Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü qeyd olundu

19 noyabr 2013 | 16:00

 

Noyabrın 18-də Masallı şəhərində Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın yaranmasının ildönümü ilə bağlı məruzə etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi və demokratiyanın bərqərar olmasında mühüm rol oynamışdır.
Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyasında ulu öndər Heydər Əliyevin missiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2013-cü ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində İlham Əliyevin növbəti parlaq qələbəsi həm də YAP-ın zəfəridir.
Diqqətə çatdırılmışdır ki, bu gün ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası öz sıralarında 600 mindən artıq üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan inamın ifadəsidir.
Toplantıda çıxış edən YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Aslanova partiyanın şərəfli mübarizə tarixindən, ümummilli lider Heydər Əliyevin doğma xalqı qarşısında misilsiz xidmətlərindən, partiya sıralarında qadınların səmərəli fəaliyyətindən danışmışdır.
Millət Məclisin deputatı Nəriman Əliyev bildirmişdir ki, bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olmuşdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının xidmətlərindən ətraflı bəhs edərək demişdir ki, YAP-ın hakim partiya olduğu illərdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunmuşdur. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır onun beynəlxalq aləmdə yeri və nüfuzu getdikcə artır.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş partiya üzvlərinə üzvlük vəsiqələri, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvünə fəxri-fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər