Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon icra hakimiyyəti yanında Şura iclası

01 mart 2019 | 16:00

     01 mart 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında geniş şura iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların Masallı rayonunda icra vəziyyəti barədə məsələ  müzakirə edilmişdir.

      Yığıncağı açan Masallı RİH başçısı cənab Rafil Hüseynov  qeyd etmişdir ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlər Azərbaycan Respublikasının bütün vətəndaşları kimi Masallı sakinləri tərəfindən də çox böyük sevinc və minnətdarlıqla qarşılanmışdır.
     Masallı RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə bir sıra Sərəncam və Qərarlar qəbul edildiyini bildirmişdir:
1. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti 28 yanvar 2019-cu il tarixli 489 nömrəli Fərman imzalamışdır.
Şəhid vərəsələrinin bir hissəsinin əvvəlki dövrlərdə sığorta almasına baxmayaraq cənab Prezidentin müvafiq sərəncamına əsasən həmin vərəsələr də daxil olmaqla ümumilikdə 12 mindən çox şəhid ailəsinin hər birinə 11 min manat vəsaitin ödənilməsi işlərinə başlanılmışdır. Masallı rayonunda yaşayan şəhid ailələri ilə bağlı Fərmanın icrasına başlanılmış və dəqiqləşdirilmələr aparılır. HazırkivaxtadəkMasallı rayonu üzrə 143 şəhid vərəsəsi birdəfəlik müavinət almaqdan ötrü müvafiq sənədləşmə işlərini aparmışdır. Bunlardan 26 şəhid vərəsəsi 11 min manat vəsaitlə təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
2. “ Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti 28 yanvar 2019-cu il tarixli 907 nömrəli Sərəncam imzalamışdır.
1997–2018-ci illər ərzində dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6500-dən çox mənzil verilmişdir. Bu müddət ərzində Masallı rayonunda 76-sı çoxmənzilli binada olmaqla, ümumilikdə 88 Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin olunmuşdur. Qeyd olunan sərəncamla bağlı rayonda müvafiq tədbirlər həyata keçirilir. Hazırda bu kateqoriyadan olan 7 vətəndaş üçün fərdi yaşayış evlərinin tikintisi ilə əlaqadar sənədləşmə işlərinə başlanılmışdır.
3.“Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti 7 fevral 2019-cu il tarixli 933 nömrəli Sərəncam imzalamışdır. Bu Sərəncam ölkə üzrə 1,318,434 nəfəri əhatə edəcəkdir
Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması istiqamətində işlərə başlanılmışdır. Qeyd olunan Sərəncam Masallı rayonu üzrə 26134 nəfər əmək pensiyaçısına şamil olunaraq rayon üzrə aylıq ödənilən pensiyanın məbləği 4,845,595 manata çatdırılmışdır. Bu da əvvəlki ödənilən pensiyaya nisbətdə aylıq 135,831 manat, illik isə 1,629,972 manat çoxdur.
Bundan əlavə Masallı rayonu üzrə 8372 nəfərin əmək pensiyası 116 manatdan           160 manata çatdırılaraq aylıq ödəniş 1,151,668 manat olmuşdur. Bu da əvvəlki ödənilən pensiyaya nisbətdə aylıq 187,850 manat, illik isə 2,254,200 manat artım deməkdir.
4.“ Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti 8 fevral 2019-cu il tarixli 937 nömrəli Sərəncam imzalamışdır.
Bundan əvvəlki dövrdə minimum əmək haqqı ölkə üzrə 130 manat olmuşdur. Cənab Prezident İlham Əliyevin məlum sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 50 manat artırılaraq 2019-cu il mart ayının 1-dən etibarən 180 manat müəyyən edilmişdir. Bu da ölkə üzrə 600000 nəfərə şamil olunacaqdır.
Masallı rayonu üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda minimum əməkhaqqı ilə çalışan 3135 nəfərin əməkhaqqısı 01.03.2019-cu il tarixdən 180 manata çatdırılacaqdır.
5.“Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidenti 14 fevral 2019-cu il tarixli 960 nömrəli Sərəncam imzalamışdır. İlkin mərhələdə bu sərəncamdan ölkə üzrə 404279 tələbə faydalanacaqdır.
Sərəncama əsasən ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılmış və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulmuşdur.
Masallı rayonunda fəaliyyət göstərən Regional Kollecdə təhsil alan 456 tələbədən        234 nəfəri təqaüd alır. Qeyd olunan sərəncamdan sonra təqaüd alan tələbələrin aylıq təqaüdləri müvafiq olaraq 42 manatdan 50 manata, 48 manatdan 60 manata və 60 manatdan 75 manata çatdırılmışdır. Bundan əlavə Masallı Peşə məktəbində təhsil alan 71 tələbənin təqaüdü də 42 manatdan 50 manata çatdırılmışdır.
6.Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında Azərbaycan Respublikası Prezidenti 26 fevral 2019-cu il tarixli müvafiq Sərəncam imzalamışdır.
Qeyd olunan Sərəncama əsasən məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprel ayının 1-dən 50 faiz artırılacaqdır.   Masallı rayonunda məskunlaşmış bu kateqoriyadan olan 49 ailə olmaqla 174 nəfər ailə üzvləri də artımdan yararlanacaqdır.
