Masallıda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd olunmuşdur
Martın 27-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüldükdən sonra mərasim başlanmışdır.
Tədbir başlanmazdan əvvəl Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə videoçarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bildirmişdir ki, bu gün ölkəmizin Dövlət Təhlükəsizliyi Xidməti orqanları sabitliyin və təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin düzgün və ciddi şəkildə aparılması Azərbaycanın inkişafına mühüm töhfə verən amillərdir. Dövlət Təhlükəsizliyi Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti ilə tarixinin şərəfli səhifələrini yazır, Vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir.
Mərasimdə bayram nitqi ilə çıxış edən DTX-nın Masallı rayon şöbəsinin rəisi Fuad Əliyev bildirmişdir ki, Azərbaycan təhlükəsizlik orqanları şərəfli bir inkişaf yolu keçmişdir. 1919-cu il martın 28-də ADR-in kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi yaradılan xüsusi bölmə öz fəaliyyətinə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və azərbaycanlılara qarşı soyqırımı siyasətinin, ölkə daxilində müxtəlif təxribatların qarşısının alınması ilə başladı. Ulu öndərimiz Heydər Əliyev təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə xüsusi xidmət orqanlarının Azərbaycanın gələcəyinə hesablanmış milli təməllər üzərində formalaşdırılması, xalqımızın milli maraqlarının qorunması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirdi.
Natiq daha sonra bildirdi ki, ölkəmizdə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Ermənistanın hərbi təcavüzü, separatizm və dövlətçiliyin itirilməsi təhlükəsi ilə, dərin siyasi-iqtisadi böhranla, qanunsuz silahlı dəstələrin və cinayətkar qrupların tüğyan etməsi ilə üzləşdi. Məhz belə bir şəraitdə ulu öndərimiz Heydər Əliyev xalqın təkidi ilə siyasi rəhbərliyə qayıtdı. Yalnız bundan sonra ölkə vətəndaş müharibəsindən xilas edildi, qanunçuluğun və ictimai-siyasi sabitliyin bərpasına nail olundu, demokratik, hüquqi dövlətin bünövrəsi qoyuldu.
Ulu öndərimiz ölkəmizin milli maraqlarının qorunmasında təhlükəsizlik orqanlarının əhəmiyyətini nəzərə almış, onların fəaliyyətinə daim xüsusi diqqət və qayğı ilə yanaşmış, eyni zamanda müstəqil Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas prioritetlərini müəyyən etmişdir. Bütün bunlarla yanaşı, dahi şəxsiyyət xüsusi xidmət orqanlarının fəaliyyətində köklü islahatlar həyata keçirmiş, kadr potensialının daim yeniləşdirilməsi üçün Milli Təhlükəsizlik Akademiyasını təsis etmişdir.
Natiq çıxışının sonunda vurğulamışdır ki, hazırda dövlət başçımız, Azərbaycan Respublikasının Prezidenti cənmab İlham Əliyev də Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının fəaliyyətinə xüsusi qayğı ilə yanaşır, bu qurumun daha da gücləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir. Məhz bunun nəticəsidir ki, bu gün təhlükəsizlik orqanları Azərbaycanın siyasi-iqtisadi maraqlarının təmin olunmasında, Konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Bu uğurlar özünü xarici qüvvələrin ölkəmizə qarşı yönəlmiş destruktiv fəaliyyətinin qarşısının alınmasında daha çox göstərir.
Tədbirdə çıxış edən Masallı rayon polis şöbəsinin rəisi Habil Əmiraslanov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı (MƏSQVT) Masallı şöbəsinin sədri Məmmədağa Şiriyev, Qizilavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbbərova, RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanov Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının əməkdaşlarının öz fəaliyyətlərini bundan sonra da gücləndirəcəklərini, taleyüklü vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəklərini bildirmişdir.
Mərasimə yekun vuran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının əməkdaşlarını bir daha yubiley münasibətilə təbrik etmiş, onlara işlərində yeni-yeni nailiyyətlər arzulamış, nazirliyin rayon şöbəsinin bir qrup əməkdaşı -
Rasim Nəsirov, Fərid Əlimərdanov və Qədim Mustafayev Fəxri fərman, habelə qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.