müasir standartlara uyğun şəkildə hər cür avadanlıqlarla təchiz edilib. Alternativ təbabət olaraq Bioloji Təbabət Klinikası fəaliyyət göstərir. Bu səhiyyə ocağında Almaniyanın tibbi təcrübəsi tətbiq olunur.
Təhsilə, salamlığa diqqət öncül ideyalarımızdandır. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tövsiyə etdiyi kimi: “Azərbaycanda yetişməkdə olna nəsil sağlam və savadlı böyüməlidir.” Masallıda Olimpiya İdman Komleksi, Boks, Taekvondo, Cüdo Mərkəzləri fəaliyyət göstərir. Avropa, Dünya çempionlarımız var.
Geniş iqtisadi imkanlara malik ölkəniz var. Təkcə onu deyim ki, İngiltərənin bir çox mərkəzi şəhərləri kimi Londonun mərkəzindəki 32 hektarlıq ərazidə böyük, unikal topdansatış mərkəzi fəaliyyət göstərir. İndi Azərbaycanda da bu sistem qurulub.
Bizim keyfiyyətli, qatqısız düyülərə də bu gün tələbat var. Prezident cənab İlham Əliyevin Masallıya səfəri zamanı müasir standartlara uyğun avadanlıqlarla təchiz edilmiş Çəltik emalı müəssisəsinin açılışı olub. Pakistandan, Hindistandan Böyük Britaniyaya bu məhsul idxal olunsa da tam təbii, xoş ətirli Masallı düyüsünə hər zaman ehtiyac duyulur. Alıcılarla kontrakt qura bilməməyimiz və s. məsələlərdən ötrü bu sahədə əməkdaşlığa ehtiyacımız var.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley isə ön növbəsində qeyd edərək bidirdi  ki, bizi xoş qarşıladığınıza, ətraflı izahata, maraqlı söhbətə görə Sizə minnətdarlığımı bildirirəm.  Cənab səfirimiz, xanım Karol Kroftsun salamlarını Sizə çatdırıram.
Ailənin sağlam və xoşbəxt olması əsas ideologiyadır. Xüsusilə qadınları diqqət mərkəzində saxlamaq gözəldir. Bir neçə səbəbə görə bu ağıllı strategiyadır: Kənd əhalisinin işlə məşğulluğu təmin olunur. Böyük Britaniyada aparılan tədqiqatlar göstərir ki, qadın işləyirsə, şəxsi gəliri varsa, demək ailə yaxşı yaşayır. Bir də ki, qadınlar bir yerdə olanda daha uğurlu addımlar atırlar.
Təkcə qadın siyasətilə bağlı deyil, gördüklərimə rəğmən deməliyəm ki, Masallıda digər sahələr üzrə də hiss olunacaq irəliləyişlər nəzərimizdən qaçmadı.
Etiraf etməliyəm ki, buradakı təcrübədən biz də yararlanmalıyıq. Sözün həqiqi mənasında iş təcrübəniz öyrənilməlidir. Təkcə elə qadınlarla bağlı atdığınız uğurlu addımlar təqdirəlayiqdir. Biz Britaniyada heç də buna nail ola bilməmişik. Təkcə bir faktı deyim ki, keçən il ölkəmizdə qadın və kişi jurnalistlərin eyni miqdarda əmək haqqı alması böyük söz-söhbətə, qalmaqala səbəb olmuşdu. Çaxırlı kəndindəki tədbirdən və Masallı şəhərindən  aldığım təəssüratlar yaddaqalan oldu. İlk növbədə yerli məhsullarınız – təndir çörəyi, halva, cürbəcür şirniyyatlar, ləvəngi kimi nemətləriniz çox dadlıdır. Sizin kənd təsərrüfatı məhsullarınız orqanik və dadlıdır. Mənim xoşladığım gül kələmi xüsusilə ləzzətlidir. Bu, hazırda müştərisi bol olan məhsuldur.
Kənd təsərrüfatı nazirliyi ilə əməkdaşlığımızı daha da intensivləşdirmək istəyirik. Nazirlərimiz bu sahədə təcrübələrini bölüşməlidirlər. Azərbaycan hökümətinin yüksək rəsmiləri – Təhsil, Ekologiya nazirlikləri, eləcə də AzərKosmos və s. ilə əməkdaşlığımız var.
Rəsmi görüş zamanı Böyük Britaniya səfirinin müavini Filip Barkley Masallıdakı görüşündən məmnun qaldığını bildirib. F.Barkleyə Masallıdan xatirə hədiyyələri təqdim olunub.

Keçidlər