Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda qısa müddətdə 25 min nəfər kütləvi tibbi müayinələrdən keçib

18 fevral 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallı rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam etdirilir.

Tibbi müayinələr əsaslı təmirdən sonra istifadəyə verilən Masallı Rayon Mərkəzi Xəstəxanasında, Boradigah qəsəbə və Kolatan kənd sahə xəstəxanasında təşkil olunub. Bu məqsədlə rayonda iki səyyar həkim briqadası yaradılıb.
Aksiya zamanı rayon sakinləri yüksəkixtisaslı, təcrübəli həkimlər tərəfindən hərtərəfli tibbi müayinə olunur. Məqsəd əhalinin sağlamlığının qorunması, baş verə biləcək xəstəliklərin vaxtında aşkar edilməsi, müalicəsi və profilaktikası işlərini yerinə yetirməkdən ibarətdir.
Masallı Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Rasim Əzizov  humanitar aksiyanın başlandığı gündən – fevralın 12-dən indiyədək rayonda 25 minə yaxın sakin tibbi müayinələrdən keçdiyini bildirmişdir.
Tibbi müayinələr zamanı xəstəlik aşkar olunan vətəndaşlardan 430 nəfəri ambulator, 15 nəfəri stasionar müalicəyə cəlb olunub. Xəstələrdən 24 nəfəri isə Bakının ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Rayon sakinləri əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə humanitar aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildirirlər.
Qeyd edək ki, mayın 12-nə kimi davam edəcək humanitar aksiya zamanı rayon əhalisinin 149 min nəfəri tibbi müayinələrdən keçəcək.

Bağır Əliyev  - azertag.az

Keçidlər