Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Aprel döyüşçünün şəhidlik zirvəsi

02 aprel 2019 | 16:00

Şəhidlik zirvəsinə yüksəlmiş igidlərimiz unudulmur, daim yad edilir, adı uca tutulur. Belə şəhidlərimizdən biri Masallı rayonunun Viləş kəndində - doğulduğu torpağa qovuşan Nurlan Bayram oğlu Əsgərlidir.

Onun 21 yaşı vardı. 2015-ci  ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurmuşdu. Vətən sevgisi onu hərbi işə bağladığından müddətdən artıq xidmət etməyə başladı. Bacarığı və insani keyfiyyətləri ilə komandir və əsgər heyətinin rəğbətini qazanmışdı. Aprelin əvvəllərində ermənilərin təxribatının qarşısını alarkən Nurlan qəhrəmancasına həlak oldu. Bütün şəhidlərimiz kimi ümumxalq coşqusu, böyük sayğı ilə torpağa tapşırıldı. Dövlətimiz, xalqımız şəhidin ailəsinə mənəvi dəstək oldu, onun adının əbədiləşdirilməsi üçün müəyyən işlər gördü. N.Əsgərlinin böyüyüb boya-başa çatdığı Kalinovka kəndinin əsas küçəsinə onun adı verildi, barelyefi və xatirə lövhəsi vuruldu.
Şəhidin anım mərasiminə bütün el-oba toplanmışdı. Masalli Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, Milli Məclisin deputatları, şəhidin xidmət etdiyi hərbi hissənin nümayəndələri də gəlmişdi. Kalinovka və ətraf kəndlərin əhalisi, şəhid əsgərin müəllimləri, dostları, gənclər, habelə məktəblilər də mərasimdə iştirak edirdilər. Azərbaycanın üçrəngli bayrağını dalğalandıran gənclər və məktəblilər: “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndirdilər, şəhidlərimizin qanının yerdə qalmayacağına and içdilər, tezliklə Vətən torpaqlarının düşmən tapdağından azad olacağına inamlarını ifadə etdilər.
Şəhidlik zirvəsinə yüksəlmiş Nurlan Bayram oğlu Əsgərlinin xatirəsi əbədidir. Vaxtaşırı onun şərəfinə Masallıda, təhsil aldığı Viləş kənd məktəbində tədbirlər həyata keçirilir, xatirəsi unudulmur.
Anası  Ziba Əsgərova  oğlu ilə qürur duyduğunu deyir. O, deyir ki, mən övladımın igidliyi ilə qürur duyuram. O vətən uğrunda, torpaq uğrunda, müstəqilliyimiz, bayrağımız yüksəklərdə ucalsın, dalğalansın deyə, özünə borc bildi hərb sənətini seçməyi. Mən həqiqətən övladlarımla qürur duyuram. Onlar özlərini doğrultdular. Hər kim olur-olsun, bu torpaqda, bu vətəndə yaşayırsa, bu torpağına vətəninə layiqli övlad olmalıdır.
Qeyd edək ki, Nurlanın qardaşı İntiqam da hərbçi olub, bir yerdə xidmət ediblər. Şəhid olduğu vaxt onu döyüş meydanından məhz İntiqam çıxarıb. Şanlı Aprel döyüşlərində hər iki qardaş düşmənə qarşı layiqincə döyüşüb.

Keçidlər