7.“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti 25 fevral 2019-cu il tarixli Sərəncam imzalamışdır.
Məlum sərəncama əsasən yaşa görə sosial müavinətin məbləği 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləği 150 manata, ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 80 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına sosial müavinətin məbləği 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləği 100 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata, uşağın anadan olmasına görə sosial müavinətin məbləği 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləği 300 manata çatdırılmışdır.  
Bundan əlavə müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılmışdır.
Masallı rayonu üzrə bu kateqoriyadan olan 10366 nəfərin sosial müavinəti artırılaraq aylıq ödəniş 1,363,330 manat olmuşdur. Bu da əvvəlki ödənilən sosial müavinətə nisbətdə aylıq 597,962 manat, illik isə 7,175,544 manat artım deməkdir.
8.“Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti 21 fevral 2019-cu il tarixli müvafiq Sərəncam imzalamışdır.
Azərbaycan Əfqanistan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Əfqanistan Veteranları İctimai Birliyinə 1,0 (bir) milyon manat vəsait ayrılmışdır.
Masallı rayonunda 49 nəfər Əfqanistan veteranının aylıq müavinətinin 55 manatdan 80 manata çatdırılması nəzərdə tutulmuşdur. Bu da aylıq olaraq 1225 manat, illik isə 14700 manat artım deməkdir.
9.“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərman imzalanmışdır.
Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir.
Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılmışdır ki, bu da öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir. Əhalini narahat edən ən ciddi problemlərdən biri olan mənziilrəin sənədləşdirilməsi məlum sərəncamdan sonra həllini tapacaqdır.
Masallı rayonunda çoxmənzilli yaşayış binalarının tikintisi zamanı sənədləşmə işləri aparılarkən sərəncamda nəzərdə tutulan məsələlər rayon İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həyata keçiriləcəkdir.
10.Bundan əlavə əhalini ən çox narahat edən məsələrdən biri problemli kreditlədir.   Belə ki, 2015-ci ildə manatın devalivasiyası ilə bağlı əhali tərəfindən banklardan xarici valyuta ilə götürülmüş kreditlərin ödənilməsi əhali ilə banklar arasında ciddi problemlərin yaranmasına səbəb olmuşdur.
Bu problemin birdəfəlik aradan qaldırılması məqsədi ilə 28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Fərman imzalanmışdır.
Fərman iki hissədən ibarətdir və ümumilikdə təxminən 831 min insanı əhatə edir.
Birinci hissə baş vermiş devalivasiyadan sonra əhaliyə dəymiş ziyanı kompensasiya edir və təxminən 390 min insanı əhatə edəcəkdir.
Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) , 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi hesablanması nəzərdə tutulmuşdur.
Fərmanın ikinci hissəsi isə devalivasiya və valyuta krediti ilə bağlı olmayan, lakin 1 ildən çox gecikdirilmiş problemli kreditlərlə bağlıdır. Bu Fərmandan borcunu qaytara bilməyən 440 min insan fadalana biləcək. Belə ki, 1 ildən çox problemli krediti olan vətəndaşın bütün borcları silinəcək, məhkəmə işləri qaldırılacaq və ona öz borcununun ana məbləğini ödəmək üçün 5 il vaxt veriləcək.
Qəbul olunmuş Fərmana əsasən fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsi, borcların bir qisminin dövlət tərəfindən qarşılanması, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmısının təklif edilməsi, həmçinin problemli kreditlərlə bağlı məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən bəndlər nəzərdə tutulmuşdur. Bu məqsədlə dövlət tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 897 milyon manat məbləğinədək güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə vətəndaşların sosial işlərə cəlb edilməsinə başlanılmış və bu layihə çərçivəsində Masallı rayonu üzrə 720 nəfərin 180 manat əmək haqqı ilə sosial işlərə cəlb olunması nəzərdə tutulur. Hazırki vaxtadək 535 nəfər işlə təmin edilmiş və prosses davam etdirilir.
      Məruzə ətrafında müzakirələrdə rayon ƏƏSMN yanında DSMF Masallı  rayon şöbəsinin müdiri Ərzuman Hüseynov, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, Masallı məşğulluq Mərkəzinin direktoru Elsevər İmamyarov və başqaları çıxış etmişlər.
      İclası yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R. Hüseynov nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
     Şura iclasında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.

Keçidlər